Mərkəzi Avropa ölkələri fəaliyyətlərini daha sıx koordinasiya edəcək

Mərkəzi Avropa ölkələri koronavirus pandemiyasına qarşı mübarizədə regional əməkdaşlığın gücləndirilməsi və fəaliyyətin daha sıx koordinasiya edilməsini müzakirə edib. SİA-nın verdiyi məlumata görə, “Central Five” formatının (Avstriya, Çexiya, Macarıstan, Sloveniya və Slovakiya) xarici işlər nazirlərinin növbəti görüşündə bu mövzu ilə yanaşı, Sloveniyanın Aİ Şurasına sədrlik dövrü üçün prioritetləri, eləcə də Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlüyə qəbulu ətrafında fikir mübadiləsi aparılıb.

Avstriya Xarici İşlər Nazirliyindən bildirilib ki, müzakirələrin əsas məqsədi pandemiyanın gedişatında hansısa ölkənin qəbul etdiyi məhdudiyyət və sair qərarların digər ölkələr üçün sürpriz effekti yaratmasının qarşısını almaqdır. Bu, ilk növbədə ölkələrarası gediş-gəliş qaydalarına, sərhəd-keçid məntəqələrində yoxlanış və tranzit nəqliyyata aid məsələlərdə qarşılıqlı koordinasiya və anlaşmaya şamil olunacaq.

Nazirlər səviyyəsində keçirilən görüşdə peyvənd kampaniyasının əhəmiyyəti vurğulanıb və peyvəndlərlə bağlı saxta məlumatların yayılmasına qarşı mübarizənin gücləndirilməsi barədə də danışılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə