"Baş verən bu ekstremal hava şəraitinin, güclü yağıntıların düşməsinin səbəbkarı təkcə iqlim deyil. Hər hadisəni də iqlim üzərinə atmaq düzgün deyil. Burada əsas rolu şəxsən mən baş verən müharibələrdə atılan saysız-hesabsız raketlərin partlamasında görürəm. Bu raketlər atmosferin təbii strukturunu və nizamını pozur".
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.

Onun sözlərinə görə, müharibələr zamanı ölkələr çoxlu miqdarda qazıntı yanacağı istehlak edir, hərbi texnika və döyüş əməliyyatları zamanı xeyli miqdarda karbon qazı və digər zərərli maddələr atmosferə buraxılır: "Bombalama və döyüşlər meşələrin məhv olmasına və güclü yanğınların baş verməsinə səbəb olur. Meşələrin məhv olması isə təbiətin karbon qazını udmaq qabiliyyətini azaldır.
Müharibə infrastrukturu məhv edir, su hövzələrinin və torpağın təhlükəli kimyəvi maddələrlə çirklənməsinə səbəb olur. Müharibələr vəhşi təbiətin ölümünə və yaşayış yerlərinin məhv olmasına gətirib çıxarır. Bu münaqişələrin təxminən 80%-i yüksək biomüxtəlifliyə malik bölgələrdə baş verir. Çirklənmə və meşə itkisi kimi ətraf mühitə təsirlər bundan sonra yer üzündə onilliklər ərzində hiss edilə bilər.
Müharibələr iqlimin dəyişməsini sürətləndirir. İqlim dəyişikliyi qlobal su dövranını kökündən dəyişdirir, yağıntıları daha həddindən artıq və gözlənilməz edir. Əsas mexanizm sadədir: isti hava daha çox nəm saxlayır (hər dərəcə Selsi üçün təxminən 7% daha çox) və bu da qaçılmaz olaraq yağıntı və qar yağışlarının artmasına səbəb olur.
İqlim dəyişikliyi atmosferdə hidroloji dövrü gücləndirir, planetdə temperaturun yüksəlməsinə səbəb olur, bu isə buxarlanmanı artırır və yağıntıları daha qeyri-müntəzəm edir. Həddindən artıq leysan hadisələri baş verir və daşqınların tezliyi artır; tropik və subtropik bölgələrdə quraqlıq isə güclənir. Qar yağışı yağışla əvəz olunur və su ehtiyatları azalır. Atmosferin istiləşməsi nəticəsində havanın daha çox rütubəti saxlaması daha güclü leysan yağışlarına səbəb olur. Havanın temperaturunun yüksəlməsi ətraf mühitdən və quru səthindən nəmin buxarlanmasını artırır, quraqlığı gücləndirir və su qıtlığına yol açır.
Yağışların ənənəvi qaydaları dəyişir. Nəinki yağıntıların miqdarı, hətta fəsillərin dövr etməsində dəyişikliklər baş verir. Yağıntıların mövsümliliyi dəyişir; tipik yağıntılar intensiv, qısamüddətli leysanlarla əvəz olunur. Yağıntı intensivliyinin artması tez-tez baş verən daşqınlara səbəb olur. Yağan leysan yağışlarından sonra isə adətən quru mövsümü başlayır. Uzun müddət davam edən quraqlıqlar su ehtiyatlarının mövcudluğunu dəyişdirir. Bu yağıntıların kənd təsərrüfatına ciddi təsiri olur. Dəyişən yağıntı rejimi ərzaq təhlükəsizliyinə də təsir göstərir. Dağların başında olan buz ehtiyatlarının, buzlaqların qlobal istiləşmə nəticəsində əriməsi isə çayların qidalandırıcı suyunun ritminin pozulmasına səbəb olur.
Mənim nöqteyi-nəzərimə görə, iqlim dəyişikliyi öz-özlüyündə təbii yolu ilə getsəydi, belə ağır fəsadlar törənməzdi. İqlim dəyişikliyi təbiətdə hər zaman təbii qanunauyğunluqla baş verir.
Lakin müasir müharibələr iqlimə ciddi ziyan vurur və onun dəyişməsini sürətləndirir. Belə ekstremal halların baş verməsi güclü antropogen təsirlər nəticəsində baş verir. Müharibələr zamanı bütün ölkələrin yaydığı böyük miqdarda istixana qazı və çoxsaylı kimyəvi zəhərli maddələr havaya buraxılır. Bu isə ekosistemləri məhv edir, yanğınlara səbəb olur, havanı, torpağı və suyu çirkləndirir və qlobal iqlim böhranını daha da şiddətləndirir. Hərbi əməliyyatlardan yaranan emissiyalar çox vaxt beynəlxalq nəzarətdən kənarda qalır.
Beləliklə, silahlı münaqişələr "iqlimə qarşı müharibə" kimi çıxış edir və istixana qazı tullantılarını azaltmaq və davamlı inkişafa doğru irəliləmək üçün beynəlxalq səylərə mane olur. Nəzərə alsaq ki, bütün bunlar bizim ətrafımızda baş verir, bu təbii fəlakətlər bizim üçün də qaçılmazdır".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB