Paşinyan yeni sənəddən danışır - Prezident isə bixəbərdir

Paşinyan yeni sənəddən danışır - Prezident isə bixəbərdir

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşdığını bildirib. Baş nazir qeyd edib ki, bu sənəd 100% Ermənistanın maraqlarına cavab verir. Əgər Azərbaycan öz razılığını versə, onda o, bu sənədi imzalayacaq.

“Əgər Azərbaycan bizim razılaşmalarımızı yerinə yetirsə və haqqında danışdığımız şərtləri qəbul etsə, mən bu sənədi imzalayacağam”, deyən Paşinyanın sözlərinə görə, danışıqlar hələ də davam etdiyindən sənədin mətnini açqılamaq niyyəti yoxdur: "İşçi sənədi açıqlamaq düzgün deyil".

Paşinyanın bu açıqlaması siyasi dairələrdə duş effekti yaradıb. Hətta hakim partiyanı təmsil edən parlament üzvləri belə jurnalistlərin sualı qarşısında gözlərini döyməli olublar. Hansı sənəddən söhbət getdiyini bilməyən deputatlar media işçilərindən vaxt istəməklə onların suallarından hələlik yayınmağı bacarıblar.

Məsələ burasındadır ki, Ermənistan prezidenti Armen Sarkisyan da həmin sənəddən xəbərsizdir. Prezidentin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanla imzalanması təklif olunan sənədlə bağlı müzakirələrdə və əlaqədar proseslərdə A.Sarkisyan iştirak etməyib və iştirak etmir: "Prezidentin sənəd haqqında, xüsusən də təfərrüatları barədə məlumatı yoxdur. Respublika Prezidenti əmindir ki, bu proseslər mümkün qədər açıq və bütün maraqlı tərəflərin iştirakı ilə olmalıdır".

Ermənistanın Vatikandakı keçmiş səfiri və Serj Sarkisyanın kürəkəni Mikael Minasyan isə məsələdən agah olan birisi kimi bəzi kartları açıb. Bildirib ki, Paşinyan "Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması" müqabilində yeni sərhəd və ərazi güzəştləri prinsipləri ilə razılaşıb. Keçmiş səfirin dediyinə görə, indi təsdiq mərhələsində olan üçtərəfli sənədin gizli tərəfləri də var.

Ermənistan parlamentindəki hakim “Mənim addımım” blokundan olan millət vəkili, müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan Azərbaycanla imzalanması üçün hazırlanan sənəd barədə məlumatı olmadığını deyib. Jurnalistlərə bu barədə danışan deputat onlardan sənədin nədən ibarət olduğunu anlamaq üçün vaxt vermələrini xahiş etdi. Bu açıqlama jurnalistləri çox təəccübləndirib, çünki hökumətdə təmsil olunan bir deputatın və əsasən də parlamentdə komissiya rəhbəri olan birisinin sənəd barədə məlumatının olmaması başadüşülən deyil.

"Deyirəm ki, bu anda bilmirəm. Növbəti an öyrənəcəyəm" deyə Köçəryan mövqeyini izah edib. O, sənədin mövcudluğu barədə hökumətin iclasından sonra məlumat aldığını söyləyib. Sənədlə bağlı məsələ Milli Məclis Şurasının iclasında müzakirə ediləcək.

Paşinyan sənədin mövcudluğunu əqidə yoldaşlarından niyə gizlədib, soruşduqda, Köçəryan cavab verə bilməyib. Vatikandakı keçmiş səfir Serj Sarkisyanın kürəkəni Mikael Minasyan tərəfindən sənədin "sızması"nı şərh edən millət vəkili ritorik bir təklif verib: "Əziz kürəkənimizi tapıb bu sualı ona verin".

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə