“Paşinyan ordu üzərində tam nəzarəti təmin edə bilmir” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Ermənistan tərəfi 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il Moskva razılaşmasının icra olunmasının qarşısını almaq cəhdlərini davam etdirir. Baxmayaraq ki, ayın əvvəllərində keçirilən görüşdə Rusiya dövlət başçısı V. Putin N.Paşinyana bu istiqamətdə işləri sürətləndirmək zərurətini bir daha təkrar etdi. Ancaq bir dəyişiklik olmadı”. Bunu ANAP-ın sədri Abutalıb Səmədov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan üçtərəfli komissiyada iyun ayından iştirak etmir və nəzərdə tutulan qrafik pozulmaqda davam edir: “Bütün bu məsələlərdən, Ermənistanın davranışından hiddətlənən prezident V.Putin, iyulun 23-də Rusiya Təhlükəsizlik Şurasının iclasında kəskin bəyanatla çıxış etdi. Açıq şəkildə dedi ki, üçtərəfli bəyanatın icrasının qarşısını almağa yönəlmiş hərəkətlərə yol verən adamlar anlamalıdırlar ki, bunun alternativi yalnız bir şey ola bilər- müharibə! Əgər bu baş verərsə, tökülən qanın günahkarı razılaşmaları pozanlar olacaq! Elə həmin gün, iyulun 23-də erməni snayperi Azərbaycan Ordusunun gizirinə atəş açaraq onu qətlə yetirdi”.
A. Səmədov bildirdi ki, iyulun 27-dən 28-nə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərinə qarşı hücum edildi və postlarımızın ələ keçirilməsinə cəhdlər göstərildi: “Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi məhv edildi. Atəşkəsi pozan, hərbi əməliyyatların başlanmasına çalışan hansı qüvvələrdir? Bu cəhdlər Rusiyanın Ermənistanı cəzalandırması, 44 günlük müharibədə düşdüyü rəzil vəziyyəti bir daha xatırlatması və üçtərəfli razılaşmanın icrasını sürətləndirməyə məcbur etməsi kimi qiymətləndirilə bilərmi? Bir şey aydındır. N.Paşinyanın atəşkəsin pozulmasından nəsə qazanması mümkünsüzdür və onu bu halda ağır məğlubiyyət, ölkədə sabitliyin pozulması, iqtisadi durumun bir az da pisləşməsi gözləyir. Son günlər baş verənlər Azərbaycanı təxribata çəkmək cəhdi də ola bilər. Ancaq atəşkəsin pozulmasının əsas səbəbini, məncə, Ermənistan liderinin ordu üzərində tam nəzarəti təmin edə bilməməsində və Rusiyanın təsiri altında olan qüvvələrin təxribat cəhdlərində axtarmaq lazımdır. Güman edirəm ki, bu cəhdlər uzun sürməyəcək və dərsini alan Ermənistan üçtərəfli razılaşmanın reallaşması, ilk növbədə, “Zəngəzur dəhlizi”nin açılması istiqamətində zəruri işləri görməyə başlayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə