Allergiyanın əzabı: baharın gözəlliyi hər kəsə sevinc gətirmir

Yaz gəlir… Təbiət sanki yenidən nəfəs alır. Ağaclar çiçəklənir, küçələr rəngə boyanır, havada bir təravət, bir ümid dolaşır. Amma bu gözəlliyin içində hər kəs eyni hissləri yaşamır. Bəziləri üçün yazın gəlişi sadəcə sevinc yox, həm də görünməyən bir mübarizənin başlanğıcıdır.

Yazın ilk nəfəsi ilə şəhər dəyişir, ağaclar çiçəkləyir, külək özü ilə təravət yox, görünməyən minlərlə tozcuq gətirir. Kimisi üçün bu, həyatın yenidən başladığı andır, kimisi üçün isə sonsuz asqırıq, yanğı və yorğunluq deməkdir. Sanki baharın ən gözəl səhnəsi pərdə arxasında gizli bir narahatlıq daşıyır; gözə görünməyən, amma hiss edilən bir yük kimi.

Bu mövsümdə insanlar iki cəbhəyə bölünür , biri çiçəklərin arasında şəkil çəkdirir, digəri isə pəncərələri bağlayıb nəfəsini qorumağa çalışır. Yazın romantikası hər kəsə eyni toxunmur. Bəziləri üçün o, qaçmalı olduqları bir fəsildir. Amma yenə də həyat dayanmaz , allergiyanın kölgəsində belə yaz öz sözünü deyir: hər çətinliyin içində belə yaşamaq davam edir.

Ağacların çiçək açdığı o incə anlarda havaya yayılan tozcuqlar – bir çox insan üçün allergiyanın səssiz düşməninə çevrilir. Kimisi səhərlər gözlərini açanda günəş işığını yox, qaşınan gözlərini hiss edir. Kimisi təmiz havaya çıxmaq istəyərkən nəfəsinin daraldığını anlayır. Sanki təbiətin ən saf halı, bəzi insanlar üçün əzaba çevrilir.

Ən qəribəsi isə budur: hər kəs yazın gözəlliyindən danışarkən, allergiyası olan insanlar bu gözəllikdən qaçmağa çalışır. Parklar, bağlar, çiçəkli küçələr – hamısı onlar üçün risk deməkdir. İnsan özünü təbiətdən gizlətməli olur… Bu isə yazın fəlsəfəsinə tam zidd bir hissdir.

Amma yenə də ümid var. Çünki hər bahar keçicidir, necə ki, bu çətinliklər də keçicidir. Bəlkə də yaz bizə yalnız gözəlliyi yox, həm də dözümlü olmağı, çətinliklərin içində belə yaşamağı öyrədir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə