“Geoiqtisadi şərait göstərir ki,dünya iqtisadiyyatı yüksək risk mərhələsinə daxil olub” -EKSPERT DANIŞDI
“Müasir mərhələdə dünya iqtisadiyyatı mürəkkəb və çoxşaxəli risklərlə üz-üzədir. Qlobal bazarlarda müşahidə olunan qeyri-sabitlik, geosiyasi gərginliklərin artması və enerji resursları üzərində nəzarət uğrunda rəqabətin kəskinləşməsi beynəlxalq iqtisadi sistemin davamlılığını sual altına alır. Bir çox analitiklərin fikrincə, mövcud dinamika qlobal iqtisadiyyatın resessiya həddinə yaxınlaşdığını göstərir və istənilən lokal böhran domino effekti yaradaraq genişmiqyaslı tənəzzülə səbəb ola bilər”.
Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib.
Onun sözlərinə görə, xüsusilə enerji bazarları bu həssaslığın mərkəzində dayanır:
”Strateji əhəmiyyətə malik olan Hörmüz boğazı dünya neft tədarükünün mühüm hissəsinin daşındığı əsas tranzit nöqtələrindən biridir. Bu marşrutda baş verə biləcək hər hansı hərbi və ya siyasi gərginlik, yaxud boğazın müvəqqəti bağlanması qlobal enerji bazarında ciddi şok effekti yarada bilər. Belə bir ssenari “neft şoku” kimi qiymətləndirilir və tarixən bu tip hadisələr qlobal iqtisadi artım tempinin kəskin zəifləməsi ilə nəticələnib.
Neft qiymətlərində kəskin artımın ilk təsiri idxaldan asılı ölkələrdə hiss olunur. Xüsusilə inkişaf etməkdə olan dövlətlər, o cümlədən Asiya regionunun bir sıra ölkələri enerji resurslarına olan yüksək tələbatlarını idxal hesabına ödədikləri üçün daha böyük risk altındadırlar. Artan enerji xərcləri istehsal prosesinin bütün mərhələlərinə təsir edərək məhsulun maya dəyərini yüksəldir. Bu isə öz növbəsində inflyasiyanın daha da sürətlənməsinə, alıcılıq qabiliyyətinin zəifləməsinə və sosial rifahın aşağı düşməsinə səbəb olur.
Hazırkı şəraitdə bir çox ölkələrdə enerji qiymətlərində artıq 20-30 faiz artım müşahidə olunur. Bu artım yalnız məişət xərcləri ilə məhdudlaşmır, sənaye müəssisələrinin fəaliyyətinə də birbaşa təsir edir. Enerji intensiv sahələrdə istehsal xərclərinin yüksəlməsi məhsulların bazar qiymətinə ötürülür və nəticədə ümumi qiymət səviyyəsi artır. Beləliklə, iqtisadiyyatda inflyasiya təzyiqləri güclənir və makroiqtisadi sabitlik pozulur.
Azərbaycan iqtisadiyyatına gəldikdə isə, vəziyyət daha çox ikili xarakter daşıyır. Bir tərəfdən, ölkənin əsas ixrac məhsulu olan neftin qiymətinin artması dövlət gəlirlərinin yüksəlməsinə, tədiyə balansının yaxşılaşmasına və ümumi iqtisadi artımın dəstəklənməsinə səbəb olur. Bu, xüsusilə büdcə daxilolmaları və strateji valyuta ehtiyatları baxımından müsbət amil kimi qiymətləndirilə bilər.
Digər tərəfdən isə, Azərbaycanın idxaldan asılılığı müəyyən sahələrdə iqtisadiyyatı xarici qiymət şoklarına həssas edir. Qlobal bazarlarda qiymətlərin artması ölkəyə idxal olunan məhsulların maya dəyərini yüksəldir və daxili bazarda inflyasiya təzyiqlərini artırır. Nəticədə əhalinin real gəlirləri üzərində mənfi təsir yaranır və sosial-iqtisadi balansın qorunması daha çətinləşir.
Mövcud geoiqtisadi şərait göstərir ki, dünya iqtisadiyyatı yüksək risk mərhələsinə daxil olub. Enerji təhlükəsizliyi, təchizat zəncirlərinin dayanıqlılığı və inflyasiya ilə mübarizə yaxın dövrdə iqtisadi siyasətin əsas prioritetləri olacaq. Azərbaycan üçün isə əsas vəzifə enerji gəlirlərindən səmərəli istifadə etməklə yanaşı, iqtisadiyyatın diversifikasiyasını sürətləndirmək və idxaldan asılılığı minimuma endirməkdir. Yalnız bu halda qlobal şokların təsirini azaltmaq və davamlı iqtisadi inkişafı təmin etmək mümkün olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB