Dumanın deputatı: Görünür, Cənubi Qafqazdakı sabitlik rəsmi İrəvana sərfəli deyil - MÜSAHİBƏ

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, “Rodina” partiyasının sədri Aleksey Zhuravlev “Moskva-Bakı” portalına verdiyi müsahibədə Rusiya və Azərbaycan prezidentlərinin Moskvadakı görüşü, habelə Avropa İttifaqı nümayəndələrinin Qafqaza mütamadi səfərləri barədə fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Moskvada Rusiya və Azərbaycan prezidentləri arasında görüş keçirildi. Sizcə, danışıqların pərdə arxasında nələr olub?

- Görüş, gördüyümüz kimi ənənəvi olaraq çox isti, mehriban bir şəraitdə keçdi. Mövzular arasında, qeyd etdiyiniz kimi, Rusiya, Azərbaycan və Ermənistanın Qarabağ nizamlanmasına dair üçtərəfli razılaşmalarının həyata keçirilməsi əsas idi. Çox güman ki, Vladimir Putin və İlham Əliyev görüş zamanı intensivləşən Qərb təşəbbüslərinə qarşı mübarizə variantlarını müzakirə etdilər. Ümumiyyətlə, Rusiya tərəfi Qafqazdakı sabitlikdə maraqlıdır, hazırda qonşu bölgələrdə vəziyyət anlaşılmazdır. Xatırladım ki, ABŞ ordusunun Əfqanıstandan çıxarılması ilə bağlı vəziyyət dəyişdi, fərqli istiqamətdəki silahlı qruplar maraqlarını ən dəhşətli şəkildə bəyan etdi. Buna görə inanıram ki, indi Moskva və Bakı Qarabağdakı vəziyyəti düzəltməyə çalışacaqlar. Bu, yalnız İrəvan və onun qərbli ağaları üçün zərərlidir.

- Siz Qərbdən danışırsınız ... Aİ nümayəndələrinin Cənubi Qafqaz dövlətlərinə müntəzəm turları, sizin fikrinizcə nə məqsəd güdür? Keçən həftə Bakı, İrəvan və Tbilisiyə səfər edən Avropa Şurasının rəhbəri Çarlz Mişel Aİ-nin Azərbaycan və Ermənistan arasında son sülhə töhfə verməyə hazır olduğunu söylədi Ancaq keçən noyabr ayında, Azərbaycanla Ermənistan arasındakı müharibə vaxtı, ondan sonra Moskva vasitəçi və barışdırıcı rolunu oynayanda, təsirli bir nəticə əldə ediləndə Aİ harada idi?

- Qərb heç vaxt nə Rusiyada, nə də Qafqazda sülhdə maraqlı olmayıb. Hər hansı bir böyük və ya kiçik müharibə, hər hansı bir siyasi böhran, hər hansı bir küçə qarışıqlığı- bunların hamısı Avropa və ABŞ-ın maraqlarına cavab verir. “Divide and Conquer”in qədim prinsipi hələ də yaxşı işləyir. Və Moskva bir yerdə vasitəçi, sülhün təşəbbüsçüsüdürsə, Qərbin məntiqinə görə bu yerə zərbə vurmaq lazımdır. Əvvəlcə, yenidən müharibə, xaos, iğtişaşlara səbəb olmaq, ikincisi, Rusiyanın imicinə zərbə vurmaq, xarici siyasət strukturlarının, prezidentin özünün səlahiyyətlərini şübhə altına almaq üçün.

Beləliklə, Qərb siyasətçilərinin hər hansı bir səfəri həmişə hərbi işğal kimi deyilsə, buna hazırlıq kimi qəbul edilməlidir. İndi, əlbəttə ki, "hibrid müharibə" deyilən daha çox elementdən istifadə edirlər, lakin Qərb müstəmləkəçilərinin DNT-sində həmişə ölüm susuzluğu var.

- Bütün bu müddətdə kimlər məsuliyyət daşıyır və Fransa bölgəyə yardım baxımından niyə bu qədər fəaldır?

- Bu siyasətdə “kollektiv qərb” prinsipi hökm sürür, lakin bu “hörümçəkli bankın” öz rəqabəti var. Böyük Britaniyanın- qitənin ən güclü ölkələrindən birinin Avropa İttifaqını tərk etməsindən sonra sual ortaya çıxdı- indi kim rəhbərdir. Söhbət Aİ-dən də deyil, bütövlükdə Avropadan, "tarixi" Avropadan gedir. Fransa əsrlər boyu bir dəfədən çox liderlik etmişdir. İndi liderliyə əsas namizəd Almaniyadır. Almaniya “Şimal Axını 2” layihəsindəki maraqlarına uyğun olaraq ABŞ-ı faktiki olaraq məğlub etdi və bu güclü bir kozırdır. Fransa artıq “Minsk razılaşmaları”na qatılmaqla təsir gücünü artırmağa çalışdı, amma Qərbdəki “Ukrayna məsələsi” artıq cığallığı kənara qoydu və Paris “Donbass sülhməramlıları” imicində parazitlik etməkdən bezdi.

Budur, Fransanın özü üçün siyasi xal qazanmağa çalışdığı yeni bir mövzu. Yeri gəlmişkən, Fransa Avropanın ən böyük erməni diasporlarından birinə sahibdir. Beləliklə, bütün bu proseslərə hansı qüvvələrin rəhbərlik etdiyini, Parisin Cənubi Qafqaz hadisələrində kimin mənafeyinə qatıldığını görə bilərik.

- Aİ Cənubi Qafqazın ən zəif dövləti olan Ermənistan vasitəsi ilə hərəkət etməyə çalışmırmı? Yalnız seçkilər keçiriləndən və Konstitusiya Məhkəməsi müxalifətə nəticələrini yenidən nəzərdən keçirməkdən imtina edəndən sonra çoxları İrəvanın nəhayət, sağlam düşüncənin tərəfini tutduğuna sevindilər, amma Nikol Paşinyan bəyan etdi ki, guya Azərbaycan sərhədlərin delimitasiyası və demarkasiyasına mane olur ... Və sonra, Azərbaycan mövqelərinin fasiləsiz atəşə tutulması ... Demək olar ki, bir gün belə olmur ki, bu, baş verməsin ...

- Təəssüf ki, Paşinyan şərti olaraq qərbyönümlü liberallara və ya navalnistlərə aid edilə bilən qüvvələrin hakimiyyətdə necə davranacaqlarının bariz nümunəsidir. Paşinyan Cənubi Qafqazdakı "zəif" bir əlaqə deyil, “Kollektiv Qərb”in bölgədəki təsir agentidir. Ancaq əsas odur ki, indi Rusiyada, Azərbaycanda və Türkiyədə hakimiyyətdə bu və ya digər şəkildə özlərini Qərbə, onun maraqlarına və mədəniyyətinə qarşı qoyan qüvvələr var! Gücümüz həqiqətdədir!

- Regiondakı son hadisələrə əsasən, qəti şəkildə deyə bilərik ki, prosesi yenidən sarsıtmağa, situasiyanı öz planlarına uyğun aparmağa çalışan qüvvələr var və bu planlar Azərbaycanla Ermənistan arasında yeni toqquşmalara səbəb olmaqdadır. Regional sülhün əldə olunmasına çalışan proses iştirakçıları bu cəhdlərə necə müqavimət göstərməlidirlər?

- Bu, yalnız Moskvanın deyil, həm də Bakının məsələsidir. Bölgədə çox maraqlarımız var, bizi ortaq tarix birləşdirir. Ancaq Moskvanın baxışı yenə də kənardan baxışdır. Bakı hadisələrin mərkəzindədir. Ancaq yaxşı xəbər budur ki, Rusiya ilə Azərbaycanın bölgənin necə inkişaf etməsi barədə bir çox ümumi fikirləri var. Qonşu dövlətlərin sülh şəraitində, qarşılıqlı fayda əməkdaşlıq şəraitində, mehriban münasibətdə yaşamalı olduqları barədə ciddi bir anlayış var. Burada bizə "mantar dəbilqəsində" heç bir partnyor lazım deyil, çünki onlar bizə yaddır!

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə