Prezident İlham Əliyev: "Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir"
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bütün müsahibələrində, beynəlxalq görüşlərdə dəfələrlə qeyd edib ki, minalanmış sahələrin xəritələrini verməmək cinayətdir. Çünki ötən il Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandı. Bu, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır. Artıq dövlətimiz bu istiqamətdə genişmiqyaslı işlər görür, əcnəbi şirkətlərlə birgə yeni iqtisadi, quruculuq layihələri hazırlanır, hətta infrastrukturun bərpası ilə bağlı bir çox ilkin tədbirlər həyata keçirilir. Təbii ki, bütün bu mənzərələrin fonunda ölkə başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər etməsi quruculuq və bərpa işlərinin daha operativ və effektiv şəkildə davam etdirilməsini təmin edir.
Bu gün mənfur düşmən terror siyasətini təkcə işğal dövründə deyil, məğlubiyyətdən sonra da davam etdirir. Ermənistan hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayıb. Əsas məqsədi, əlbəttə ki, mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasını təmin etmək, hər vəchlə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlərə mane olmaqdır. Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında söügedən məsələyə aydınlıq gətirməklə Ermənistanın cinayətkar əməllərini müharibədən sonra da davam etdirdiyini vurğulayıb: «Biz işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini bu gün kifayət qədər təmin edirik, müntəzəm reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq. Buna görə vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir".
"Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər" -deyən dövlət başçısı onu da vurğulayıb ki, biz özümüzü əxlaq normalarına və ümumbəşəri davranış normalarına müvafiq şəkildə aparırıq: "Lakin minalanmış sahələrin xəritələrini bizə verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər? Belə olan təqdirdə birtərəfli əməkdaşlıq ola bilməz».
İnsanlıqla bir araya sığışmayan məkrli hərəkətlərin nəticəsi - bu dəfə erməni təxribatının qurbanı jurnalistlər olublar
İyunun 4-də Kəlbəcər rayonunda Azərbaycan jurnalistlərinin Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olması və yaralanması Ermənistanın faşist xislətinin, insanlıqla bir araya sığışmayan məkrli hərəkətlər nəticəsidir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaların xəritəsinin verilməsi barədə təkidli tələblərinə baxmayaraq, Ermənistan hələ də bundan israrla boyun qaçırır, müraciətlərə məhəl qoymur. İnsanlıqla bir araya sığışmayan bu məkrli hərəkətlər nəticəsində mülki insanlar həlak olur, yaralanır. Bu, dinc insanların həyatına qəsd olmaqla yanaşı, azad sözə, jurnalistlərin fəaliyyətinə qarşı yönəlmiş açıq-aşkar terror aktıdır. Və ümid edirik ki, buna nə beynəlxalq təşkilatlar, nə dünya mediası, nə də beynəlxalq jurnalist təşkilatları biganə qalmayacaq, həmçinin digər mülki şəxslərin erməni terrorunun qurbanı olmasını pisləyəcək, jurnalist həmrəyliyi nümayiş etdirəcəklər. Çünki baş verənlər Ermənistan tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdlərinin faciəvi nəticəsinə daha bir sübutdur. Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular müharibə başa çatdıqdan sonrakı 7 ay ərzində 120-dən çox insanın həlak olmasına və ya yaralanmasına səbəb olub. Bu, Ermənistanın nə birinci, nə də sonuncu məkrli təxribatıdır. Belə ki, Azərbaycanın media nümayəndələrinin mütəmadi şəkildə erməni terrorunu beynəlxalq miqyasda ifşa etdiklərini bəyan edən Seymur Əliyev Çingiz Mustafayev, Salatın Əsgərova və digər jurnalistlərimizi qətlə yetirən erməni faşizminin bu gün də öz mənfur əməllərindən əl çəkmədiklərinin real sübutudur. Və bu gün bütün bəşəriyyət – beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Ermənistanın bu cinayətlərə görə cəzalandırılmasında maraqlı olmalı, bu yöndə əməli addımlar atmalıdır.
Ermənistanın "xəritə" təxribatı – vandallığının, barbarlığının təsdiqidir
Bu gün Azərbaycan qalib ölkə, işğalçı ölkə isə kapitulyasiya aktına imza atmış məğlub dövlət oldu. Ancaq baş verən hadisələr göstərir ki, Ermənistan öz məkrli xislətindən əl çəkmir. Ermənistan isə minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir və əsas kimi də bu xəritələrin olmadığını deyir. Əlbəttə, bu, Ermənistan tərəfinin növbəti yalanıdır. Bu, işğalçı ölkənin nə birinci, nə də sonuncu yalanıdır. Məqsəd isə bəllidir: mümkün qədər çoxlu sayda insanın həlak olmasına nail olmaq, bu ərazilərə azərbaycanlıların qayıdışını maksimum uzatmaq. Azərbaycan isə azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsindən narahatdır. Prezident İlham Əliyev öncə minatəmizləmə işlərinin aparılmasını, bununla da qısa müddət ərzində bərpa işlərini aparmaqla ərazilərə azərbaycanlıların qayıdışını tezləşdirməkdir. Cari ilin fevral ayının 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu məsələnin çox vacib və daha məsuliyyətli olduğunu deyib: "Bildiyiniz kimi, Ermənistan minalanmış sahələrin xəritələrini bizə verməyib, ona görə burada peyk təsvirləri önəmli rol oynaya bilər. Eyni zamanda, mən hesab edirəm ki, biz özəl şirkətləri bu işlərə cəlb etməliyik. Mən artıq göstəriş vermişəm, indi xarici şirkətlərlə danışıqlar gedir".
Prezident İlham Əliyev onu da bildirib ki, indi elə maşınlar, mexanizmlər, texnika var ki, işi həm sürətləndirir, həm də keyfiyyətlə aparmağa imkan verir: "Ona görə, baxın, dünyanın aparıcı istehsalçıları olan şirkətlərin ən müasir texnikası ölkəmizə gətirilməlidir. Çünki işin keyfiyyəti və sürəti bundan asılı olacaq. Bizim keçmiş köçkünlərimiz 30 il vətən həsrəti ilə yaşayıblar. Ona görə minatəmizləmə işləri elə aparılmalıdır ki, biz qısa müddət ərzində bərpa işlərinə start verə bilək və beləliklə, vətəndaşlar inşaat işləri başa çatandan sonra öz torpaqlarına qayıda bilsinlər".
Hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir
İşğalçı ölkə bununla beynəlxalq konvensiyalara uyğun olaraq belə bir məsələni həll etməməsindən dinc insanların ölməsi və xəsarət alması hərbi cinayətdir. Təbii ki, minalanmış hər bir ərazinin xəritəsi mövcuddur. Hər bir minaya düşmə halı ermənilərin növbəti cinayətidir və bir gün gələcək ermənilər bunun da cavabını verəcək. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar bütün bu cinayətləri görür və təəssüf ki, üstündən susqunluqla keçir. Sülh şəraitində insanların minaya düşərək həlak olması insanlığa qarşı növbəti hərbi cinayətlərdir. Hərbi ekspertlərin sözlərinə görə, əslində, atəşkəs elan olunandan sonra işğalçı ordu əlində olan minaların basdırılmasına aid xəritələri sülhməramlılara və Azərbaycan tərəfinə təqdim etməli idi. Vermədiyi halda bu, hərbi cinayət hesab olunur.
İqor Korotçenko: "Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı minalanmış ərazilərin xəritəsini mütləq verməlidir"
"Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı minalanmış ərazilərin xəritəsini mütləq verməlidir". Bu barədə Moskva-Bakı videokörpüsündə çıxış edən Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib. Onun sözlərinə görə, işğaldan azad olunan Ağdam və Füzuli rayonlarında yüzlərlə kvadrat kilometr minalanmış ərazi var: "Xəritə olmadan 30 il bundan öncə doğma yurdlarından məcburi köçkün düşmüş dinc azərbaycanlıların qayıdışının təhlükəsizliyini təmin etmək çətindir. Təəssüflər olsun ki, biz bu məsələdə Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük. Ermənistan minalanmış ərazilərin xəritəsini vermək istəmir. Hər zaman olduğu kimi qeyri-konstruktivlik nümayiş etdirir".
Bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevirilməsinə hədəflənmişdir. Ancaq mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib. Dövlət başçımızın rəhbərliyi altında bu missiyanın da öhdəsindən gələcəyik, ərazilər minalardan təmizlənəcək və insanlar öz el-obalarına geri dönəcəklər.
Ancaq bütün bu çətinliklərə baxmayaraq, xalqımız inanır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında rayon və kəndlərimizə yeni nəfəs gələcək, yenidən abadlaşdırılacaq, mədəni, tarixi abidələrimiz bərpa olunacaq, qaçqın və köçkün insanlarımız öz yurd-yuvalarına dönəcəklər. Dövlət başçımızın dediyi kimi: «Biz işğaldan azad edilmiş yerlərdə şəhərlər quracağıq, həyatı qaytaracağıq, bütün dağılmış yerləri bərpa edəcəyik». Çünki Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB