Rus generalı: “Xəstə idim, Füzulunun azad edilməsi mənə ən yaxşı dərman oldu” - MÜSAHİBƏ

Rus generalı: “Xəstə idim, Füzulunun azad edilməsi mənə ən yaxşı dərman oldu” - MÜSAHİBƏ

“İlham Əliyev öz tarixi misiyasını yerinə yetirdi- Qarabağı işğaldan azad etdi”

1991-ci ildə Azərbaycanın Füzuli və Xocavənd rayonlarının hərbi komendantlıqlarına rəhbərlik etmiş Rusiya Daxili Xidmətinin general-leytenantı Aleksandr Volox Caliber analitik mərkəzinə müsahibəsində maraqlı məqamlara toxunub. Müsahibəni təqdim edirik.

ARAYIŞ: Daxili xidmət general-leytenantı Aleksandr İvanoviç Volox 1949 -cu ildə Omskda anadan olub. Hərbi və hüquq təhsili var. Pedaqoji elmlər namizədidir. 1984-94-cü illərdə Leninqradda xidmət etmiş, SSRİ Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbində dərs demiş, 1994-1998-ci illərdə Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin regionlararası təlim mərkəzinin rəisi olmuşdur. 1998-ci ilin aprelində Rusiya Ədliyyə Nazirliyinin Moskva vilayəti üzrə Penitensiar Xidmətinin rəisi, 2002-ci ildən Rusiya Ədliyyə Nazirliyinin Mərkəzi Federal Dairə üzrə Baş Penitensiar Xidmətinin rəis müavinidir. Rusiya Federasiyası hökumətinin xüsusi tapşırıqlarını yerinə yetirmiş, Abxaziya və Qarabağda sülhməramlı əməliyyatlarda iştirak etmişdir. Uzun illər Şimal-Qərb Federal Dairəsi üzrə Federal Penitensiar Xidmət İdarəsinin rəisi və Sankt-Peterburqda baş federal müfəttiş vəzifələrində çalışmışdır. Bir çox dövlət və şöbə mükafatlarına, fəxri nişan və təşəkkürlərə, Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalına layiq görülüb.

- Aleksandr İvanoviç, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan ordusu Ermənistan Silahlı Qüvvələrinin növbəti silahlı təxribatlarına cavab olaraq əks-hücum əməliyyatı keçirəndə nə hiss etdiniz?

- Bir tərəfdən sevinc hiss etdim, çünki başa düşdüm ki, Azərbaycan üçün Ermənistanın işğal etdiyi əraziləri geri qaytarmaq və ərazi bütövlüyünü bərpa etmək ədalətli müharibədir. Digər tərəfdən, bir qədər narahatlıq var idi- heç kim müdaxilə etməsə və Azərbaycan ordusunun qalibiyyətli irəliləyişini dayandırmasa. Xoşbəxtlikdən, hərbi əməliyyatlar beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazisində aparıldığı üçün dünya fövqəldövlətləri- Rusiya və ABŞ bitərəf qaldı.

44 günlük müharibə zamanı mən ruh yüksəkliyinin, vətənpərvərliyin, Azərbaycan xalqının həqiqi intibahının, gücünün, peşəkarlığının və Azərbaycan Silahlı Qüvvələrinin super-müasir texnikasının qüdrətini gördüm. Azərbaycanın 2020-ci ilin payızında XXI əsrdə müharibə aparmaq üsullarını nümayiş etdirdiyini bütün dünya gördü. Ali Baş Komandan, güclü lider və Prezident İlham Heydəroviç Əliyevin başçılıq etdiyi Azərbaycan ordusu əsas missiyasını-Qarabağın Azərbaycana qaytarılmasını yerinə yetirdi.

- Vətən Müharibəsi illərində Füzuli ilk azad edilən rayonlardan biri oldu. 1991-ci ildə hərbi komendant olduğunuz ərazi ...

- Bəli, Füzuli azad edildi. Təəssüf ki, bir sıra hallar ucbatından azərbaycanlılar 90-cı illərin əvvəllərində onu qoruya bilmədilər.

Erməni quldur dəstələri Füzuli rayonunu işğal edərkən hələ doğulmamış olan 18-20 yaşlı azərbaycanlı oğlanların 44 günlük müharibə əsnasında Azərbaycan ərazisinin bu hissəsini necə geri qaytardıqlarını həyəcanla izlədim.

Azad edilmiş şəhərin girişində gənc azərbaycanlı əsgərlərin "Füzuli" işarəsi olan sütun qurduqları bir fotoşəkili görəndə yaşadıqlarımı sözlə ifadə edə bilmirəm. O vaxt çox xəstəydim, amma o şəkil mənim üçün ən yaxşı dərman oldu.

- Amma təəssüf ki, ermənilər işğal illərində Ağdamı, Füzulini və digər Azərbaycan şəhərlərini demək olar ki, yer üzündən silib atdılar ...

- Bu, erməni təcavüzkarlarının zəifliyinin təzahürüdür. Bura onların torpağı, vətənləri deyil, başqalarının torpaqları olduğunu başa düşdülər, buna görə bütün şəhərləri və kəndləri dağıtdılar. Onları müdafiə edə bilmədikləri üçün bu ərazilərdən qovuldular, çünki bu onlara aid deyildi. Azərbaycan əsgərləri Vətən uğrunda, işğal olunmuş torpaqların azad edilməsi uğrunda canlarından keçdiklərini bilə-bilə gülümsəyərək labüd ölümə gedərkən, ermənilər əksinə oradan qaçdılar.

İndi Qarabağ geri qayıtdıqdan sonra əsas iş başlayacaq- bu ərazilərin bərpası. Prezident İlham Əliyev bunu çox yaxşı başa düşür və yalnız rəqiblərinin deyil, bütün illər ərzində ermənilərin işğal olunmuş şəhər və kəndləri necə məhv etdiklərini görən, lakin kinayə ilə susan dünya ictimaiyyətinin gözü qarşısında Qarabağnı dirçəlişini başa çatdıracaq. Dağıdılmış şəhərlərin foto və videolarını gördüm və belə bir şey yaratmaq üçün nə cür barbar olmaq lazım olduğunu anlaya bilmirəm. Evlər, bağlar, məzarlar- bütün bunlar erməni işğalçıları tərəfindən məhv edilib. Ermənilərdən sonra Azərbaycanın azad edilmiş ərazilərində yalnız yanmış torpaq qaldı. Amma azərbaycanlılar üçün bura onların doğma yurdudur və buna görə də əminəm ki, tezliklə hər şeyi bərpa edəcəklər, Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər və digər şəhərlərə həyat qaytaracaqlar.

- Füzulini ziyarət etmək istərdinizmi?

- Əlbəttə! 30 ildir ki, nə vaxtsa Fizuliyə qayıtmaq, çoxlu xatirələrim olan yerləri ziyarət etmək arzusunda olmuşam.

- Rusiya cəmiyyəti Azərbaycanın qələbəsini necə qəbul edir?

- Bilirsiniz, münasibət neqativdən daha çox müsbətdir. Amma eyni zamanda etiraf etmək lazımdır ki, Azərbaycanın Qarabağdakı qələbəsindən sonra Rusiyadakı erməni diasporası nəzərəçarpacaq dərəcədə gücləndi və bu diaspora mediada çoxlu imkanlara malikdir. Bir çox "simpatik" insanları da var. Azərbaycan əleyhinə fəal təbliğat aparırlar. Ona görə də hesab edirəm ki, azərbaycanlıların daha fəal olması lazımdır. Axı Rusiyada Azərbaycan xalqını çox yaxşı tanıyan azdır. Azərbaycanlılara yalnız onların yanında yaşadıqdan sonra hörmət etməyə və anlamağa başlayırsan. Üstəlik, təkcə böyük şəhərlərdə deyil, məsələn, Bakı kimi. Xeyr, nə qədər mədəni, zəhmətkeş və xeyirxah insanlar olduğunu başa düşmək üçün azərbaycanlılarla həm də ucqarlarda yaşamaq lazımdır. Bu mənim vəziyyətimdə baş verdi- yalnız Füzulidə azərbaycanlıların yanında yaşadıqdan sonra erməni quldur birləşmələrinin hücumuna məruz qaldıqlarında, evlərindən qovulduqda bütün ağrılarını başa düşdüm. Bu illər ərzində içimdə qalan Azərbaycan xalqının bu ağrısını anladım və hiss etdim. Amma indi bu ağrı yoxdur- Azərbaycan tarixi ədaləti bərpa etdi və Qarabağı qaytardı.

Onu da demək istərdim ki, erməni elitasının müzakirələrini, "divan" vətənpərvərlərinin "hərbi qisas" çağırışlarını yaxından izləyirəm. Amma Ermənistanda keçirilən iyun parlament seçkiləri xalqın əksəriyyətinin belə bir siyasətin əleyhinə olduğunu göstərdi. Erməni elitası sadə xalq üçün fəlakətdir, danışıqlar apara bilmir! İqtisadiyyatı, təhsili, mədəniyyəti və xüsusən turizmi inkişaf etdirmək əvəzinə, "Böyük Ermənistan"ın orta əsr postulatlarından bəhs edirlər, qonşularla münasibətləri təcavüz, terrorizm və irqi üstünlük əsasında qururlar. Bu siyasətin nəticəsi iqtisadi və siyasi həyatda geriləmə, insanların ölümüdür ... "Qarabağ klanı"ndan olan siyasətçilər Ermənistan hökumətindən qovulmalıdır.

Sonda demək istərdim ki, taleyin özü Heydər Əliyev və İlham Əliyev kimi liderləri Azərbaycana və Azərbaycan xalqına təqdim etdi. Biri təkcə Sovet İttifaqı səviyyəsində deyil, qlobal miqyasda böyük bir siyasətçi idi- 1993-cü ildə Azərbaycanın dağılmasının qarşısını aldı və oğlu 2020-ci ildə qeyri-qanuni olaraq vətəninizdən didərgin düşənləri geri qaytardı. Həm Heydər Əliyev, həm də İlham Əliyev öz tarixi missiyalarını yerinə yetirdilər.

Tərcümə: Elçin Bayramlı

QEYD: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə