YAP ilə AK Parti arasında geniş perspektivlər açılır - ŞƏRH

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Türkiyə və Azərbaycan arasında mövcud olan əməkdaşlıq və strateji tərəfdaşlıq dövlətlərarası münasibətlərin inkişafında dostluğa, qardaşlığa söykənir. Mövcud münasibətlərin böyük tarixi var. Qarşılıqlı etimada, əməkdaşlığa söykənən bu əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlərin yüksələn bir xətlə inkişafı əlbəttə ki, hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir. Keyfiyyətcə yeni müstəviyə qədəm qoyan münasibətlərin nəticəsində müxtəlif məzmunlu tədbirlər keçirilir və müqavilələr imzalanır. İki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələrin Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və s. təqdirəlayiqdir. Əbəs yerə vurğulanmır ki, bu gün Türkiyə-Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib və Azərbaycanın 44 günlük Vətən müharibəsində qardaş, dost ölkə olaraq ölkəmizin yanında olması bu münasibətlərin ali dəyərləri özündə əks etdirməsinin nümunəsi oldu. Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyev və Türkiyə Prezidenti, Türkiyənin Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğan arasındakı səmimi dostluq və qardaşlıq münasibətləri dövlətlərimizin inkişafına böyük töhfə verməkdədir. Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında olan dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, yüksələn bir xəttlə inkişafdadır. Xatırladaq ki, Azərbaycanda böyük nüfuza malik Yeni Azərbaycan Partiyası monolit təşkilat olaraq cəmiyyətin bütün təbəqələrinə nüfuz etdiyi kimi, Türkiyədə də hakim Ədalət və İnkişaf Partiyası xalqın etimadını qazanıb və bunu doğrulda bilib.

Partiyaların qadınlar, gənclər təşkilatları və yerli strukturlarının arasında olan münasibətləri davamlı xarakter alıb. Bildiyimiz kimi, bir müddət əvvəl Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanın Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini partiyasının mərkəzi qərargahında qəbul etməsi bu əlaqələrin davamlı və qarşılıqlı etimada söykəndiyinə əsaslanır. Səfər çərçivəsində keçirilən bir sıra görüşlər, tədbirlər hakim partiyaların əlaqələrinin daha dərinləşməsindən xəbər vermiş oldu. Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov və Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuş YAP ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığa dair niyyət protokolunu imzalamaları fikrimizi əsaslandırır. YAP və Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanı özündə ehtiva edir. Onu da bildirək ki, Türkiyənin Ədalət və İnkişaf Partiyasının Ankaradakı mərkəzi qərargahında keçirilən görüşdə iki qardaş ölkənin gənclər birlikləri arasında da əməkdaşlıq imkanları, tərəfdaşlıq əlaqələrinin qurulması, hər iki partiyanı təmsil edən gənclərin ölkələrimizə qarşılıqlı səfəri, intellektual inteqrasiya yolları müzakirə olunmuşdu. Bu və ya digər əlaqələr ölkələr arasında dinamizmi möhkəmlənərək keyfiyyətcə yeni mərəhələyə qədəm qoymasını bir daha göstərmiş olur. Bu gün isə qarşılıqlı əlaqələrin davamı olaraq Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti ölkəmizə səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Dövlət başçıları arasında mütəmadi təmasların əlaqələrimizin genişlənməsində xüsusi rolu vurğulanıb. Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Partiyalar arasında əlaqələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Səfər çərçivəsində keçirilən bir sıra görüşlərdə dövlətlərarası münasibətlərin tarixinə nəzər salınıb. Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Hər zaman Azərbaycanın yanında olan Türkiyə 44 günlük Vətən müharibəsində də ölkəmizin haqq işində ona dəstək oldu. Ağrı-acını bizimlə birgə yaşadı. Zəfərimizi öz Zəfəri tək qəbul etdi. Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Gəncədə olublar. Qonaqlar ötən ilin oktyabrında Gəncədə erməni terroru nəticəsində çoxlu sayda mülki şəxsin öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Baş verən hadisələr qonaqların diqqətinə çatdırılarkən qeyd olunub ki, düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarixi mədəniyyət abidələrinə, o cümlədən, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Əhalinin sıx yaşadığı ərazilərə "Toçka-U", "Smerç", "Skad" kimi raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb.

Numan Kurtulmuş və nümayəndə heyətinin üzvlərinin erməni terrorunun acı nəticələri ilə tanış olması bir daha təcavüzkar erməni siyasətinin iç üzü ilə türk qardaşlarımızın daha da yaxından tanış olmasında əhəmiyyətlidir. Düzdür, 44 günlük Vətən müharibəsində bu və digər faktlar erməni kimliyini dünya ictimaiyyətinə yaxından tanıtdı. İndi ölkəmizə dost niyyəti ilə gələn hər kəsi işğal altında olan və müharibə dövründə qanunsuz olaraq Bərdə, Gəncə kimi şəhərlərimizi güllə-bəran edən ermənilərin çirkin niyyətləri ilə yaxından tanış olurlar. Əlbəttə ki, bu səfər və görüşlər Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında geniş perspektivlər açır və münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcək.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə