"Minsk Qrupu yeni geosiyasi reallıqların yarana biləcəyi təqdirdə..." - EKSPERT RƏYİ
“ATƏT-in Minsk qrupunda təmsil olunmuş dövlətlərin mövcud münaqişəyə münasibətdə müəyyən məsələlərdə mövqeləri üst-üstə düşür. Bu günlərdə ABŞ-ın Bakıdakı səfiri də bəyan edib ki, onlar Rusiya ilə bu münaqişənin həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də regionda sabitliyin təmin edilməsi yönündə bundan sonra da əməkdaşlıq etməyə hazırdırlar. Bu faktın özü göstərir ki, Minsk Qrupu bu formatın saxlanılmasında və əslində münaqişə tərəfləri arasındakı münasibətlərin məhz bu qurumun nəzarəti altında öz həllini tapmasında maraqlıdırlar”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
.jpg)
Politoloqun sözlərinə görə, bütün bunlar göstərir ki, Minsk Qrupunda təmsil olunmuş dövlətlərin hər biri ayrılıqda regionda gedən geosiyasi prosesləri, münaqişə tərəfləri arasında münasibətləri ciddi nəzarət altında saxlayır və hər biri özünün geosiyasi maraqlarından çıxış edirlər: “Əsas məsələ ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupunun mövqeyində də bu öz əksini tapır ki, münaqişə siyasi anlamda və hüquqi müstəvi üzərində tam mənada öz həllini tapmayıb. Görünür, Minsk Qrupunda təmsil olunmuş dövlətlər hansısa bir mərhələdə Dağlıq Qarabağın statusu ətrafında müzakirələrin yenidən başlanmasında və mahiyyət etibarilə uzaq perspektivdə də olsa Azərbaycan daxilində Qarabağ ermənilərinə bu və ya digər statusun verilməsində maraqlıdırlar. Etiraf etmək lazımdır ki, əslində Dağlıq Qarabağla bağlı danışıqlar bölgədə kifayət qədər müstəqil siyasət yeridən Azərbaycan dövləti üçün müəyyən təziq və təhdid vasitəsidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində rol oynayan bir dövlətdir və geostrateji bölgədə yerləşir. Nəqliyyat-kommunikasiya xətlərinin açılmasından sonra bölgənin əhəmiyyəti daha da artacaq. Buna görə də Azərbaycan hakimiyyətinə təziq göstərmək üçün yəqin ki, ATƏT-in Minsk Qrupunda təmsil olunmuş dövlətlərin hər biri ayrı-ayrılıqda bu statusun verilməsini istəyirlər”.
E.Manafov vurğulayıb ki, nə qədər ki, münaqişə tərəfləri arasında regionda uzunmüddətli sülhə təminat verə biləcək sülh müqaviləsi imzalanmayıb, ATƏT-in Minsk Qrupu məhz bu formatda öz fəaliyyətini davam etdirməsinə ehtiyac var: “Əlbəttə, rəsmi Bakı bu məsələdə ATƏT-in Minsk Qrupu ilə əməkdaşlıq etməkdən imtina etmir. Lakin hazırda rəsmi Bakının və ATƏT-in Minsk Qrupunun mövqelərində əsas fərqli amil ondan ibarətdir ki, rəsmi Bakı artıq elan edib ki, Azərbaycan dövləti daxilində erməni icmasına heç bir statusdan söhbət gedə bilməz. Təssüflər olsun ki, illər boyu bu problemin həlli istiqamətində real təkliflər verməyən ATƏT-in Mink Qrupu isə əks mövqedə dayanır. Görünür, yeni geosiyasi reallıqların yarana biləcəyi təqdirdə özlərinə lazım ola biləcək layihənin reallaşması üçün müvafiq şəraitin yaranmasını gözləyirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB