"Türkiyə, Azərbaycanın istəmədiyi heç bir prosesin içində ola bilməz" - Şamil Ayrım
“Azərbaycan ilə Ermənistan arasında barış prosesinə yönəlmiş danışıqları yaxından izlədiyimizi və yüksək qiymətləndirdiyimizi bir daha qeyd etmək istəyirəm. Türkiyə, Azərbaycanın istəmədiyi heç bir prosesin içində ola bilməz. Məsələn, sərhəd keçidlərinin açılması yalnız Azərbaycan tərəfinin razılığı ilə mümkündür”.
SİA xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclisdə Azərbaycan-Türkiyə-Şimalı Kipr parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun 13-cü iclasında deyib.
Deputat bildirib ki, hazırda Azərbaycanın və Ermənistanın seçki prosesindən sonra, konstitusiyadakı müvafiq maddələr referendumla təsdiqləndikdən sonra sərhədlərin açılması mümkün olacaq: “Bölgədə daimi sülhün təmin olunması məhz bundan keçir. Əgər konstitusiyada başqasının torpağına iddia edən maddələr qalarsa, daimi sülh mümkün olmayacaq”.
Şamil Ayrım 8 avqust tarixində ABŞ-da keçirilən zirvə görüşündə Azərbaycan və Ermənistan arasında razılaşmanın paraflandığını, amma imzalanmadığını xatırladıb: “Cənab Prezident İlham Əliyev bildirib ki, konstitusiyadakı dəyişiklikdən sonra razılaşmanı imzalayacaq. Bu, ictimaiyyət üçün önəmli məlumatdır”.
Deputat Türk Dövlətləri Təşkilatının roluna da toxunub: “Cənab Prezident İlham Əliyev demişdi ki, ‘Bizim ailəmiz Türk dünyasıdır, başqa bir ailəmiz yoxdur.’ Bu baxışdan çıxış edərək, təşkilatı gələcəyə daşımaq hər birimizin ortaq vəzifəsidir. Son dövrlərdə təşkilatın güclənməsi, Azərbaycanın dövrü sədrliyi ilə fəallaşması və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusu ilə yuvarlaq masada təmsil olunması mühüm bir inkişafdır”.
O, bir daha Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib: “Bu əməkdaşlıq bölgədə sabitliyin təmin olunmasında və Türk dünyasının birliyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB