“Qarabağın hər qarışında Azərbaycan qanunları hökm sürəcək” DEPUTAT MARAQLI MƏQAMLARA TOXUNDU

Araik Arutyunyanı mitinqə həvəsləndirənlər, eyni zamanda da əl altından onu təşkil edənlər Robert Koçaryanı zorla hakimiyyətə itələmək istəyənlərdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Millət vəkilinin sözlərinə görə, bununla bağlı Milli Məclisdəki çıxışında da vurğulayıb ki, Şuşa Bəyannaməsi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ortaya qoyduğu qəti iradə belə cəhdlərin qarşısını alacaq.

“Şuşa Bəyannaməsi ilə həm Azərbaycan, həm də Türkiyə göstərdi ki, Qarabağda preseslər ancaq və ancaq həmin torpaqların aid olduğu dövlətin maraqları çərçivəsində getməlidir və arxasında kimlərin durmasından asılı olmayaraq əks yöndə bütün cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Həmin bəyannamənin əsas geosiyasi mahiyyəti məhz bundan ibarət idi. Ona görə də fikirləşirəm ki, məhz Ermənistandakılar pisin pisini seçməyə məcbur edilmədilər. Ssenari nisbətən yavaş, çağdaş texnologiyalar tətbiqi və savaş zamanı sərgilənən dırnaqarası neytrallıq çərçivəsində getdi. Hayların da göründüyü kimi, 50 faizindən yuxarısı məhz rüsvayçı, təslimçi aktı imzalayan Paşinyana səs verdi. Bu səs o demək idi ki, Koçaryana və Qarabağ klanının digər təmsilçilərinə nifrət təslimçi aktı imzalamış Paşinyana olan nifrətdən daha böyükdür və hər halda haylar başlarına gətirilən fəlakətlərdə Koçaryan-Sarkisyan cütlüyünün və bu cütlüyün arxasında duranların rolunun daha böyük olduğunun fərqindədirlər.

Siz fikir versəniz görəcəksiniz ki, Rusiyadakı bəzi ekspertlər deyirlər ki, Qarabağsız Ermənistan heç bir dövlət üçün maraqlı deyil. Ola da bilər ki, Qarabağsız Ermənistan müəyyən imperialist çevrələr var ki, onlar üçün maraqsız olsun. Amma, nəzərə alınmalıdır ki, Qarabağ Azərbaycan torpağıdır və bu savaşda Azərbaycan oğulları ona görə qan tökməyiblər ki, kimsə təzədən bir məram adı altında Qarabağda başqa bir marağı reallaşdırsın, Arutyunyan kimi əl fiqurlarını hansısa mitinqlər keçirməyə və separatçılıq yönündə digər addımlara həvəsləndirsin. Bu mümkünsüzdür. Bu, həminn Arutyunyanın arxasında duran qüvvələrin özü üçün də konturproduktivdir və zaman gələndə bunu da çox açıq-aydın görəcəklər. Bir daha deyirəm, Arutyunyanın orada nə etməsindən asılı olmayaraq və onu qabağa buraxan, terrorçuların Azərbaycan torpaqlarına keçib gəlməsinə göz yumanların hansı məqsəd güdmələrindən asılı olmayaraq, Qarabağda, Qarabağın hər addımında Azərbaycan qanunları hökm sürəcək, Azərbaycan nə istəyirsə o da olacaq və bu da təkcə Qarabağ torpağındakı azərbaycanlıların deyil, Arutyunyan kimi müəyyən nökərlər var, onları çıxmaqla, oradakı erməni xalqının da marağındadır.

Ümumiyyətlə, Qarabağdakı məliklərin törəmələri olan ermənilər də, sonradan ora köçürülən haylar da anlamalıdırlar ki, cənab Prezident İlham Əliyev həm də onların xilaskarıdır. Əgər normal şəraitdə yaşamaq istəyirlərsə, əgər başlarının üzərində aydın səma görmək istəyirlərsə, əgər üz tutduqları Ermənistanda belə nifrətlə üzləşmək istəmirlərsə, onda Azərbaycan Konstitusiyasına sığınaraq, Azərbaycan bayrağına tapınaraq, bu ölkənin digər vətəndaşları da necədirlərsə, onlar da o cür yaşamalıdırlar”, deyə Sahib Alıyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə