Rus ekspert: Yeni müharibə baş versə, Azərbaycan ordusu son nöqtəni qoyacaq - ŞƏRH

Mixail Xodarenok​: “Azərbaycanın potensialı ölçüyəgəlməz dərəcədə yüksəkdir, həqiqət və güc onun tərəfindədir”

Xəbər verdiyimiz kimi, Ermənistan hər gün Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdə atəşə tutur. Qarabağ məsələsində keçən ilin payızında bu qədər çətin əldə edilən tarixi sülh çatlamağa başlayır. Ermənistan tərəfi Azərbaycana qarşı güc tətbiq etməyin mümkünlüyünü birbaşa bəyan edir. Ermənistan rəhbərləri ötən ilin payızında Azərbaycanla müharibədə ağır məğlubiyyətə uğrayaraq, öz ölkələrinə, iqtisadiyyatlarına, sosial həyatlarına zərbə vurmalarından dərs almayıb, diplomatik yollarla problemin qarşısını almaq mümkün olduğu halda öz hərbçilərinin həyatını qurban verməyə çalışır.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Mixail Xodarenok Ermənistanın yenidən niyə təxribat törətdiyinə və keçən ilin noyabrında Moskva, Bakı və İrəvanın imzaladığı üçtərəfli bəyanatı pozmağa çalışaraq vəziyyəti yeni bir müharibəyə niyə yaxınlaşdırdığına dair fikirlərini bildirib.

- Görünür, ötən ilin payızında 44 günlük müharibədə məğlubiyyətlə barışmaq erməni tərəfi üçün çox çətindir. Erməni cəmiyyəti əvvəlki iddialarından əl çəkmək istəmir. Açığını deyim ki, revanşist hisslər kifayət qədər güclüdür. Bu, əslində, tərəflərin sərhəd xəttindəki gərginliyinin səbəbini izah edir.

Dərindən əminəm ki, Azərbaycanla Ermənistan arasında silahlı qarşıdurmada nöqtə hələ qoyulmamış və Qarabağ məsələsi tam həll edilməmişdir- nə Azərbaycan, nə də Ermənistan mövqeyindən. Buna görə də mənə elə gəlir ki, indi bütün məsələlərin həll edilməli olduğu sakit dövr, qarşıdurmalar arasında yalnız bir fasilədir.

Hər şeyi elan edə və istədiyiniz kimi tərtib edə bilərsiniz. Əsas sual budur ki, elan edilənlərin həyata keçirilməsi üçün hər hansı bir vasitə varmı? Məsələn, İrəvanın iqtisadi potensialı və silahlı qüvvələri ilə cəsarətli bəyanatlarını gücləndirməsinə nə demək olar? Son 44 günlük müharibədə Azərbaycan məsələnin hərbi yolla həll edilməsi potensialına malik olduğunu göstərdi. Ermənistan bu cəhətdən heç bir real güc nümayiş etdirməyib. Məncə, bu münaqişənin hipotetik davamı məsələsindəki üstünlük, Azərbaycanın tərəfində qalır.

Hər hansı bir silahlı qarşıdurmada ən böyük məcmu hərbi-iqtisadi potensiala malik olan tərəf qalib gəlir. Azərbaycan və Ermənistanın hərbi-iqtisadi potensialını müqayisə etmək prinsipcə düzgün deyil. Azərbaycanın potensialı ölçüyəgəlməz dərəcədə yüksəkdir və çox güman ki, ordusu silahlı mübarizədə son nöqtəni qoyacaq. İndiki mərhələdə belə olacağına inanmaq üçün bütün əsaslar var.

İrəvanın səsləndirdiyi fikirlərin bir növ əsası olmalı, nəyəsə əsaslanan bir şey olmalıdır. Erməni siyasi elitasının bir hissəsi belə hesab edir ki, Rusiya bir şəkildə münaqişədə iştirak etməlidir. Ancaq hipotetik silahlı mübarizədə iştirak etmək üçün Moskva tamamilə əlllərindən çıxdı. Hazırda Rusiya ordusunun daxil olması üçün heç bir səbəb yoxdur. Düzünü desəm, Rusiyanı bu münaqişəyə cəlb etmək üçün heç bir səbəb görmürəm.

Ermənistan Qərbə ümid edir ki, Qərb kömək edə bilər. Amma indiyə qədər oradan heç bir yardım almadılar. Ümumiyyətlə, Ermənistan hazırda əhalisi Moskva əhalisindən qat-qat az olan bir ölkədir. Və belə imkanlarla xarici təhlükəyə qarşı müasir bir ordu yaratmaq qeyri-realdır. Ziyafətin pulunu kim ödəyəcək? Qərb? Amma Qərbdən Ermənistana doğru təşviqedici bəyanatlardan başqa heç nə yoxdur.

Müstəqillik, suverenlik iddiasında olan hər bir ölkənin xarici təhlükələri dəf etmək üçün silahlı qüvvələri olmalıdır. Amma bunun özün bacarmalısan. Ermənistanda bunlar yoxdur. Rusiya Ermənistana silah, hərbi texnika ötürsün, Ermənistan ordusunu yenidən təchiz etsin? Bəs pulunu kim ödəyəcək? Hər halda, bu gün müxtəlif səbəblərdən- ilk növbədə iqtisadi səbəblərdən Ermənistan üçün öz ordusunu Azərbaycanın silahlı qüvvələri ilə eyni səviyyəyə gətirmək son dərəcə çətin olacaq. Üstəlik, Moskva Azərbaycanla münasibətləri çətinləşdirməkdə maraqlı deyil.

Niyə Şoyqu Rusiya tərəfinin Ermənistan ordusunda islahat aparmağa hazırlığından danışır? Müdafiə naziri qeyri-siyasi fiqurdur. Və belə məsələlər ölkə liderlərinin işidir. Müdafiə naziri deyə bilər ki, bəli, kömək edəcəyik. Rusiya və Ermənistan eyni təşkilatın içində görünürsə, başqa nə deyə bilər? Təbii ki, onu səni taleyin mərhəmətinə buraxacağımızı söyləyə bilməz. Hər halda, diplomatik normalara görə, dəstək sözləri söyləməli idi və bunları da söylədi. Ötən ilin payızında Rusiya Qarabağ məsələsinin həlli üçün ciddi vasitəçilik məsuliyyəti götürdü və bu nailiyyəti heç kimə verməyəcək. Rusiya Federasiyası ən azından Cənubi Qafqazda daha bir müharibənin başlamamasına çalışır. Bu, bizim maraqlarımıza uyğun deyil.

Niyə Paşinyan birmənalı olmayan bəyanatlar verir, sülh və revanşistlər üçün oynayır? Hər halda Ermənistanın baş naziri birtəhər hər iki tərəfdən oynamalıdır. Siyasi reallıqlar, ölkədəki daxili siyasi vəziyyət, elitlərin fikirləri ona qəti şəkildə bir mövqe tutmağa və ona möhkəm sadiq qalmağa və onu səsləndirməyə imkan vermir. Baxmayaraq ki, Paşinyan istəsə ağıllı siyasətçi ola bilər.

Bir daha təkrar edirəm- Qarabağ məsələsindəki mövcud vəziyyət məsələnin yekun həllində bir fasilədir. Çünki tərəflərin mövqeləri bir-birinə ziddir. Ortaq bir dil tapmağın yolu çox çətindir. Mən heç bir "partiya"ya aid deyiləm. Amma deməliyəm ki, həqiqət Azərbaycanın tərəfindədir. O, beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyub saxlayır və Ermənistanı ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə sülh müqaviləsi bağlamağa dəvət edir. Kim məsələni necə qoysa da, Azərbaycanın mövqeyi sarsılmaz görünür. Beynəlxalq tanınmış sərhədləri üçün, ərazi bütövlüyünü bərpa etmək üçün siyasi, hərbi mübarizə aparır. Və Vladimir Putin bu barədə danışdı. Buna etiraz etmək mümkün deyil. Azərbaycanın bu məsələdəki mövqeyi tamamilə qalib gəlir, məntiqi baxımdan düzgün və obyektiv görünür.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə