Tarixi layihə - Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək

Prezident İlham Əliyev: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də”

Bəli, indi şərtləri Qalib ölkənin Qalib lideri Azərbaycan Prezidenti İlham Əliyev diktə edir. Ali Baş Komandanın son müraciəti əldə olunan döyüş nailiyyətləri ilə yanaşı, xalqımızı qarşıda gözləyən daha genişmiqyaslı hərbi zəfərlərin müjdəsi idi. Tək Azərbaycanda deyil, dünyanın dörd bir tərəfində milyonlarla həmvətənimizin sevinc gözyaşları, böyük qürur və inam hissi ilə dinlədikləri bu müraciət, həm də yağı düşmənə sərt şapalaq, təcavüzkarların himayədarlarına isə son xəbərdarlıq idi. Azərbaycan Prezidenti haqlı olaraq bəyan etdi ki, mövcud durumda situasiyanı Azərbaycan müəyyənləşdirir. İndi şərtləri cənab İlham Əliyev diktə edir. Bəs nədir Azərbaycan Prezidenti İlham Əliyevin şərtləri?

Dövlət başçımız şərtlərini belə sıraladı: Ermənistan silahlı birləşmələri Azərbaycan torpağından tamamilə çıxarılmalı, N.Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf etməli, Azərbaycan xalqından üzr istəyərək "Qarabağ Ermənistan deyil” fikrini söyləməli və işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəlini hazırlayıb Azərbaycana təqdim etməlidir.

Əgər Azərbaycan Prezidentinin bu şərtlərinə əməl olunarsa, atəşkəs rejimi bərpa ediləck. Cənab İlham Əliyevin söylədiyi kimi, halbuki şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki Azərbaycan dayansa, təcavüzkar dayanmayacaq. İllərdir cəzasızlıq mühitindən istifadə edərək torpaqlarımızı işğal altında saxlayan, qanunsuz məskunlaşdırma siyasəti həyata keçirən Ermənistanın terrorçu hakimiyyətinə indi vaxt verilərsə, yenə də məkrli niyyətlərini ortaya qoyacaqlar. Azərbaycana qarşı çirkin planlar həyata keçirib danışıqlardan imtina edəcəklər.

Ona görə də cənab İlham Əliyev haqlı olaraq bəyan etdi ki, qədim qalamız olan Şuşada etdiyi hərəkətlərlə Azərbaycan xalqını təhqir edən Paşinyan rejiminə güzəşt yoxdur. İllərdir sülh istəyən, humanist siyasət aparan Azərbaycanla artıq kimsə diktə dili ilə danışa bilməz.

Dövlət başçımızın dediyi kimi: «Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar».

Bir sözlə, illərdir sülh istəyən, humanist siyasət aparan Azərbaycanla artıq kimsə diktə dili ilə danışa bilməz. Artıq hərbi və siyasi şərtləri indi Azərbaycan diktə edir.

«Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var»

Dövlət başçısı çıxışında onu da bildirib ki, bizim bu təklifimiz qalib ölkənin təklifidir: «Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik», - deyə Prezident İlham Əliyev hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını düşünənlər "yanlış və təhlükəli" yoldadır.

«Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb… Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb?»- deyə Prezident bəyan edib: «Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var».

«Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə»

«İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb».

Bu barədə Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında bildirib: «İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır».

Azərbaycan Prezidenti deyib ki, biz Zəngəzura qayıtmalıyıq: “Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur»

Prezident İlham Əliyev iyulun 22-də qərb rayonlarına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verərkən bu günlərdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Bakıda olarkən bir dəfə də olsun “Dağlıq Qarabağ” və “status” sözlərini, eyni zamanda, Şarl Mişel İrəvanda olarkən Ermənistanla sərhədə dair “mübahisəli ərazilər” sözlərini işlətmədiyini, bu da Ermənistanda böyük məyusluğa gətirdiyini bildirib: «Bəli, Ermənistanın məyusluğu davam edəcək. Çünki görünür ki, onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar. Çünki onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik».

Bəli, Zəngəzur bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik. Bir sözlə, bu dəhliz Vətən müharibəsində qazandığımız tarixi uğurlarımızdan biridir. Prezident İlham Əliyev də Zəngəzur dəhlizinin tarixi nailiyyət olduğunu vurğulayıb: «Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır».

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə