“Üçüncü toplantı, əvvəlki iki görüşün – Şimali Kipr Türk Cümhuriyyətində və Ankarada keçirilən toplantıların davamı olaraq bu gün Azərbaycanda reallaşdırılır. Bu buluşma yalnız diplomatik görüş deyil, eyni zamanda ortaq tariximizin, ortaq yaddaşımızın və ortaq gələcəyə olan inamımızın güclü təzahürüdür”.
SİA xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyəti–Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Rəsmiyə Eroğlu Canaltay Milli Məclisdə Azərbaycan-Türkiyə-Şimalı Kipr parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun 13-cü iclasında çıxışı zamanı deyib.
Rəsmiyə Eroğlu Canaltay bildirib ki, Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti ortaq tarixi və mədəni köklərə malikdir: “Bu birlik artıq yalnız emosional qardaşlıq çərçivəsində izah edilə bilməz. Doğu Aralıq dənizindən Qafqaza qədər uzanan geniş coğrafiya enerji, təhlükəsizlik, diplomatiya və iqtisadi əməkdaşlıq baxımından çoxölçülü təsir sahəsi yaradır”.
O qeyd edib ki, qlobal geopolitik dəyişikliklər bu əməkdaşlığın əhəmiyyətini daha da artırır: “Orta Şərqdəki münaqişələr, Doğu Aralıq dənizində artan hərbi fəallıq və enerji resursları üzərində rəqabət bölgəmizi dünyanın ən həssas məkanlarından birinə çevirib”.
Deputat vurğulayıb ki, üç ölkənin potensialı birləşdikdə güclü strateji güc formalaşır: “Türkiyənin diplomatik və müdafiə potensialı, Azərbaycanın Qarabağ zəfərindən sonra artan nüfuzu və Şimali Kiprin strateji mövqeyi birlikdə böyük imkanlar yaradır”.
Rəsmiyə Eroğlu Canaltay Şimali Kiprin roluna xüsusi diqqət çəkib: “Şimali Kipr Türk Cümhuriyyəti yalnız dəstək gözləyən tərəf deyil, Türk dünyasının Doğu Aralıq dənizinə açılan qapısıdır və bu bütövlüyün ayrılmaz hissəsidir”.
O əlavə edib ki, bu görüşlər yalnız həmrəylik deyil, ortaq vizyonun formalaşdırılması baxımından da əhəmiyyətlidir: “Parlamentlərarası dostluq qrupları bu prosesin əsas sütunlarındandır. Parlament diplomatiyası həm dövlətlərarası münasibətləri tamamlayır, həm də xalqlarımız arasındakı bağları gücləndirir”.
Sonda deputat konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb və bu cür görüşlərin davamlı olmasının əhəmiyyətini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB