Ermənilərin mina xəritələri USAİD-də ola bilər! - DANILMAZ FAKTLAR!

Görünən İzlər bu ehtimalı isbata çevirir

İşğaldan azad olunmuş ərazilərimizdə düşmənin təxribat-diversiya əməlləri davam edir və buna digər tərəfdən “mina müharibəsi” də demək olar. Belə ki, bu dəfə AzTV və AZƏRTAC-da fəaliyyət göstərən jurnalist həmkarlarımız da daxil olmaqla mülki şəxslərimizin olduğu avtomobilin tank əleyhinə minaya düşərək həlak olmaları artıq bıçağın sümüyə dirəndiyini, düşmənin isə mina xəritələrini Azərbaycan tərəfinə təqdim etməməkdə israrlı olduğunu nümayiş etdirməkdədir. Artıq beynəlxalq təşkilatlar da həyəcan təbili vurmağa başlayıblar. Çünki işğaldan azad olunmuş ərazilərimizə xarici KİV nümayəndələri, politoloqlar, ictimai-siyasi xadimlər, diplomatik idarələrin nümayəndələri də səfərlər edirlər. Bu gün yaşanan hadisə isə istənilən zaman istənilən insanın başına gələ, faciə yaşana bilər. Çünki erməni tərəfi hələ də mina sahələrinin xəritələrini bizə təqdim etmir və sabah, birigün də minaların partlayaraq insanların həyatlarına son qoymasının qarşısını almaq, ölümü sığortalamaq mümkün deyil.

Corc Sorosun “Açıq Cəmiyyət İnstitu”na bağlı USAİD Ermənistanın işğalı altında olmuş Qarabağ ərazilərində nə az, nə çox - 21 il fəaliyyət göstərib!

Bu arada, SİA olaraq əldə etdiyi danılmaz faktlara əsasən, ABŞ demokratlarına, daha dəqiq desək, Corc Sorosun “Açıq Cəmiyyət İnstitu”na bağlı USAİD-in Ermənistanın işğalı altında olmuş Qarabağ ərazilərində nə az, nə çox - 21 il (1998-ci ildən 2019-cu ilə qədər) müxtəlif dəstək layihələri həyata keçirməsi bəlli olub. Əlbəttə ki, qanunsuz şəkildə və Azərbaycanın suveren ərazilərini pozmaqla və rəsmi Bakının icazəsi olmadan. Üstəlik, 20 il boyunca (!) USAİD-in qondarma “DQR”də minalardan təmizlənmə əməliyyatlarına hesablanmış layihələr icra etməsi də üzə çıxıb.

LİNKLƏR AŞAĞIDA:

https://raskin.house.gov/2019/8/raski-urges-usaid-administrator-green-continue-funding-landmine-removal-artsakh

https://eurasianet.org/us-ends-funding-for-karabakh-demining

https://anca.org/press-release/usaid-nominee-fails-to-explain-25-million-shortfall-in-aid-to-nagorno-karabakh/

Məlum olub ki, sözügedən layihələr çərçivəsində 4727 hektar ərazidə 4000-ə yaxın mina və 8000 partlamamış, yaxud tərk edilmiş sursat vahidləri məhv edilib, həmin torpaqlar işğal altındakı ərazilərə qanunsuz məskunlaşmış ermənilərin istifadəsinə verilmişdir.

Onu da qeyd edək ki, 2019-cu ildə sabiq ABŞ prezidenti Donald Tramp USAİD-in işğal altındakı ərazilərdəki fəaliyyətinə xitam verməsi ilə bağlı qərar irəli sürərək, qurumun oradan ayrıımasını tapşırmışdı.

Lakin mövzudan uzaqlaşmayaraq daha bir mümkün ehtimalı da önə sürərək qənaətə gələ bilərik ki, belə olan halda, yəni ərazilərin minalardan təmizlənməsi prosesində USAİD-ə bu sahələrin xəritələri verilib. Əks halda bu qurum heç bir minatəmizləmə əməliyyatlarına qoşula bilməzdi!

Bu da USAİD-in Qarabağda qanunsuz həyata keçirdiyi layihələrinin digər bir qismi:

Qarabağın minalardan təmizlənməyən sahələrinin də xəritəsi mövcuddur və həmin xəritənin USAİD-də olması kifayət qədər inandırıcı görünür!

Daha dəqiq desək, Ermənistan, yaxud qondarma qurumun rəhbərliyi həmin xəritələri ABŞ təşkilatına verməklə ərazilərin minalardan təmizlənməsi prosesinə şərait yaradıb. O zaman həm də paralel olaraq belə bir mümkün ehtimalla çıxış etmək olar: Qarabağın minalardan təmizlənməyən sahələrinin də xəritəsi mövcuddur və həmin xəritənin USAİD-də olması kifayət qədər inandırıcı görünür. Bu zaman istər-istəməz sual yaranır ki, əcəba, USAİD rəhbərliyi hansı səbəblərə görə bu barədə Azərbaycana məlumat verməyib, özü də ölkəmizdə müxtəlif qrant layihələri təqdim etdiyi halda?!

Söz yox ki, burada əsas kirli siyasi məqsədlərdən biri də Sorosa bağlı Amerika hakimiyyət dairələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə məskunlaşma prosesini yubatmaq, yenidən “status-kvonu” dəyişmək marağıdır. Ən azından ona görə ki, Cənubi Qafqaz regionunda onların təsir imkanları ümumiyyətlə yox dərəcəsinə enib. Daha dəqiq desək, regionda yeni siyasi aktorların meydana çıxması Sorosa bağlı olan amerikalı siyasi dairələri ciddidən narahat etməyə başladıb.

Bu qurum minalardan təmizlənmə məsələsində ölkəmizdə bir dəfə də olsun iş aparmayıb, amma bunun yerinə…

Sonda isə bir xatırlatmanı da etmək yerinə düşərdi. Bu həmin USAİD-dir ki, Azərbaycanda siyasi partiyalarla (əsasən radikal müxalifət), eləcə də siyasiləşmiş və qanadları Qərbə bağlı olan QHT-lərlə işbirliyi qurub, eyni zamanda milli-mənəvi dəyərlərimizə uyğun olmayan bəlli təşkilatlarla (cinsi azlıqların müdafiəsi və s.) işləyib, sabotajçılıqla məşğul olub və nədənsə, minalardan təmizlənmə məsələsində ölkəmizdə bir dəfə də olsun iş aparmayıb. Lakin göründüyü kimi, işğal altındakı ərazilərimizdə uzun illər maliyyələşmə, infrastruktur layihələri ilə yanaşı, həm də minatəmizləmə əməliyyatlarını işə salıb. Görəsən, USAİD bu barədə verilən suallara hansı cavabı verəcək? Ya da çulunu sudan quru çıxarmaq üçün bu dəfə hansı siyasi artistizm bacarığını nümayiş etdirməklə bu suallardan yayınacaq?

Necə deyərlər, biz iddiamızı irəli sürdük, sualımızı verdik və cavabımızı gözləyirik!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə