“Can Azərbaycan üçün kritik əməkdaşlıq davam edir” - Şamil Ayrım

“Belə bir dövrdə, ətrafımızın demək olar ki, gərginliklə əhatə olunduğu bir vaxtda, Can Azərbaycan – yəni Azərbaycan Respublikasında – bu toplantının keçirilməsi böyük əhəmiyyət daşıyır. Azərbaycan dövlətinə və xalqına ev sahibliyinə görə təşəkkürümü bildirirəm”.

SİA xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclisdə Azərbaycan-Türkiyə-Şimalı Kipr parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun 13-cü iclasında deyib.

Deputat bildirib ki, son dövrlərdə İran əleyhinə əməliyyatlar zamanı Naxçıvan hava limanına raket atılması Azərbaycan və Türkiyə üçün ciddi xəbərdarlıq olub: “Həmin dövrdə Bakudan Naxçıvana uçuşlar müvəqqəti olaraq ləğv edildi, İğdır üzərindən təmin olundu. Millət vəkilimiz, İğdır nümayəndəsi Can Türk bəy də bu prosesdə böyük səylər göstərdi”.

Şamil Ayrım vurğulayıb ki, Türkiyəyə atılan raketlərə qarşı Azərbaycan ən yüksək səviyyədə etirazını bildirib və ölkələr arasında əməkdaşlıq davamlı olaraq möhkəmlənir: “Bu gün üçüncü toplantını keçiririk. Artıq konkret məsələləri müəyyən edib, üzərində işləmək vacibdir. Təhsil, enerji, təhlükəsizlik və mədəniyyət sahələrində koordinasiyalı addımlar atmalıyıq”.

Deputat qeyd edib ki, Yaxın Şərqdəki gərginlik yalnız həmin bölgə ilə məhdudlaşmır, Qafqazdan Şərqi Aralı dənizə qədər təsir sahəsi yaradır: “Bu, vekalət savaşlarını tetikleyebilecek, terror təşkilatlarına imkan açacaq və enerji təhlükəsizliyini təhdid edə biləcək bir prosesdir. Enerji xətlərinin təhlükəsizliyi, ticarət yollarının dayanıqlılığı və bölgənin rifahı yalnız sabitlik ilə mümkündür”.

O bildirib ki, Can Azərbaycanın enerji təminatındakı rolu və Türkiyənin enerji keçid mərkəzi mövqeyi yalnız iqtisadi deyil, strateji təhlükəsizlik məsələsidir: “Şərqi Aralı dənizdəki proseslər də bu kontekstdən ayrı qiymətləndirilə bilməz. Kıbrıs məsələsi isə bölgə sabitliyi baxımından kritik əhəmiyyətini qoruyur. Şimali Kipr Türk Cümhuriyyətinin haqlarını və maraqlarını qorumaq, ədalətli paylaşım və hüquq prinsipləri əsasında sabit bir nizam yaratmaq prioritetimizdir”.

Şamil Ayrım Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib: “Onların rəhbərliyi ilə əməkdaşlığımız daha da güclənir və bölgədə sabitliyin təmin olunmasına mühüm töhfə verilir”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə