“Azərbaycan–Türkiyə münasibətləri inkişaf edərək ən yüksək zirvəyə çatmışdır” - DEPUTAT DANIŞDI

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkü qəbul etməsi Azərbaycan–Türkiyə münasibətlərinin nə qədər dərin, çoxşaxəli və strateji xarakter daşıdığını bir daha nümayiş etdirir”.

Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, bu görüş iki ölkə arasında əməkdaşlığın yalnız siyasi və iqtisadi sahələrə deyil, həm də hüquq, ədalət və dövlət institutları səviyyəsində qarşılıqlı fəaliyyət istiqamətlərini əhatə etdiyini göstərir:

“Müasir dövrdə Azərbaycan və Türkiyə bir-birini yalnız dost və müttəfiq ölkələr kimi deyil, ortaq dəyərləri, tarixi əlaqələri və siyasi iradəsi ilə birləşən iki qardaş dövlət kimi qəbul edir. Bu baxımdan, prokurorluq və hüquq-mühafizə sahəsində qurulan əlaqələr ümumi münasibətlərin mühüm tərkib hissəsi hesab olunur. Belə təmaslar hüquqi əməkdaşlığın güclənməsinə, təcrübə mübadiləsinin genişlənməsinə və Türk dünyasında institusional həmrəyliyin möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyevin ardıcıl və prinsipial siyasəti nəticəsində Azərbaycan–Türkiyə münasibətləri bütün sahələr üzrə inkişaf edərək ən yüksək zirvəyə çatmışdır. Dövlət başçısının bu istiqamətdə həyata keçirdiyi addımlar qarşılıqlı etimad və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verir. Belə görüşlər yalnız mövcud birliyin ifadəsi deyil, həm də gələcək əməkdaşlıq üçün mühüm siyasi mesaj rolunu oynayır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə