“Türk dünyasının birliyi artıq reallıqdır” - Jalə Əliyeva

“Ulu Mustafa Kamal Atatürk ‘Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir’ ifadəsi ilə, sonrakı dövrlərdə isə Ulu Öndər Heydər Əliyev ‘tək millət, iki dövlət’ prinsipini ortaya qoyaraq bu birliyin əsasını formalaşdırıblar”.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva Milli Məclisdə Azərbaycan-Türkiyə-Şimalı Kipr parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun 13-cü iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, bu ideyalar illər boyu türk dünyasında həmrəylik və qarşılıqlı dəstəyin əsasını təşkil edib: “Totalitar rejim illərində belə bu birlik unudulmadı və ilk fürsətdə özünü açıq şəkildə göstərdi”.

Jalə Əliyeva Praqada keçirilən toplantını xatırladaraq qeyd edib ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub: “Ermənistan tərəfinin əsassız iddialarına cavab olaraq Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, ‘Türkiyə yoxdursa, mən varam’. Bu, qardaşlığın və strateji əməkdaşlığın ən bariz nümunəsidir”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikri artıq bir prinsipə çevrilib: “Bu ifadə ortaq kimliyimizi və gələcəyə baxışımızı müəyyənləşdirir. Ailə olmaq isə hər zaman bir-birinin yanında olmaq, çətin və xoş günlərdə dəstək vermək deməkdir”.

O qeyd edib ki, Türk dünyasının güclənməsi artıq real prosesdir: “Bir vaxtlar "21-ci əsr Türk əsri olacaq" deyimi səsləndirilirdi. Bu gün biz bunun əlamətlərini açıq şəkildə görürük. Bu gücün arxasında isə dövlət başçılarımız və onların ətrafında birləşən xalqlarımız dayanır”.

Sonda Jalə Əliyeva bildirib ki, türk dövlətləri arasında həmrəylik və qarşılıqlı dəstək gələcək inkişafın əsas təminatıdır: “Bu birlik həm tarixi məsuliyyətimiz, həm də gələcəyimiz üçün mühüm zəmin yaradır”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə