Bakı Bəyannaməsi strateji əlaqələrin möhkəmlənməsinə töhfəsini verəcək - TƏHLİL

Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan dövlətlərarası münasibətlərdə Azərbaycan-Türkiyə-Pakistan əlaqələrinin xüsusi yeri və çəkisi var və bu danılmazdır. Hər üç ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq mövcud münasibətlər keyfiyyətcə yeni müstəviyə keçib.İyulun 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə Bakı Bəyannaməsinin imzalanması dövlətlərarası münasibətin daha dərinləşməsinə, eləcə də strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Bəyannaməni Milli Məclis sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar. Azərbaycan, Türkiyə və Pakistan bir-biri ilə sıx bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir və bir neçə sahədə üçtərəfli formatda əməkdaşlıq edirlər. Hər zaman böyük ideyaların, layihələrin, təşəbbüslərin məüəllifi olan ölkəmiz bu dəfə də Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin bir araya gəlməsində mühüm rol oynamış oldu. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi təşəbbüsünü irəli sürmüş və bu təşəbbüs Pakistan və Türkiyə tərəfindən müsbət qəbul olunmuşdur. Əlbəttə ki, burada əsas məqsəd mövcud münasibətlərin daha da genişləndirilməsidir. Vurğulamaq yerinə düşər ki, üç qardaş ölkənin parlament sədrləri ilk dəfə Bakıda keçirilən üçtərəfli formatda görüşüblər. Azərbaycan, Pakistan və Türkiyə arasında mövcud olan münasibətlər və əməkdaşlıq xalqlarımızın qardaşlıq əlaqələrinə, qarşılıqlı hörmət və etimadına söykənir. Bu qarşılıqlı faydalı əməkdaşlığın daha bir təzahürüdür. Bu sənəd ölkələr arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək. Əlbəttə ki, Bakı Bəyannaməsi ölkəmizin regionda və beynəlxalq münasibətlər sistemində artan roluna, nüfuzuna söykənir. Tarixi köklərə malik olan Azərbaycan-Türkiyə-Pakistan münasibətləri hazırda yeni mərhələdədir.

44 günlük Vətən müharibəsində Azərbaycan öz yanında hər məhz qardaş olan ölkələri görmüş oldu. Türkiyə və Pakistan Azərbaycana yaxın müttəfiq ölkələrdir və Vətən müharibəsi zamanı da Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər. Ermənistanın Azərbaycana qarşı təcavüzünə, terrorçuluğuna, mülki insanlara qarşı hücümlarına Türkiyə və Pakistan hər zaman mövqeyini bildirdi. Azərbaycana dəstək nümayiş etdirərək yanımızda oldular. Bu dəstək xalqımız tərəfindən çox böyük rəğbət və sevgi ilə qarşılandı, şəhər və kəndlərimizdə Azərbaycan bayrağı ilə yanaşı, Pakistan və Türkiyə bayraqları da dalğalandırılır.Əlbəttə ki, Türkiyə və Azərbaycan qədər dünyada biri-birinə bağlı olan dövlətlər yoxdur.

"Bütün beynəlxalq arenalarda Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan xalqının yanındadır", deyən Cənab Prezident Türkiyənin dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkə olduğunu bildirmişdi. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanmasına hər zaman etiraz bildirən Türkiyə 44 günlük Vətən müharibəsində də böyük fəallıq göstərdi, ölkəmizin ədalətli mövqeyini müdafiə etdi. Bu müharibə bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir.

Xatırladaq ki, Azərbaycanın suverenliyini ilk tanıyan ölkələrdən biri kimi Pakistan ölkəmizlə siyasi, iqtisadi və mədəni əlaqələrin yeni tarixi şəraitə münasib şəkildə yenidən qurulmasına çalışmışdır. Azərbaycanın Qarabağ uğrunda ağır müharibə şəraitində yaşadığı dövrlərdə beynəlxalq münasibətlərdə Pakistan rəsmilərinin dünya dövlətlərini BMT, İKT kimi nüfuzlu təşkilatlarda Ermənistanı təcavüzkar ölkə kimi tanınmasına çağırması böyük əhəmiyyət daşıyır. Cənab Prezident müharibənin ilk günlərindən Pakistanın ali rəhbərliyinin ərazi bütövlüyümüzün bərpasında Azərbaycana tam dəstəklərini ifadə etdiklərini bildirmişdi: "Bu, bizim əməkdaşlığımızın çox mühüm elementi və qardaşlıq əlaqələrimizin həqiqi nümayişidir. Pakistanın digər yüksək rütbəli rəsmiləri, parlament üzvləri və ictimai xadimlər Ermənistan ordusunun tam məğlubiyyəti və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük müharibə ərzində bizi dəstəklədilər. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan tərəfindən güc və siyasi yolla həll olundu". Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikası ilə Pakistan arasında 2002-ci ildə müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanmışdı. Qeyd olunan sənəddə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. 2020-ci ilin sentyabrın 27-də Azərbaycana qarşı işğalçı Ermənistanın həyata keçirdiyi hərbi təxribata Pakistanın qardaş Türkiyə ilə birlikdə Azərbaycanın yanında olduğunu bəyan etməsi Azərbaycan-Türkiyə-Pakistan qardaşlığını bütün dünyaya nümayiş etdirdi.

Heç şübhəsiz ki, bu gün Cənubi Qafqaz regionu üçün sülh, sabitlik və hərtərəfli əməkdaşlıq imkanları, nəqliyyat və kommunikasiya əlaqələrinin reallaşmasıüçün şərait yaranıb. Zəngəzur dəhlizinin bərpa olunması istiqamətində addımlar atılır ki, bu da qardaş Türkiyə ilə Azərbaycan arasında birbaşa və daha səmərəli əlaqəni təmin edəcəkdir. Xəzər dənizi vasitəsiləƏfqanıstan və Mərkəzi Asiyanı Cənubi Qafqaz regionu və Türkiyə ilə birləşdirən Lapis Lazuli dəhlizi regional nəqliyyat əlaqələrini getdikcə genişləndirməkdədir. Zəngəzur dəhlizi işə salındıqdan sonra qardaş Pakistandan Türkiyəyə qədər olan nəqliyyat xəttinin səmərəli fəaliyyəti reallığa çevriləcək ki, bu da Azərbaycan-Türkiyə-Pakistan əlaqələrinin daha genişlənməsində rol oynayacaq.Üçtərəfli parlametlərarası platforma ölkələr arasında tarixi qardaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə, xalqların ortaq maraqlarına töhfə verəcək. Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşünün 2022-ci ildəİslamabad şəhərində keçirilməsi qərara alınıb. Bəyannamə uğurlu başlanğıca əsaslanaraq hədəflərə vaxtında və yüksək səviyyədə nail olmağa imkan verəcək. İslamabad və Bakı bəyannamələri Azərbaycan-Türkiyə-Pakistan əlaqələrini daha da möhkəmləndirəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə