Erməni təxribatının xronologiyası: son 5 gündə AKTUAL

Geqarkunik (Basarkeçər) vilayətinin qubernatoru Qnel Sanosyanın məlumatına görə, Ermənistan tərəfinin daha bir əsgəri itkin düşüb

İyulun 28-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri davam edir. Müdafiə Nazirliyi qeyd edir ki, bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılıb.

SİA xəbər verir ki, hazırkı vaxta qədər düşmən tərəfinin 3 nəfər hərbçisi məhv edilib (yazını hazırkayarkən, bu sayın 5 nəfərə yüksəldiyi bildirilir) 2 nəfər hərbçisi isə yaralanıb. Azərbaycan Ordusunun da 2 nəfər yaralısının olması barədə rəsmi məlumat verilib.

Bu arada, erməni mənbələrinə məxsus teleqram səhifələrində onların daha çox itki vermələri barədə məlumatlar yayılmaqdadır. Belə ki, Geqarkunik (Basarkeçər) vilayətinin qubernatoru Qnel Sanosyanın məlumatına görə, Ermənistan tərəfinin daha bir əsgəri itkin düşüb və onun haqqında informasiya əldə edilə bilinmir.

Ermənistanın ombudsmanı Arman Tatoyan isə döyüşlərin Basarkeçərin Zod, Kut, Azad, Norabak, Nerkin Şorja, Verin Şorja istiqamətlərində davam etdiyini iddia edib.

Xatırladaq ki, iyulun 23-də erməni snayperi Azərbaycan Ordusunun gizirinə atəş açaraq onu qətlə yetirib. Həmin gündən etibarən hadisələrin xronologiyasını təqdim edirik:

İyulun 24-də isə erməni tərəfi ərazidə fəaliyyət göstərən traktoru qumbaraatandan atəşə tutub.

İyulun 25-də Azərbaycan SQ-nə məxsus yük avtomobili düşmənin atəşinə məruz qalıb.

İyulun 26-da hərbçilərimizin mövqeləri yenidən atəşə tutulub və bir hərbçimiz yüngül yaralanıb.

İyulun 27-dən 28-nə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərinə qarşı hücum edilib və postlarımızın ələ keçirilməsinə cəhdlər göstərilib. Lakin döyüşçülərimiz düşmənə sarsıdıcı zərbələr endirməklə onu geri çəkilməyə məcbur edib.

Maraqlıdır ki, hətta Rusiya tərəfinin təşəbbüsü ilə təklif edilən atəşkəs razılaşmasına baxmayaraq, düşmən öz xislətini davam etdirir. Rəsmi məlumata görə, Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir. Buna baxmayaraq, Ermənistan XİN onu da iddia edir ki, hazırda sərhəddəki vəziyyət sabitdir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə