Azərbaycana qarşı qərəzli mövqe iflasa məhkumdur ŞƏRH

Azərbaycana qarşı qərəzli mövqe iflasa məhkumdur ŞƏRH

Prezident İlham Əliyev: “Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir”

44 günlük Vətən müharibəsi dövründə qazanılan möhtəşəm qələbə Azərbaycanın təkcə döyüş meydanında deyil, siyasi və diplomatik cəbhədə, beynəlxalq arenada böyük üstünlük qazanmasıdır. Bütün bunların bir məntiqi nəticəsi var - Azərbaycana qarşı qərəzli mövqe iflasa məhkumdur. İnkarolunmaz həqiqətdir ki, Azərbaycan bu müddət ərzində reallıqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb, erməni yalanlarını ifşa edib. Paralel olaraq ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətləri uğurla inkişaf etdirilib, Azərbaycanın dostlarının və tərəfdaşlarının sayı artıb. Həmçinin, Azərbaycanın məqsədyönlü diplomatiyası nəticəsində keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mühüm qərar və qətnamələr qəbul olunub. Müzəffər Ali Baş Komandanımız martın 20-də Şuşada etdiyi müraciətdə bu məsələlərə toxunaraq deyib ki, biz Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırmalı idik və çatdıra bildik. Dövlətimizin başçısının bildirdiyi kimi, beynəlxalq təşkilatlarda fəal işləyirdik və bizə sərf edən, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən, ona əsaslanan vacib qərar-qətnamələri qəbul etdirə bildik: “Bu, Qələbəmizin hüquqi əsası idi, haqq-ədalətin bərpasının hüquqi əsası idi. Biz iqtisadi güc toplamalı idik və topladıq”. Bəli, 44 gün ərzində haqq-ədalətin bərpasına nail olduq, ərazi bütövlüyümüzü bərpa etdik. Ancaq işğaldan azad edilən Qarabağda erməni vandallarının illərlə törətdikləri vəhşi əməllər ürək ağrıdıb. Və bu gün işğaldan azad olunmuş torpaqlarımız erməni vəhşiliyinin şahididir.

“Beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər həqiqətləri”

Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında, müsahibələrində, görüşlərində dönə-dönə vurğulayıb ki, son onilliyində erməni vandallarının torpaqlarımızda törətdikləri vəhşilikləri, tökülən qanları Azərbaycan xalqı heç bir zaman unutmayacaq. Azərbaycan Prezidenti deyib ki, azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir: “Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam”. Bəli, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində azad edilən torpaqlarımız da şahid olub düşmənin işğalçılıq əməliyyatlarına. Ermənilər nələr etməyiblər ki? Bina və məscidlərimiz dağıdılıb, məscidlərdə heyvan saxlayıblar, müqəddəs abidələrimizi təhqir ediblər. Su elektrik stansiyalarını dağıdıblar. Bu vəhşiliklərin sırası o qədər genişdir ki, sadalamaqla bitmir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 16 mart tarixində Şuşa şəhərinə səfəri tarixi hadisələrdəndir. Ona görə ki, milli və sevimli bayram, Novruz bayramı günlərində baş tutan bu səfər xalqımızın qan yaddaşında iz salan ənələrimizin bu gözəl torpaqda reallaşmasına imkan yaratdı. 30 ilə yaxın bir dövrdən sonra gözəl Şuşamız Novruz sevincini yaşadı. Bayram tonqalının şöləsi ucalara qalxdı. Dövlətimizin başçısının qələbə sevincini birə min artıran bayram əhval ruhiyyəsi insanların ovqatını da rövnəqləndirdi. Azərbaycanın qədim yaşayış məskənlərindəm olan Şuşadakı tarixi abidələr sübut edir ki, Azərbaycan xalqının zəngin və dəyərli tarixi var. Buna misal olaraq Şuşa şəhərinin tarixi mərkəzində yerləşən Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi sarayı göstərmək olar. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar. Düşmən torpaqlarımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Dəhşətli burasıdır ki, onlar işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar. Şuşa Dövlət Rəsm Qalereyasının binası, Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan Şuşa Xalça Muzeyi də ciddi ziyan görüb.

Azərbaycan əsgəri dünyaya göstərdi ki, başqasının torpağını zəbt edərək vəhşiliklər törədənlərin aqibəti yalnız məğlubiyyət ola bilər

Heç bir tarixi keçmişi olmayan, lakin böyük xülyalarla işğalçılıq əməliyyatları edən, əlbəttə ki, öz himayədarlarının köməkliyi ilə, insanları öldürən, talançılıq edən və bundan sonra başqasının torpaqlarını da darmadağın edərək özünə “tarixi keçmiş”, “abidələr” yaratmağa çalışan məkrli düşmənin istəyi baş tutmadı. 30 ilə yaxın dövrdən sonra Azərbaycan Ordusu, şücaətli əsgərlərimiz düşməni məhv edərək torpaqlarımızı azad etdilər. İllər boyu haray çəkən torpaqlarımız düşmən əsarətindən azad olunduqdan sonra, yurdumuzun ərazi bütövlüyü təmin edildikdən sonra insanlar elə bil ki, dərindən nəfəs ala bildilər. Uzun illər həmsədr dövlətlərin, özü də düşmənin himayədarlarının iştirakı ilə aparılan danışıqların bəhrə vermədiyini hərb yolu ilə zəfər qazanan igid Azərbaycan əsgəri dünyaya göstərdi. Göstərdi ki, başqasının torpağını zəbt edərək vəhşiliklər törədənlərin aqibəti yalnız məğlubiyyət ola bilər.

Dünyaya ən mühüm mesaj: “Azərbaycan o torpaqlara qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıdıb”

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərləri və orada səsləndirdiyi fikirlər dünya ictimaiyyətinə siyasi mesajdır. İşğal vaxtı törədilmiş vəhşiliyin, dağıntıların miqyası göstərir ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etmiş, Azərbaycanın zəngin tarixi irsini silmək istəmişdir. Prezidentin səfərləri zamanı verilən ən mühüm mesajlardan biri budur ki, düşmən buna nail ola bilməyib: "Azərbaycan o torpaqlara qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıdıb".

Artıq 8 aya yaxındır ki, bu torpaqlarda Azərbaycan vətəndaşı addımlayır, Azərbaycan dilində danışılır. Azərbaycanın işçi qüvvəsi tikinti-quruculuq işlərinə başlamışdır. Dövlətimizin başçısı Şuşaya və digər azad olunan bölgələrə dəfələrlə səfərlər edib, Azərbaycanın üçrəngli bayrağını qaldırıb. Ermənilərin tör-töküntüləri ərazilərdən təmizlənir. Yəni düşmənin basdırdığı minalardan təmizləmə işləri sürətlə aparılır. Şuşanın bərpa olunması ilə bağlı bəzi layihələr Heydər Əliyev Fondu tərəfindən icra olunacaq. Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Artıq işlərə start verilib. Bunu, həmçinin Molla Pənah Vaqifin büstünün bərpası layihəsini Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək. Şuşa regionun ən gözəl istirahət bölgəsinə çevriləcəkdir.

Qaliblər həmişə yüksək ehtirama layiqdirlər

Bəli, illər keçəcək, tariximizin qanlı-qadalı, həm də zəfər qazandığı illəri, hadisələri heç bir zaman unudulmayacaq. Törədilən hər bir cinaytə, vəhşiliyə görə düşmən tarix qarşısında cavab verəcək. Təbii ki, yeni reallıqlar yaradan, tarixi ədaləti bərpa edən Azərbaycan tərəqqi yolunda inamla irəliləyəcək.

Prezident İlham Əliyevin işğaldan azad edilən rayonlara səfərləri zamanı etdiyi çıxışlarında vurğuladığı kimi, necə birlik, həmrəylik göstərib torpaqlarımızı azad etdik, həmin birlik sayəsində də bərpa, quruculuq işlərini həyata keçirəcəyik. Ərazilərimiz bərpa planına uyğun olaraq yenə də əvvəlki vəziyyətinə qayıdacaq, torpaqların potensial imkanından istifadə edilməklə regional inkişaf proqramlarının uğurlu icrası daha da sürətlənəcək, Qarabağın yaraları sağaldılacaq, bu ərazilər cənnət məkana çevriləcək, hər zaman olduğu kimi, “Dəmir yumruğun” gücü ilə Azərbaycana qarşı qərəzli mövqe duranlar iflasa məhkumdur, məhkum da olacaqlar. Və mənfur düşmən unutmamalıdır ki, Azərbaycan illər öncədən regionda lider, dünyada söz sahibi idi. Prezident İlham Əliyevin Ermənistanı əzən dəmir yumruğu isə ölkəmizin beynəlxalq aləmdə imicini, yerini və mövqeyini daha da möhkəmləndirdi. İndi dünya ictimaiyyəti Azərbaycana daha ehtiramla yanaşır. Çünki qaliblər həmişə yüksək ehtirama layiqdirlər. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə