“Türk dünyasının birliyi və Şimali Kipr Türk Cümhuriyyətinin önəmi artır” - Ziya ÖZTÜRKLƏR
“Həm Türkiyə, həm də Azərbaycan raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların hədəfi olmuşdur. Şükürlər olsun ki, insan itkisi qeydə alınmayıb. Bu fürsətdən istifadə edərək bir daha “keçmiş olsun” diləklərimizi çatdırır və münaqişənin ən qısa zamanda başa çatmasını, sülhün regionumuzda və bütün dünyada bərqərar olmasını arzulayıram".
SİA xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri, Şimali Kipr Türk Cümhuriyyəti-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ziya Öztürklər Milli Məclisdə Azərbaycan-Türkiyə-Şimali Kipr parlamentlərarası İşçi qrupunun 13-cü iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, regional müdafiə imkanlarının gücləndirilməsi və türk dünyasının Şərqi Aralıq dənizində təsirinin artırılması baxımından, Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir: “Bu addım üzv dövlətlərlə münasibətlərin daha institusional və səmərəli səviyyəyə yüksəlməsinə səbəb olacaq".
Ziya Öztürklər vurğulayıb ki, Azərbaycan və Türkiyə ilə qurulan uğurlu əməkdaşlığın bütün türk dövlətləri ilə genişləndirilməsi vacibdir: “Dəyərli dostluq qruplarının rəhbər və üzvlərindən daha güclü dəstək və fəal əməkdaşlıq gözləyirik.”
Deputat həmçinin Rəcəb Tayyib Ərdoğanın 2025-ci ilin dekabrında təqdim etdiyi və türk dövlətləri arasında ortaq siyasət mexanizmlərini gücləndirməyi nəzərdə tutan vizyonun strateji əhəmiyyətini qeyd edib: “Bu sənəd üzv dövlətlərin beynəlxalq tanınması və əməkdaşlıq modellərinin təkmilləşdirilməsi üçün birbaşa aktual və önəmli çərçivə yaradır".
Ziya Öztürklər xatırladıb ki, Kipr məsələsində yeganə real həll yolu adada iki dövlətin suveren bərabərliyinin tanınmasından keçir: “Şimali Kipr Türk Cümhuriyyəti adanın ən real gerçəkliyidir. Adanın yerli və əsas elementi olan Kipr türk xalqının iradəsini nəzərə almayan heç bir həll modeli qəbuledilməzdir”.
Deputat əlavə edib ki, İlham Əliyev də Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv qəbul edilməsinin vacibliyini dəfələrlə vurğulayıb: “Bu iki güclü liderin verdiyi dəstək Kipr türklərinə güc verir və mübarizə əzmimizi daha da möhkəmləndirir".
Ziya Öztürklər həmçinin Ramin Həsənov tərəfindən irəli sürülmüş “TÜRKPA Plus” təşəbbüsünü məmnuniyyətlə qarşıladıqlarını bildirərək, parlament diplomatiyası vasitəsilə türk dövlətlərinin ortaq mesajlarının daha sürətli çatdırılmasının və milli maraqların daha effektiv müdafiəsinin təmin olunacağını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB