İbrahim Rəisinin adına təbriklər gəlməkdə davam edir

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli iyunun 19-da keçirdiyi mətbuat konfransında prezident seçkilərinin yekunları ilə bağlı məlumat verib.
SİA xarici saytlara istinadən xəbər verir ki, nazir iyunun 18-də keçirilən prezident seçkilərində 59 milyon 310 min 307 seçicidən 28 milyon 933 min 4 nəfərin iştirak etdiyini bildirib. Qeyd edib ki, onların 17 milyon 926 min 345-i İbrahim Rəisiyə səs verib. Bununla da İbrahim Rəisi İranın prezidenti seçilib.
Məğlub olan namizədlər və avqustun 3-də prezidentlik müddəti başa çatacaq Həsən Ruhani də yeni prezidenti təbrik ediblər. Təbriklər xarici ölkələrdən də gəlib. Artıq Azərbaycan, Türkiyə, İraq və Rusiya prezidentləri, Pakistanın Baş naziri yeni İbrahim Rəisini təbrik ediblər.
Nəzərə çatdırmaq lazımdır ki, bütün çətinliklərə baxmayaraq, İran İslam Respublikası taleyüklü məsələ olan prezident seçkilərini keçirdi və ölkənin gələcəyinin yeni mərhələsini başlatdı. Budəfəki prezident seçkiləri heç də rəvan bir dövrdə reallaşmadı. Əvvəlcə onu qeyd etmək lazımdır ki, İran iqtisadiyyatı ağır dövrünü yaşayır. İnflyasiyanın yüksəldiyi və sanksiyalarla sıxılan İran ictimaiyyəti digər tərəfdən də koronavirus pandemiyasından əziyyət çəkir. Böyük bazarların, ticarət mərkəzlərinin və iş yerlərinin koronavirusa görə bağlı qalması onsuz da ağır olan iqtisadi vəziyyəti daha da çətinləşdirib. Lakin xalq siyasi iradəsini ortaya qoyaraq seçkidə iştirak etdi. Bəzi xarici KİV-lər sanksiyalar nəticəsində İrandakı sosial-iqtisadi vəziyyətin son dərəcə dözülməz olması ilə əlaqədar xalqın seçkilərdə iştirak etməyəcəyini və İranda iqtisadi böhranla yanaşı, siyasi böhranın da baş qaldıracağını proqnozlaşdırırdılar. Lakin seçkiqabağı təbliğat-təşviqat kampaniyası zamanı namizədlər xalqa geniş izahat verdilər ki, iqtisadi böhranın əsas səbəbi İrana qarşı tətbiq olunan sanksiyalardır. Çəkilib kənarda dayanmaq nəinki çıxış yolu deyil, əksinə, vəziyyəti daha da pisləşdirməkdir və seçkidən kənarda qalmaq siyasi böhrana da səbəb ola bilər. Buna görə də İran xalqı prezident seçkilərində iştirak etdi və öz prezidentini seçdi.
Əlbəttə, İran siyasətində nə kimi dəyişikliklərin olacağını zaman göstərəcək. Lakin yeni Prezident İbrahim Rəisinin seçkiqabağı bəyanatları bəzi paralellərin aparılmasına imkan verir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, yeni prezident ilk növbədə iqtisadi vəziyyəti düzəltmək məcburiyyətindədir. Buna görə də sanksiyaların aradan qaldırılması üçün Qərb dövlətləri ilə danışıqlar davam etdiriləcək. İbrahim Rəisi bəyanatlarının birində bildirmişdi ki, prezident seçiləcəyi təqdirdə yaxın qonşularla iqtisadi-ticarət əlaqələrini daha genişləndirəcək. Azərbaycan İranın yaxın qonşularından biridir və hər iki dövlət beynəlxalq əhəmiyyət daşıyan iqtisadi və nəqliyyat layihələrin həyata keçirilməsi üçün birgə fəaliyyət göstərir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında İran ilə Azərbaycanın böyük səyləri var.
Bu məsələyə münasibət bildirən İranın Azərbaycandakı səfiri Abbas Musəvi yerli mətbuata açıqlamasında bildirib ki, İranda administrasiyanın dəyişməsi Azərbaycan ilə əlaqələrə heç bir mənfi təsir göstərə bilməz. İlk növbədə ona görə ki, qarşılıqlı iqtisadi əlaqələrin inkişafı hər iki dövlətin milli maraqlarına uyğundur. Müştərək tarixə, dinə və mədəniyyətə malik olan iki xalq arasındakı yüksək səviyyəli münasibətlər səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə dayanır. Ötən ay Astaraçay üzərində yeni körpünün salınması haqqında dövlətlərimiz arasında sənəd imzalandı. Bu, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında mühüm rol oynayacaq. Dəhliz vasitəsilə Avropa ilə Asiya arasında nəqliyyat “körpüsü” yaradılacaq ki, bu da yüklərin İran və Azərbaycan ərazisindən daşınmasını təmin edəcək, hər iki dövlət tranzit gəlirlər əldə etməyə başlayacaq. İran Astarasında Azərbaycan tərəfindən yük terminalının tikintisi, Neftçalada birgə avtomobil zavodunun fəaliyyəti, Bakı ətrafında İranın əczaçılıq zavodunun tikintisi, Ərdəbil vilayətində birgə sənaye şəhərciyinin salınması kimi işlər qarşılıqlı iqtisadi əlaqələri inkişaf etdirməklə yanaşı, tərəflər üçün faydalı iqtisadi layihələrdir. Azərbaycan-İran münasibətləri tarixin heç bir dönəmində bu qədər inkişaf etməyib.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın İran ilə sərhəddə yerləşən rayonlarının erməni işğalından azad edilməsi əməkdaşlıq üçün daha səmərəli və daha faydalı imkanlar yaradıb. İşğaldan azad edilən rayonlarda İran şirkətlərinin kənd təsərrüfatı sahəsinə sərmayə yatırmasına razılıq verilib. Bu ərazidə gömrük-keçid məntəqəsi də yaradılacaq ki, bu da sərhədyanı rayonların ticarət əlaqələrinin formalaşmasına və inkişaf etməsinə stimul olacaq.
Göründüyü kimi, iqtisadi sahədə geniş əlaqələr mövcuddur ki, hazırkı dönəmdə İranın buna böyük ehtiyacı var. Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, rəsmi Tehranın yeni administrasiyası nəinki münasibətləri dəyişməyəcək, əksinə, onu daha əhatəli inkişaf istiqamətinə yönəldəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə