“Ərdoğanın səfəri çox ciddi məqamlardan xəbər verir” POLİTOLOQ MARAQLI MƏQAMLARA TOXUNDU
“Azərbaycana səfərdən öncə Türkiyə prezidenti Ərdoğanın NATO sammiti ilə bağlı Avropaya səfəri, orada Amerika prezidenti Baydenlə, eləcə də Fransa prezidenti Makronla görüş məsələləri var gündəmdə. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ bir neçə ay bundan öncə verdiyi bəyənata uyğun olaraq, onun Azərbaycana səfəri planlaşdırılır və tezliklə də bu səfər baş tutacaq. Səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə birgə Qarabağa, Şuşaya səfər edəcəkləri və orada həm çox mühüm ikitərəfli sənədlərin imzalanacağı, həm də Azərbaycan və Türkiyə prezidentlərinin dillərindən region xalqlarına, region dövlətlərinə, eyni zamanda regionda maraqları olan dövlətlərə, dünya güclərinə mühüm mesajlar çatdırılacaqdır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Anar Əliyev deyib.
Politoloqun sözlərinə görə, Ərdoğanın NATO sammitində iştirak etməklə bağlı, iştirak etmək üçün Avropaya səfərindən sonra, Azərbaycana gəlməsi, Qarabağa, Şuşaya, işğaldan azad olunmuş torpaqlarımıza səfər etməsi bir neçə çox ciddi məqamlardan xəbər verir.
“Nəzərə alsaq ki, NATO sammiti çərçivəsində Ərdoğan həm Amerika prezidenti, həm də Fransa prezidenti ilə görüşəcəyi gözlənilir, görüşməsi planmlaşdırılır və bu görüşlər zamanı, mənə elə gəlir ki, həm ictimaiyyətə açıqlanan, həm də müəyyən qədər məxfi saxlanılacaq bir neçə istiqamətdə məsələlər müzakirə olunacaqdır. Bu istiqamətlərin ən mühümlərindən biri məhz Qafqazdakı məsələlər, Qafqazdakı proseslər, xüsusilə də Ermənistanla Azərbaycan arasındakı münasibətlər, iki dövlət arasındakı sərhəd məsələləri, Qarabağda separatçı qüvvələrin tam tərkisilah olunması və Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılması, eyni zamanda təbii ki, Ermənistan-Azərbaycan arasında münasibətlərin tənzimlənməsində Fransa və Amerikanın iştirakının təmin olunması ilə bağlı məsələlər müzakirə olunacaqdır.
Hesab edirəm ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun bir neçə gün bundan öncə mətbuata açıqlamasında səsləndirdiyi bir sıra fikirlər onu deməyə əsas verir ki, sülhməramlı qüvvələrlə bağlı Türkiyə-Rusiya razılaşması və Türkiyə-Rusiya birgə fəaliyyəti hər iki dövlət tərəfindən, Azərbaycan və Ermənistan tərəfindən müsbət qarşılanan fikirlərin səsləndirilməsi həm Rusiya, həm də Türkiyə bu prosesdə digər qüvvələrin, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakında o qədər də maraqlı olmadıqlarından xəbər verir. Ermənistan, Türkiyə və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, xüsusilə də Qarabağda ermənilərə, Lavrovun dili ilə desək, statusun verilməsi məsələsi ATƏT-in birgə humanitar fəaliyyəti və iki icma arasında münasibətlərin tam normallaşmasının sonraya saxlanılması kimi fikrinin səsləndirilməsi onu göstərir ki, Rusiya və Türkiyə regionda proseslərin birgə idarə olunmasında maraqlıdırlar, birgə idarə olunması üçün razılığa gəliblər. Eyni zamanda, “ATƏT-in Minsk Qrupunun bu proseslərə qoşulması yalnız rəsmi İrəvanın və rəsmi Bakının razılığı ilə baş tuta bilər”, fikirlərinin səsləndirilməsi onu göstərir ki, region dövlətlər, xüsusilə, Azərbaycanı qeyd etmək istəyirəm ki, ATƏT-in Minsk Qrupunun burada artıq fəaliyyətini demək olar ki, görmürük və Azərbaycan hesab edir ki, ATƏT-in Minsk Qrupu ən yaxşı halda yalnız iki cəmiyyət arasında münaqişənin tənzimlənməsi və iki cəmiyyət arasında etimad mühitinin formalaşdırılması istiqamətində addımlar ata bilər. Məsələn, ilkin olaraq mina xəritələrinin Ermənistandan alınaraq Azərbaycana təhvil verilməsi, təqdim edilməsi ilə bağlı bu istiqamətdə addımlar atılması ola bilər. Amma son dövrlər Avropa rəsmilərinin, Avropa Parlamentarilərinin, eyni zamanda Fransa siyasi xadimlərinin səsləndirdiyi fikirlər göstərir ki, Avropa, xüsusilə Fransa heç də iki cəmiyyət arasında münasibətlərin normallaşdırılmasına maraqlı deyil. Ona görə də ATƏT-in Minsk Qrupunun Qarabağda proseslərə yenidən cəlb olunması real görünmür”, deyə politoloq qeyd edib.
Anar Əliyev, bu görüşlərdən sonra, Ərdoğanın Makron və Baydenlə görüşündən sonra regiona səfər etməsi və Qarabağ bölgəsində bir sıra istiqamətlərdə səsləndirəcəyi fikirlərin əsas bir neçə qolunu da diqqətə çatdırıb.
“Birincisi, mən hesab edirəm ki, Ərdoğan bir daha bəyan edəcək ki, Azərbaycanın qəbul etdiyi istənilən qərarın, atacağı addımın arxasında Azərbaycan dövləti ilə yanaşı həm də Türkiyə dövləti, Türkiyə xalqı dayanıb və bundan sonra da dayanacaq. Bu, erməni cəmiyyətinə, xüsusilə də regionda münasibətləri, kövrək atəşkəsi pozmaqda maraqlı olan, Fransa başda olmaqla Avropa qüvvələrinə və regionda, Qarabağda özünün mövcudluğunu daha da uzatmağa çalışan Rusiya dövlətinə, cəmiyyətinə istiqamətlənmiş fikir olacaqdır.
İkincisi, mən hesab edirəm ki, orada Türkiyə və Azərbaycan münasibətlərini daha da irəliyə aparılacaq bir sıra qərarların qəbul edilməsi və yaxud qərarların qəbul ediləcəyi ilə bağlı, hərbi əməkdaşlıqdan tutmuş siyasi dəstəyin göstərilməsi, komunikasiya əlaqələrinin açılması istiqamətində fəaliyyət və sair olmaqla, müxtəlif istiqamətlərdə, anonsların verilməsi ola bilər. Bu istiqamətdə bəyənatlar səsləndiriləcəkdir.
Hesab edirəm ki, orada səsləndirilə biləcək mövzulardan biri də Ermənistanla Azərbaycan arasında kommunikasiya əlaqələrinin və Laçın dəhlizinin açılması ilə bağlı fikirlər ola bilər. Xüsusilə də son dövrlər Ermənistan tərəfindən dəhlizin açılmayacağı ilə bağlı ritorikanın genişləndirilməsi, ələlxüsus Nikol Paşinyanın Avropaya, Fransaya səfəri zamanı heç bir dəhlizin açılmayacağı ilə bağlı sərsəm bəyənat səsləndirməsi fonunda mənə elə gəlir ki, Azərbaycan Prezidenti və Türkiyə Prezidenti bu məsələlərin üzərində xüsusi vurğu qoyacaqlar və hesab edirəm ki, bu dəhlizin, bu əlaqələrin açılması istiqamətində əməli addımlarla bağlı ilkin məlumatlar veriləcəkdir.
Eynu zamanda hesab edirəm ki, həmin görüş zamanı, daha doğrusu Qarabağa, Şuşaya səfər zamanı səsləndirilə biləcək fikirlərdən biri də Qarabağda yenidənqurma və quruculuq işlərində dost, müttəfiq dövlətlərə aid şirkətlərin fəaliyyəti ilə bağlı da müzakirələr ediləcək və gündəliyə gətiriləcək. Bunlar onu deməyə əsas verəcək ki, Azərbaycanla, Türkiyə ilə, ümumiyyətlə bölgədə sülh münasibətləri qurmaq, bölgədə stabillik, xüsusilə davamlı sülh prosesinə töhfə vermək istəyən və bu günə qədər bu istiqamətdə fəaliyyət göstərən dövlətlərin hamısı region üçün müttəfiq, dost qəbul ediləcək, Azərbaycan həmin dövlətlərlə, həmin dövlətə aid şirkətlərlə işləyə biləcəyi anonsunu təqdim edəcəkdir.
Mən eyni zamanda hesab edirəm ki, görüşlər zamanı səsləndiriləcək əsas istiqamətləridən biri də məhz Azərbaycan məhkəmələrində Azərbaycan dövlətinə qarşı diversiya, terror hərəkətləri həyata keçirmiş həm Ermənistan vətəndaşı, həm də xarici dövlətlərin vətəndaşlarının məhkəmə istintaqının aparılması ilə bağlı məsələlər olacaq. Xüsusilə də nəzərə alsaq ki, Avropa dövlətləri və Avropa Parlamentariləri ciddi cəhdlə Azərbaycandan dırnaqarası erməni əsirlərinin qaytarılması tələbini irəli sürürlər və bu fonda həmin şəxslərə qarşı, cinayətkar terroristlərə qarşı Azərbaycan dövlətinin qanunun aliliyi şəraitində və bütün dünya üçün açıq, şəffaf bir şəraitdə məhkəmə istintaqının aparılması və bu istiqamətdə fikirlərin səsləndirilməsi gözlənilir.
Bundan sonra da Azərbaycana, Azərbaycan dövlətinə və xalqına qarşı istənilən cinayətkar addımı atacaq şəxs qanunun ən sərt üzü ilə cəzalandırılacaqdır və heç kimə heç bir güzəşt edilməyəcək. Mənə elə gəlir ki, görüşlər prosesində Ərdoğanın regiona, xüsusilə də Şuşaya səfəri ərəfəsində məhz bu istiqamətlər əsas müzakirə mövzusu olacaq və bu istiqamətdə mesajlar çatdırılacaqdır”, deyə politoloq Anar Əliyev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB