“Ulu Öndər Heydər Əliyev vurğulayırdı ki, dövləti iki amil sarsıda bilər – biri günahsız cəzalandırılanda, digəri isə günahkar cəzasız qalanda”
Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutub.
Çıxış üçün söz ittihamçı prokurora verilib. Onun təqsirləndirilən şəxs haqqında ittihamnaməsi səsləndirib.
Sonra hakim özünümüdafiə çıxışı üçün sözü təqsirləndirilən şəxsə verib.
Rasim Quliyev özünü ittiham edildiyi cinayət işi üzrə təqsirli bilmədiyini deyib və ilk olaraq özü haqqında məlumat verərək bildirib ki, 1988-93-cü illərdə ictimai-siyasi proseslərlə əlaqəli tələbə hərəkatının liderlərindən biri olub və qatı Heydər Əliyevçiliyinə görə, eyni zamanda, o dövrdə Ulu Öndərə qarşı təzyiq məqsədilə o dövrkü hakimiyyət tərəfindən Milli Məclisdə müzakirəyə çıxarılan “Yaş senzi”nin əleyhinə mitinqlərin təşkilatçılarından biri kimi müxtəlif vaxtlarda mütəmadi təzyiqlərə, təhdidlərə məruz qalıb, o cümlədən 1992-ci ilin dekabrında həbs edilib, siyasi məhbus həyatı yaşayıb, ölkədə demokratiyanın, insan haqlarının, söz azadlığının bərqərar olması tələbi ilə həbsdə “aclıq aksiyası” keçirib.
Rasim Quliyev eyni zamanda bildirib ki, həbsdə “aclıq aksiyası” keçirən ilk “siyasi məhbus”lardan biri olub. Beynəlxalq təşkilatlar və insan haqlarını müdafiə edən qurumlar “Siyasi məhbus” kimi onun hüquqlarını tanıyıb. 1993-cü ilin fevralında həm beynəlxalq təşkilatların təzyiqi, həm də Ulu Ondər Heydər Əliyevin o dövrkü hakimiyyətə təkidli tələbindən sonra azadlığı bərqərar olunub.
Qeyd olunub ki, irəli sürülən bütün faktlar, həmin dövrdə nəşr edilən qəzetlərin arxivində öz əksini tapıb. O cümlədən, “Səs” qəzetinin 7 dekabr 1992-ci il, № 52 (81) saylı nüsxəsində də bu barədə məlumat çap olunub.
Rasim Quliyev çıxışını davam edərək bildirib ki, o illərdə Yeni Azərbaycan Partiyasının ilkin təşkilatlanmasında iştirak edib və 1999-cu il Yeni Azərbaycan Partiyasının 1-ci Qurultayından 7-ci Qurultayınadək Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü seçilib. 1996-2001-ci illərdə “Səs” qəzetində, müxbir, siyasət şöbəsinin müdiri, baş redaktorun müavini, eyni zamanda YAP-ın Mərkəzi Aparatında “Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş” şöbəsində təlimatçı işləyib, siyasi partiyaların Məşvərət Məclisinə YAP-ın təmsilçisi kimi sədrlik edib.
O, 2000-ci il Azərbaycan Respublikasının Milli Məclisinə II çağırış seçkilərində 29 saylı Səbail Seçki dairəsinə sədrlik etdiyini də xatırladıb. “Ulu Öndərin tapşırığı ilə Bakı şəhər İcra Hakimiyyətinə işə dəvət olunmuşam. 2001-ci ildən 2018-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə işləyib, 2010-2018-ci illərdə isə həmin qurumun Aparat rəhbəri vəzifəsini icra etmişəm. İşlədiyim müddətdə Cənab Prezident tərəfindən şəhərin abadlığı, quruculuğu ilə bağlı verdiyi bütün tapşırıqların icrasını sədaqətlə yerinə yetirmişəm. Xidmətlərimə görə cənab Prezident tərəfindən 2015-ci il 22 iyun tarixli 1282 Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşam. 2018-ci ildə öz ərizəm ilə tutduğum vəzifədən azad olunmuşam”, deyən Rasim Quliyev həmin vaxtdan SƏS Media Qrupunun tərkibində fəaliyyət göstərən Səs İnformasiya Agentliyində direktor vəzifəsində çalışaraq, geniş oxucu auditoriyasına qərəzsiz, obyektiv informasiya verilməsini təşkil etdiyini özünümüdafiə çıxışı əsnasında vurğulayıb.
Rasim Quliyev paralel olaraq, “RESURS” Analitik İnformasiya Mərkəzi İctimai Birliyini yaradıb dövlətçilik ideologiyasının təbliğinə, cənab Prezident tərəfindən həyata keçirilən siyasətin geniş ictimaiyyətə çatdırılmasına töhfə verdiyini də qeyd edərək deyib ki, mərkəzin rəhbəri kimi, ölkə gündəmində olan müxtəlif siyasi hadisələrə və proseslərə analitik ekspert qismində siyasi şərhlər verib, həm də rəhbərlik etdiyi mərkəz vasitəsi ilə cəmiyyətdə baş verən neqativ hadisələrin, problemlərin tədqiqatını, araşdırmasını və analizini aparıb. Belə ki, “Resurs” Analitik Mərkəzi bu gün də fəaliyyətini davam etdirməkdədir.
O, xatırladıb ki, 2019-cu ilin aprel ayından isə YAP Mərkəzi Aparatında ideoloji sahədə işləyirdi.
Rasim Quliyev qeyd edib ki, işlədiyi müxtəlif vəzifələrdə məqsədi yalnız vətəndaşların məmnunluğunu təmin etmək və dövlətə sədaqətlə xidmət etmək olub. Bu baxımdan, onun haqqında irəli sürülən ittihamların heç biri qəbuledilən deyil. “Barəmdə irəli sürülən ittihamlara gəldikdə isə qeyd edim ki, Azərbaycan Respulikası CM-in 308.2 və 314-2.3 maddələri ilə mənə verilmiş ittihamlarda özümü birmənalı təqsirli bilmirəm. Mən Bakı şəhər İcra Hakimiyyəti başçısının 6 yanvar 2011-ci il tarixli əmrinə əsasən Bakı şəhər İcra hakimiyyəti Başçısı Aparatının rəhbəri vəzifəsində işləmişəm. İşlədiyim dövr ərzində özümü nümunəvi dövlət qulluqçusu kimi təsdiq etdirmişəm və məhz buna görə də dövlət qulluğunda öz vəzifə ranqıma görə yüksək dövlət təltifi olan medalla təltif olunmuşam”, deyə o, özünümüdafiə çıxışında vurğulayıb və bildirib ki, bu ittiham aktı boş və mənasız söz yığınından ibarətdir, belə ki, irəli sürülmüş ittihamlar absurd mahiyyətdə cəfəng və hüquq elmi üçün rasionalizmi inkar edəcək səviyyədə mənasız versiyalardan təşkil olunmuşdur.
Rasim Quliyev qeyd edib ki, onun sərəncamına qədər, yəni 2018-ci ilin may ayının 31-ə qədər FF-2011 MTK-ya aid bütün sənədlər artıq imzalanmış və verilmişdi. Eyni zamanda, 2012-ci ildəki sərəncam, inşaat pasportu və 2015-ci ildə tikintiyə başlanılması üçün xüsusi nişan verilib, eləcə də bütün qurumlardan rəylər və ekspertiza icazələr alınıb. O cümlədən, FHN-dən, “Azərtikintilayihə” DLİ-dən, Mədəniyyət Nazirliyindən rəylər alınmışdır. O öz arqumentini məhz bu sənədlərlə əsaslandırıb. Beləliklə, məlum olub ki, FF-2011 MTK-ya tikintiyə icazə üçün xüsusi nişan verilib, MTK 2015-ci ildə işə başlayıb və Rasim Quliyev bildirib ki, bu sənədlərlə bağlı onun fəaliyyətinin heç bir əlaqəsi yoxdur.
O, bildirib ki, 48 nömrəli MKİS-in 2017-ci il aktında da təsdiq olunur ki, Dilarə Əliyeva 141 ünvanındakı bina onun sərəncamından qabaq qəzalı olub və bu faktı sübut edən sənədlər var. Eyni zamanda, “Azərtikintilayihə” DLİ-nin eyni məzmunda 14 oktyabr 2017-ci ildə aktı vardır. Həmçinin binanın qəzalı vəziyyətdə olması, bir divarının aşması ilə bağlı 14 oktyabr 2017-ci ildə sosial şəbəkələrdə videokadrlar və məlumatlar paylaşılıb.
Xatırladaq ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmışdır.
Qeyd edək ki, növbəti məhkəmə prosesi hakim Faiq Qəniyevin sədrliyi ilə avqustun 30, saat 11:30-a təyin olunub.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB