Onlayn şəkildə qida sifariş edərkən nələrə diqqət etmək lazımdır? - MÜTƏXƏSSİS AÇIQLADI

“Onlayn qida sifarişi verərkən ilk diqqət yetirilməli məqam məhsulun etibarlı və mənşəyi aydın olan mənbədən əldə olunmasıdır”.

Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, xüsusilə bişmiş yeməklərin harada və hansı gigiyenik şəraitdə hazırlandığı böyük əhəmiyyət daşıyır:

“Çünki bu tip qidalar adətən tez xarab olan ət və digər həssas məhsullardan hazırlanır. Əgər hazırlanma prosesində keyfiyyətsiz xammaldan istifadə edilərsə, gigiyena qaydalarına əməl olunmazsa və ya çatdırılma zamanı temperatur rejimi qorunmazsa, bu, qidanın tərkibinin pozulmasına və sağlamlıq üçün risklərin yaranmasına səbəb ola bilər.

Bununla yanaşı, çatdırılmanı həyata keçirən şəxslərin şəxsi gigiyena qaydalarına riayət etməməsi və ya məhsulların düzgün qablaşdırılmaması da təhlükə yaradan amillərdəndir. Bəzi hallarda sifariş zamanı təqdim olunan şəkillərlə real məhsul arasında fərqlər müşahidə olunur və çatdırılma gecikir. Bu isə məhsulun saxlanma və daşınma şəraitinin kifayət qədər uyğun olmadığını göstərə bilər. Qida zəncirinin hər hansı mərhələsində yaranan problem məhsulun keyfiyyətinə mənfi təsir edərək zəhərlənmə riskini artırır. Hətta güclü immun sistemi olan insanlarda belə həzm problemləri yarana bilər.

Menyuda istifadə olunan qida əlavələri və allergenlər barədə məlumatın açıq şəkildə qeyd olunması da vacibdir. Xüsusilə allergik reaksiyalara səbəb ola biləcək inqrediyentlər mütləq göstərilməlidir.

Çatdırılma zamanı yaranan gecikmələr bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır və nəticədə qidanın keyfiyyəti aşağı düşür. Buna görə də onlayn qida satışı ilə məşğul olan müəssisələr müvafiq qurumlar tərəfindən mütəmadi yoxlanmalı, gigiyena və təhlükəsizlik sertifikatlarına sahib olmalıdır. Çatdırılma prosesi mümkün qədər sürətli və sanitariya qaydalarına uyğun şəkildə həyata keçirilməlidir. İsti yeməklər istiliyi qoruyan qablaşdırmada, soyudulmalı məhsullar isə “soyuq zəncir” prinsipi pozulmadan müştəriyə çatdırılmalıdır. İnkişaf etmiş ölkələrdə tətbiq olunan izləmə sistemləri sayəsində müştərilər sifarişlərinin hərəkət trayektoriyasını izləyə bilir və bu da etibarlılığı artırır.

Ümumilikdə, mənşəyi tam bəlli olmayan restoran və ya kafelərdən sifariş verilən qidaların tez-tez deyil, daha çox ara-sıra istehlakı tövsiyə olunur. Çünki bəzi hallarda məhsulun görünüşünü yaxşılaşdırmaq və saxlanma müddətini uzatmaq məqsədilə müxtəlif kimyəvi qatqılardan istifadə edilir. Bu cür maddələrin uzun müddət qəbulu isə qaraciyər və böyrək funksiyalarına mənfi təsir göstərə bilər. Eyni zamanda, çatdırılmanı həyata keçirən kuryerlər də mütəmadi yoxlanmalı və şəxsi gigiyena qaydalarına ciddi şəkildə əməl etməlidirlər”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə