Taliban Mərkəzi Asiya və Yaxın Şərq ölkələrini birləşdirir? ANALİTİKA+AKTUAL

Taliban Mərkəzi Asiya və Yaxın Şərq ölkələrini birləşdirir? ANALİTİKA+AKTUAL

Regional dövlətlərin bir araya gəlməsinə zəmin yaranıb

Səudiyyə Ərəbistanı ilə İran arasında davam edən və uzun illərə söykənən qarşıdurmalardan sonra ölkələr arasında müəyyən əlaqələr yaranmağa başlayıb. Çoxillik fikir ayrılıqlarının aradan qaldırılmasına səbəb isə Taliban silahlı hərəkatının (bir çox ölkələrdə terror təşkilatı kimi tanınır və qadağan olunub – R.R.) aktivləşməsi, xüsusilə Mərkəzi Asiyada və Yaxın Şərq zonalarında həri-siyasi diktələr etmək cəhdləri artıqca, nəinki Səudiyyə Ərəbistanı ilə İran, eləcə də digər münasibətləri soyuq olan region ölkələrini bir araya gətirə bilər.

Əbəs deyil ki, Yaponiyanın nüfuzlu “Nixon keydzay sumbun” nəşri də bu mövzuda analitik məqalə ilə çıxış edərkən qeyd edib ki, İranla Səudiyyə Ərəbistanının Yaxın Şərqin güclü ölkələri olmalarına diqqət yetirib və taliblərin onlar üçün ümumi təhlükə yaratdığını yazıb.

İraqda keçiriləcək beynəlxalq konfrans nə vəd edir?

Bu arada, ABŞ-ın İraqdan da ordu hissələrini çıxarmaq planlarının ortaya çıxması adıçəkilən ölkələrin daha da yaxınlaşmasına şərait yaradır. Bu, həm İranın, həm də Səudiyyə Ərəbistanının regiondakı hakimlik vakkumunun möhkəmləndirilməsi üçün də vacibdir. Təbii ki, İraq da özünü sığortalamaq üçün regiondakı bir sıra ölkələrlə işbirliyinə getmək niyyətini gizlətmir. Misal üçün, İraq bu ay həm İranı, həm də Səudiyyə Ərəbistanını Bağdadda keçiriləcək konfransa dəvət edib. İranın yeni prezidenti İbrahim Rəisi artıq İraq baş naziri Mustafa əl-Kadimiyə konfransda iştirak edəcəyinə söz verib.

Bundan əlavə, İraq İran və Səudiyyə Ərəbistanı ilə paralel olaraq konfransa Türkiyənin də cəlb ediləcəyi proqnozlaşdırılır. Belə ki, Türkiyə regionun əsas söz sahiblərindən biri olması ilə yanaşı, həm də qərarların verilməsində öz üstünlüyünü qoruyub-saxlayır. Həmçinin, Birləşmiş Ərəb Əmirliklərinin, Qətərin və Misirin də yüksək rütbəli dövlət məmurları konfransda iştirak edəcəklər. Bu ölkələr artıq cari ilin aprelində ən yüksək səviyyədə dialoq aparmaq barədə razılıq əldə ediblər.

Beləliklə, əsas mövzu Əfqanıstan olacaq. Çünki Talibanın hakimiyyəti ələ keçirməsi Mərkəzi Asiyada və Yaxın Şərqdəki radikal islamçı qrupları da hərəkətə gətirib.

İran və Səudiyyə Ərəbistanı 2016-cı ildə münasibətlərini dondurublar - bu don açılacaqmı?

Onu da qeyd edək ki, İranın prezidenti Rəisi ABŞ-ın gedişindən sonra Əfqanıstanın bərpasına dəstək verəcəyini bu həftə bəyan edib. Bəyan olunub ki, İran Talibanın artan təsirindən hədsiz narahatdır. Tehran hərəkatın ekstremist ideologiyasını qınayır, xüsusilə qadınların evdən kənar fəaliyyətlərinə qadağasını – təhsil almalarının, çalışmalarının qarşısının alınmasını və s. halları pisləyir. Belə ki, İranın özü İslam Respublikası olaraq 1979-cu il inqilabından sonra qadınların cəmiyyətin həyatındakı roluna geniş şərait yaradır.

Xatırladaq ki, Taliban islamın sünni məzhəbinin radikal formasını həyata keçirir və Səudiyyə Ərəbistanının idarəçiliyində də bu kimi vasitələr mövcuddur. O cümlədən, Səudiyyə Ərəbistanı 11 sentyabr terror hücumlarına qədər əfqanıstandakı Taliban idarəçiliyini dəstəkləyirdi. Lakin indi şahzadə Məhəmməd ibn Salman ölkəsində modernləşdirmə siyasəti aparır və ehtimal var ki, bu siyasət ölkədəki radikal görüşündə olan islamçıların narazılıqlarına səbəb olacaq, onların Talibanla yaxınlaşmalarına səbəb yaranacaq.

İran və Səudiyyə Ərəbistanı 2016-cı ildə münasibətlərini dondurublar. Daha dəqiq desək, Ər-Riyad nüfuzlu şiə lideri, din daximi və siyasətçisi şeyx Nimr əl Nimrini edam etdikdən sonra ölkələr arasında kəskin soyuqlaşma yaşandı. Bunun ardınca isə Yəmən hadisələri, Livandakı qaaşıdurmalar Yaxın Şərq regionuna neqativ təsirlərini göstərməyə başladı. Məhz bu baxımdan, hər iki ölkənin yenidən bir araya gəlmələri üçün İraq yeni müstəvidə münasibətlərin qurulmasına şərait yaratmağa can atır.

Səudiyyə Ərəbistanı İrana qarşı sərt siyasəti ilə köklənmiş ABŞ prezidenti Donald Trampın gedişindən sonra İranla münasibətdəki siyasətinə və təhlükəsizlik siyasətinə yenidən baxmağa məcburdur

Digər yandan, Səudiyyə Ərəbistanı İrana qarşı sərt siyasəti ilə köklənmiş ABŞ prezidenti Donald Trampın gedişindən sonra İranla münasibətdəki siyasətinə və təhlükəsizlik siyasətinə yenidən baxmağa məcburdur. 2019-cu ilsə səudların neft obyektləri hücumlara məruz qalanda da ABŞ İranı ittiham etmişdi, lakin hər hansı bir cavab fəaliyyəti göstərməmişdi. Artıq bu kimi situasiyalar geridə qalır və bu gün dünyada cərəyan edən dekarbonlaşdırılma hərəkatı iki rəqibi – İranla Səudiyyə Ərəbistanını bir araya gətirir. Çünki hər iki ölkə neft gəlirlərindən asılıdırlar və iqtisadi divercifikasiyas, eləcə də yeni iş yerləri ilə bağlı kəskin ehtiyaclar duyurlar. Səhiyyə islahatları da koronavirus pandemiyası fonunda prioritetlik təşkil edir.

Çin və Rusiya faktoru da öz sözünü deyə bilər

Region ölkələri və kənar dövlətlər ABŞ-ın Əfqanıstandan gedişindən, eyni zamanda, İraqı tərk etmək planlarının üzə çıxmasından sonra hakimiyyət vakkumunu doldurmağa çalışırlar. Ancaq ABŞ-ı çıxmaqla regional nizamın əldə olunması üçün fəaliyyətə başlayan ölkələr bu addımları qarşılığında qeyri-müəyyənliyin artması ilə də qarşılaşırlar.

Çin və Rusiya da Yaxın Şərqdəki təsirlərini artırmağa çalışırlar, lakin ilk növbədə qısamüddətli səmərələrə kökləniblər, bu isə o deməkdir ki, ciddi problemlər yaşayan demokratikləşmə və insan hüquqları kimi mövzular yaxın gələcəkdə ikinci plana keçə bilər.

Ancaq hər şeyə rəğmən, Talibanın Əfqanıstanı ələ keçirməsi bütün hallarda regional dövlətlərin bir araya gəlməsinə zəmin yaratmağa başlayıb və bu yaxınlaşmanın gec də olsa ümumi regional siyasətə müsbət təsirlər göstərəcəyini ən azından ehtimal etmək olar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə