“Azərbaycan-Şimali Kipr parlamentlərarası əməkdaşlığı möhkəmlənir” - DEPUTAT

“Əminliklə deyə bilərik ki, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında parlamentlərarası əlaqələr son iki il ərzində çox dinamik və məhsuldar şəkildə inkişaf edib. Hər iki ölkənin millət vəkilləri həm dövlət, həm də cəmiyyətlərarası münasibətlərin möhkəmləndirilməsi istiqamətində fəal fəaliyyət göstərirlər”.

SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan-Türkiyə-Şimalı Kipr parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun 13-cü iclasında səsləndirib.

Deputat bildirib ki, düz iki il əvvəl, aprel ayının 5-də Milli Məclisdə Şimali Kipr Türk Cümhuriyyəti ilə ilk parlamentlərarası dostluq qrupu yaradılıb: “Bu, tarixdə əhəmiyyətli bir hadisə idi. Azərbaycan, Türkiyədən sonra, Şimali Kiprin dövlət qurumlarını ilk tanıyan və bu münasibətləri dostluq qrupu səviyyəsində rəsmiləşdirən ölkə oldu”.

Cavanşir Feyziyev vurğulayıb ki, ötən iki il ərzində parlamentlər arasında səfərlər və görüşlər davamlı xarakter alıb: “Azərbaycan dostluq qrupunun üzvləri dəfələrlə Şimali Kiprə səfər edib, Şimali Kipr parlamentinin nümayəndələri isə Azərbaycana gəliblər. Məqsədimiz yalnız dövlət səviyyəsində deyil, eyni zamanda cəmiyyətlərarası əlaqələri də genişləndirməkdir”.

Deputat xüsusilə təhsil və turizm sahələrində əməkdaşlığın genişlənməsini qeyd edib: “Ötən il Kuzey Kıbrıs Gənc İş Adamları Birliyi nümayəndə heyəti Azərbaycana səfər etdi, yerli iş adamları ilə görüşlər keçirdi və birgə layihələr müzakirə olundu”.

Eyni zamanda, deputat qeyd edib ki, ötən həftə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Azərbaycanda rəsmi səfərdə olub, Baş nazir ilə görüşlər keçirmiş və Türk Dövlətləri Təşkilatı çərçivəsində toplantıda iştirak etmişdir.

Cavanşir Feyziyev bildirib ki, bütün bu səylər ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə və Şimali Kipr Türk Cümhuriyyətinin türk dünyasında daha geniş tanınmasına töhfə verir: “Millət vəkilləri arasında əlaqələr daim aktivdir və əmək, sosial müdafiə və təhsil sahələrində də qarşılıqlı əməkdaşlıq uğurla davam edir”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə