Prezident CNN TÜRK-ə müsahibəsində haraya, hansı mesajları yolladı? ANALİTİK
Cənubi Qafqazın əsas söz sahibləri məhz Azərbaycan və Türkiyədir!
Prezident İlham Əliyevin nüfuzlu CNN TÜRK telekanalına verdiyi müsahibəsi özündə bir sıra, eləcə də mühüm məqamları ehtiva edir. Söz yox ki, müsahibədə səslənən fikirlərdən ilk olaraq, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış 10 noyabr 2020-ci ilin üçtərəfli bəyanatında tələb olunan bəndlərə hələ də əməl etməkdən boyun qaçıran məğlub Ermənistan tərəfi nəticə çıxarmalıdır. Lakin bununla yanaşı, digər mühüm faktorlar da var ki, dövlət başçımız onların hər biri barədə ayrıca bəyanatlar səsləndirdi.
Bütün vurğulanan fikirləri ilə yanaşı, Prezident İlham Əliyevin müsahibəsində əsasən, üç mövzu üzərində daha çox dayandı.
Əgər belə davam edərsə, Azərbaycan perventiv zərbəsini endirməli olacaq
İlk olaraq, Rusiyanın Ermənistanı silahlandırması məsələsidir ki, dövlətimizin başçısı bunun mənasız olduğunu xüsusilə qeyd etdi. Həmçinin, Moskvaya xitabən vurğuladı ki, hələ də işğalçılıq siyasəti düşüncələrindən ayılmayan İrəvanı silahlandırmaqdansa, üçtərəfli bəyanatda irəli sürülən bəndlərin icrasının yerinə yetirilməsi ilə məşğul olsun. Xüsusilə, həmin bəndə ki, Ermənistan silahlı qüvvələri müxtəlif adlar altında Qarabağ ərazisinə sızmaqla, öz işğalçı siyasətini davam etdirmək niyyətini gizlətmirlər və o cümlədən, onlar bilavasitə Rusiya sülhməramlıları kontingentinin nəzarətlərinə təhkim edilmiş ərazilərdə səngərlər qazır, istehkamlar qurur, üstəlik, atəşkəsi də pozurlar. Məhz bu faktları önə sürən Prezident İlham Əliyev müsahibəsi əsnasında eyham vurdu ki, əgər belə davam edərsə, Azərbaycan perventiv zərbəsini endirməli olacaq.
Azərbaycan tək deyildi!
Növbəti məsələ Azərbaycan və Türkiyə sarsılmaz qardaşlığı fonunda regionun təhlükəsizliyinin və inkişafının qorunması faktorudur. Bəli, Azərbaycan tək deyil. Belə ki, 44 günlük Vətən müharibəsində əvvəldən-axıra qədər Ankara qardaşı Bakının yanında dayandı və bu amil həm də dünyanın bir sıra ermənipərəst güclərinin haqq işimizə müdaxiləsinin qarşısında baryer oldu. Dövlət başçımızın Azərbaycan-Türkiyə əbədi qardaşlığı barədə səsləndirdiyi fikirləri isə sübut etdi ki, bundan sonra da belə olacaq və heç bir kənar qüvvə istər Ankaranın, istərsə də Bakının birliyinə təsir və müdaxilə edə bilməyəcək.
Ermənistan dəhlizi məsələsində inadkarlığını göstərməyə davam edərsə...
Əsas məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Əgər diqqət yetirsək görərik ki, Ermənistanın baş naziri Nikol Paşinyan da artıq bu məsələdə sınmağa doğru gedir. Prezident İlham Əliyev müsahibəsində bu məqama da toxunaraq eyham vurdu ki, Paşinyan gec, ya da tez Zəngəzur dəhlizinin açılması ilə bağlı tələb olunan bəndlərə riayət etməli olacaq. O cümlədən, dövlət başçımız daha əvvəlki bəyanatlarında da vurğulamışdı ki, əgər Ermənistan dəhlzi məsələsində inadkarlığını göstərməyə davam edərsə, Azərbaycan güc yolu ilə bu problemi həll edəcək.
Laçın dəhlizi üzərindən Rusiyaya da ciddi siqnallar verildi
Bu üç mövzuya daha birini də əlavə etmək olar – Laçın dəhlizini. Prezident açıq şəkildə bildirdi ki, Azərbaycan əsgəri Laçın dəhlizinin lap yaxınındadır və o cümlədən, Bakı orada baş verənləri (yəni qanunsuzluqları, habelə Rusiya sülhməramlı kontingentinin etinasızlığını, həmçinin erməni tərəfinin maraqlarına xidmət etdiyini) diqqətlə izləyir.
Belə demək mümkündürsə, Prezident İlham Əliyevin bəyanatları yalnız Ermənistanın yanlış siyasətinə tərəf yönəlmədi, həmçinin, Rusiyanın bu istiqamətdəki fəaliyyətinə də ciddi siqnallar verildi – sərt tonda səslənən incəliklə, müdrik siyasi fikirlərlə, eləcə də möhtəşəmliklə. Söz yox ki, bu bəyanatlar eşidilib və nəticə çıxarmaq da qarşı tərəflərin işidir. O da əbəs deyil ki, dövlət başçımız müsahibəsini qeyri-dövlətlərin nüfuzlu televiziya kanallarına deyil, bilavasitə Türkiyə kanalına verərək, bu addımı ilə də öz messeclərini yollamış oldu. Həmin ismarıclarda isə köklü şəkildə bəyan edildi ki, Cənubi Qafqazın əsas söz sahibləri məhz Azərbaycan və Türkiyədir!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB