Bölgədə yeni reallıqlar yaranıb - NAZİRLİK

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz sərkərdəliyi sayəsində Vətən müharibəsində parlaq qələbə qazanan ölkəmiz bu gün özünün ən qüdrətli dövrünü yaşayır, münaqişə həll olunaraq bölgədə yeni reallıqlar yaranıb. Dövlət başçısının rəhbərliyi ilə Qarabağ regionunda nəhəng quruculuq işləri aparılır. Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, eyni zamanda, Azərbaycan həqiqətləri, düşmənin torpaqlarımızda törətdiyi müharibə, insanlıq əleyhinə və digər cinayətləri dünya ictimaiyyətinin geniş diqqətinə çatdırılır, bu prosesdə həmçinin, vətəndaş cəmiyyəti institutları yaxından iştirak edirlər.
Bununla bağlı ədliyyə nazirinin müavini Toğrul Musayevin sədrliyi ilə keçirilən aidiyyəti işçilərin iştirak etdiyi müşavirədə ölkə başçısının hücum diplomatiyasından və ictimai iştirakçılıqla bağlı tapşırıqlarından irəli gələn ədliyyə orqanlarının vəzifələri müzakirə olunub.

Çıxış edən nazir müavini bildirib ki, cənab Prezidentin qəti iradəsi, müdrik xarici siyasəti və bənzərsiz diplomatik məharəti, xalqımızı dəmir yumruq kimi sıx birləşdirməsi, qələbəmizin rəmzinə çevrilmiş şüarları və müraciətləri, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın vətənpərvər və sosial çağırışları hər bir azərbaycanlını düşmənlə mübarizəyə, Azərbaycanın mövqeyini təkcə döyüş meydanında deyil, həmçinin beynəlxalq müstəvidə, informasiya savaşında qorumağa səfərbər edir.

O, xüsusi vurğulayıb ki, yeni hədəflərə nail olmaq üçün ölkə rəhbəri tərəfindən hücum siyasətinin müəyyən olunması beynəlxalq müstəvidə daha fəal iş aparılmasını, hadisələrə çevik və tutarlı münasibət bildirilməsini, bütün istiqamətlər üzrə fəaliyyətin bu tələblərə uyğun qurulmasını labüd edir.

Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən ölkəmizin həqiqətlərinin təbliği, Ermənistanın qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir.
Bu sahədə görülən işlər barədə məlumat verən Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov müharibə və post-konflikt dövründə respublikamızın ədliyyə naziri tərəfindən xarici həmkarlarına və nüfuzlu beynəlxalq təşkilatlara 400-dən çox müraciətlər, BMT, Avropa Şurası və digər mötəbər qurumların təşkil etdiyi yüksək səviyyəli tədbirlərdə çıxışlar edilərək Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətlərinə reaksiya verməyə, azad olunmuş torpaqlarımızda işğal dövründə quraşdırdıqları mina xəritələrinin verilməsi üzrə beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün təsir göstərməyə çağırışlar edildiyini vurğulayıb.

Bildirib ki, nazirliyin müraciətləri reaksiyasız qalmamış, onlara münasibət bildirilərək regionumuza humanitar yardım göstərilməsi vurğulanmış, xarici muzdluların münaqişə zonasına cəlb olunması pislənilmiş, mülki əhalinin, o cümlədən minaya düşərək həlak olmasından narahatlıq ifadə edilmişdir.
Həmçinin Ermənistanın törətdiyi cinayətlərin ölkəmizdə araşdırılması ilə bağlı 40-a yaxın dövlətlərdə zəruri istintaq hərəkətlərinin aparılmasına dair nazirlik tərəfindən onlarla sorğu göndərildiyi, ümumilikdə isə, cari ildə mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı 10.000-dən çox sənəd icra olunduğu bildirilib.

Ötən ay Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair imzalanmış Şuşa Bəyannaməsinin əməkdaşlıq üçün yeni imkanlar yaratdığı, iki ölkənin Ədliyyə akademiyaları arasında imzalanmış Anlaşma Memorandumunun bu tarixi Bəyannaməyə istinad olunan ilk sənədlərdən olduğu vurğulanıb. Həmçinin Özbəkistanın məhkəmə-hüquq sistemində nailiyyətlərimizə və müsbət təcrübəmizə böyük marağı nəzərə alınaraq ölkələrimizin Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Proqramı imzalanıb. Hazırda Avropa, Asiya və Afrika qitələrindən 33 dövlətin Ədliyyə nazirlikləri ilə imzalanmış sənədlər əsasında səmərəli əməkdaşlıq həyata keçirilir.

Müşavirədə Azərbaycan həqiqətlərinin təbliği məqsədilə nazirlik tərəfindən aparılan "Qarabağ Azərbaycandır!" üç dilli (Azərbaycan, ingilis və rus) elektron məlumat platformasının interaktiv fəaliyyəti, Vətən müharibəsində parlaq qələbəmizə, Müzəffər Ali Baş Komandanın hərbi, siyasi, diplomatik uğuruna həsr olunan maarifləndirici tədbirlərin keçirildiyi, əyani vəsaitlərin hazırlandığı diqqətə çatdırılıb, bu zaman vətəndaş cəmiyyəti institutlarının, KİV-lərin və sosial platforma imkanlarından geniş istifadə edildiyi bildirilib.

Qeyd olunub ki, cari ildə nazirlik tərəfindən aparılmış hüquqi maarifləndirmə işinin sayı 3.200-ə yaxın olub, o cümlədən KİV-də 2.800-dək çıxışlar edilib. Həmçinin sosial media hesablarında Böyük Qələbəyə, Ermənistanın qanunsuz əməllərinin ifşasına, azad edilmiş torpaqlarımızın dirçəldilməsi ilə bağlı görülən işlərə və nazirliyin digər istiqamətlərdə fəaliyyətinə dair 450-dək paylaşımlar edilib, rəsmi internet saytından (justice.gov.az) bəhrələnənlərin sayı 400 mini ötüb.

Tədbirə yekun vuran nazir müavini T.Musayev bu sahədə fəaliyyətin ölkə başçısının müəyyən etdiyi yeni çağırışlara uyğun qurulması və işin səmərəliliyin artırılması, informasiya və vahid kommunikasiya siyasətinin həyata keçirilməsi, Azərbaycan həqiqətlərinin post-konflikt dövründə dünyaya geniş çatdırılması, beynəlxalq müstəvidə və informasiya platformalarında daha fəal iş aparılması ilə bağlı konkret tapşırıqlar verib.

Azad edilmiş ərazilərin bərpası və digər məsələlərin həlli ilə bağlı yaradılmış və nazirliyin rəhbərliyinin təmsil olunduğu Əlaqələndirmə Qərargahı və onun nəzdində İdarələrarası Mərkəz çərçivəsində görülən tədbirlərə toxunularaq bu istiqamətdə fəaliyyətin aktivləşdirilməsinin vacibliyi vurğulanıb.

Bundan əlavə, beynəlxalq müqavilələrdən, insan hüquqlarına dair konvension öhdəliklərdən irəli gələn vəzifələrin mütəşəkkil icrası, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, həmçinin ədliyyə sahəsində ictimai iştirakçılıq mexanizmlərinin təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı digər zəruri tədbirlər müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə