Sumqayıtda “Qurtuluşdan Zəfərə” adlı konfrans keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı, YAP Gənclər Birliyi və Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı onlayn konfrans keçirilib. SİA xəbər verir ki, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov çıxış edərək 1990-cı illərin əvvəllərində baş verən siyasi proseslərə nəzər salıb. Bildirib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə anarxiyaya, hərc-mərcliyə son qoyuldu. İqtisadiyyatda tənəzzülün, Ermənistanın təcavüzünün, ölkə daxilində qeyri-sabitliyin qarşısı alındı. Azərbaycan inkişafa qədəm qoydu və nəticə etibarı ilə hazırda regionun güclü dövlətinə çevrildi. Ulu Öndərin qayıdışı milli məfkurəmizə qurtuluş tarixi kimi həkk olundu. Gələcək nəsil bu tarixi heç vaxt unutmamalıdır.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan xalqı hər il Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edir. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu, Azərbaycan xalqının tarixində çox əhəmiyyətli bir hadisə idi. Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunun memarıdır. Azərbaycan tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun mübarizə yolu, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır.

Sonra Sumqayıt Dövlət Universitetinin (SDU) Tarix və coğrafiya fakültəsinin II kurs magistrantı Həsən Əhmədov “Müstəqilliyin ilk illərində dövlət quruculuğu məsələləri”, SDU İqtisadiyyat və idarəetmə fakültəsinin IV kurs tələbəsi Türkan Seyfullayeva “Müdrik prezidentimiz - dahi sərkərdə İlham Əliyev”, YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Əli Kərim adına poeziya evinin əməkdaşı, Prezident təqaüdçüsü, Yazıçılar Birliyinin gənc üzvü Elvin Əlizadə “Prezident İlham Əliyevin Zəfər salnaməsi” mövzularında çıxış ediblər.

Vurğulanıb ki, Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti, Azərbaycan xalqının bütün təbəqələrində olduğu kimi, gənclərin də həyatında xüsusi yer tutub və Ulu Öndər xalqımızın qəlbində daim yaşayacaq.

Gənclərimiz ölkənin uğurlu gələcəyi üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər.

Tədbir Sumqayıt Dövlət Universitetinin əməkdaşı Şəmistan Muradxanlının ulu öndər Heydər Əliyevə həsr olunan musiqini canlı ifa etməsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...