İsti hava iştahanı azaldır, yoxsa sadəcə seçimləri dəyişir? - EKSPERT DANIŞDI

"İsti hava həm iştahanı azalda, həm də qida seçimlərini dəyişə bilər. Bu iki hal bir-birini tamamlayır, lakin eyni deyil".

Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.

Onun sözlərinə görə, isti havada iştahanın azalmasının əsas səbəbi orqanizmin temperatur balansını qorumağa çalışmasıdır: "Həzm prosesi isə istilik yaradır. Buna görə bədən daha az enerji sərf etməyə üstünlük verir və ağır, yağlı yeməklərə meyl azalır. Beyində iştahanı tənzimləyən mexanizmlər də istiliyə uyğun reaksiya verir. Xüsusilə günün ən isti saatlarında iştahanın azalması daha aydın müşahidə olunur.

Digər tərəfdən, qida seçimlərinin dəyişməsi də müşahidə olunur. İnsanlar instinktiv olaraq sərinləşdirici və yüngül qidalara, məsələn meyvə, tərəvəz və qatığa üstünlük verirlər. Sulu qidalar və içkilər daha cəlbedici görünür. İsti yeməklər əvəzinə soyuq və tez həzm olunan qidalar seçilir. Bu səbəbdən bəzən insan daha az yemir, sadəcə daha yüngül və fərqli qidalar qəbul edir. Bəzi insanlarda ümumi kalori qəbulu həqiqətən azalır, digərlərində isə gün ərzində az yeyib, axşam sərinlikdə daha çox yemək halları müşahidə olunur.

Bu səbəbdən hər iki proses paralel şəkildə baş verir və əsas məsələ bu dövrdə də balanslı və kifayət qədər qidalanmanı qorumaqdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə