Erməni təxribatları onun acizliyinin əyani sübutudur

Erməni təxribatları onun acizliyinin əyani sübutudur

Prezident İlham Əliyev: “Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunmasına sadiqdir”

Məlum olduğu kimi, son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə geniş müzakirəyə səbəb olub. Qeyd edək ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib.

Azərbaycan Prezidenti telefon danışığı zamanı bildirib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir.

Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə telefon danışığı zamanı bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirən dövlətimizin başçısı qeyd edib ki, münaqişənin bitməsindən altı ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabit olaraq qalır.

Prezident İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin üçtərəfli bəyanata uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib.

Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edən dövlətimizin başçısı bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Azərbaycan bölgədə sabitliyin qarantı kimi çıxış edən ölkədir

Ancaq Ermənistanın dövlət sərhədlərinin dəqiqləşdirilməsinə qeyri-adekvat reaksiyası və məsələni beynəlmiləlləşdirmək cəhdləri vəziyyəti, əslində, daha da gərginləşdirir. Çünki Azərbaycan bölgədə sabitliyin qarantı kimi çıxış edən ölkədir. Azərbaycan torpaqlarını 30 il müddətində işğal altında saxladığı müddətdə Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq bizim ərazilərimizdə qeyri-qanuni məskunlaşma aparmaqla, digər ölkələrdən erməni əsilli insanları işğal etdiyi ərazilərimizə yerləşdirmişdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz suveren sərhədlərini bərpa etdikdən sonra dövlət sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı prosesə başlanıldı. Lakin Ermənistan bu məsələni süni şəkildə gərginləşdirməyə çalışır və hələ anlamır ki, bu çox lüzumsuz bir addımdır. Və Ermənistan bilməlidir ki, keçmiş SSRİ-nin sərhədlərlə bağlı dəqiqləşdirilmiş xəritələri mövcuddur, SSRİ konstitusiyasında da bu öz təsbitini tapıb. Eyni zamanda beynəlxalq sənədlər çərçivəsində də, o cümlədən 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində imzalanan Helsinki Yekun Aktında da Azərbaycanın sərhədlərinin haradan keçdiyi məlumdur. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini elan etdikdən sonra onun suveren sərhədləri də BMT tərəfindən məhz həmin sərhədlər çərçivəsində tanınmışdı və bu gün Azərbaycan dövlətinin sərhəddə qurduğu postlar Ermənistan ərazisində qurulmur. Postlar birbaşa olaraq BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsində qurulmaqdadır.

Məhz buna görə də, Azərbaycan tərəfi həmişə olduğu kimi, bu gün də sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini əsas götürür və Ermənistanın 10 noyabr bəyanatının icrasının mütləq olduğunu deməyə əsas verir. Və Ermənistanın qeyri-adekvat davranışı ilk növbədə onun özü üçün zərbədir.

Ermənistandakı vəziyyəti Azərbaycan diktə edir - Rusiya mediası

Göründüyü kimi, Azərbaycan-Ermənistan sərhəddində yaşanan gərginlik Rusiya mediasının da əsas müzakirə mövzularından birinə çevrilib. Rusiya xarici işlər naziri Sergey Lavrovun erməniləri qınaması bəyanatının ardınca sərhəddə baş verən insident ciddi şəkildə analiz edilir. Xatırladaq ki, rusiyalı nazir erməni tərəfini sərhəddə süni ajiotaj yaratmaqda günahlandırıb.

Lakin erməni politoloq Aleksandr İsgəndəryan isə qəzetə açıqlamasında bu məsələdə Moskvanı ittiham edib. Bildirib ki, Kreml azərbaycanlıların Qaragöldən getməsi üçün bütün imkanları işə salmır. Bu səbəbdən də belə insidentlər davam edəcək. Onun sözlərinə görə, Azərbaycan Ermənistanın daxili gündəmini diktə edir və bu, münaqişəyə olan paradiqmanı dəyişir. "Biz artıq çoxdan Qarabağı müdafiə etmirik. Məhz bu da Azərbaycanın əsas siyasi hədəfidir, - deyə politoloq vurğulayıb.

Başqa bir Rusiya nəşri "RBK" də yaşanan gərginlikdən bəhs edib. Rusiyanın tərəflər arasında vasitəçi qismində çıxış etməyə çalışdığı vurğulanır. Artıq bununla bağlı razılıq əldə olunduğu bildirilsə də, təfərrüatlar açıqlanmır. Rusiyalı ekspert Stanislav Pritçin hesab edir ki, baş verənlər birbaşa Ermənistanda gələn ay keçiriləcək seçkilərlə bağlıdır. "Aydındır ki, istənilən anlaşma Paşinyanın opponentləri tərəfindən ona qarşı arqument kimi istifadə oluna bilər", - deyə fikrini tamamlayıb.

"Rosbalt" isə 44 günlük müharibədən sonra Ermənistanın düşdüyü durumla bağlı ekspertlərin fikrini öyrənməyə çalışıb. Siyasi texnologiyalar Fondunun birinci vitse-prezidenti Aleksey Makarkin hesab edir ki, əgər iki ölkə arasında müharibə baş verərsə, Moskvanın mövqeyi 2020-ci ildəki kimi olmayacaq. Əlavə edir ki, artıq Rusiya üçün postsovet məkanında münaqişələri idarə etmək getikcə çətinləşir. Məsələn, artıq Azərbaycan güc revanşını necə həyata keçirmək üzrə presedent yaradıb.

Sərhəddəki vəziyyət bir çox beynəlxalq oyunçuların müzakirə predmetinə çevrilib

Rusiyanın nüfuzlu "Kommersant" qəzeti yazır ki, sərhəddəki vəziyyət bir çox beynəlxalq oyunçuların müzakirə predmetinə çevrilib. Yerevanın ümidsiz formada dərhal Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatına (KTMT) üz tutduğunu bildirən müəllif yazır ki, erməni tərəfi iddia edir ki, Azərbaycan əsgərləri suveren Ermənistan ərazisinə daxil olub. Müəllif dərhal da rəsmi Bakının bu iddianı rədd etdiyini qeyd edib. Bildirilir ki, hər hansı bir müdaxilə olmayıb və söhbət yalnız sırf texniki məsələdən gedir. Müəllif Azərbaycan ərazisi kimi xəritələdə əks olunan Qaragöllə bağlı erməni tərəfinin səs-küy qaldırdığını, hətta KTMT-yə daxil olan ölkələrə kömək üçün müraciət etdiyini vurğulayıb.

Göründüyü kimi, Rusiya nəşri erməni ərazisinə hər hansı bir müdaxilə baş vermədiyini, sərhəddəki vəziyyəti isə texniki məsələ olduğunu, erməni tərəfinin bunu şişirdib təxribat yaratmaq, Azərbaycana qarşı çirkin təbliğat yaratmaq niyyəti ilə izah edib.

Sözsüz ki, Güclü Lider, Qalib Sərkərdə Azərbacan Prezidenti İlham Əliyevin «Dəmir yumruq» siyasətinin rəhbərliyi ilə Güclü Ordunun rəşadətli əsgər və zabitlərinin igidliyi qarşısında məğlubiyyətlərini həzm edə bilməsələr də, 44 günlük müharibənin Zəfər Qələbəsini bütün dünya gördü və şahid oldu. Şahid oldu ki, başqasının torpağını işğal etmək, özgə torpağında vuruşmağın sonu məğlubiyyətdir. Məhz həmişə olduğu kimi, bu gün də Ermənistanın qarayaxma, ləkələmə kampaniyasından istifadə etməsi, hay-küy salması, Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyəti də eynilə bu formada gərginləşdirməyə çalışması, əslində onların Qaliblər qarşısında acizliyini göstəricisidir. Və Ermənistanın Kollektiv Təklükəsizlik Müqaviləsi Təşkilatına müraciət, vəziyyəti beynəlmiləşdirməyə çalışmaq cəhdini görürük və hamısı psixoloji oyundur. Çünki ermənilərin bacardığı bir iş var - yalançı propaqanda. Onlar “Böyük Ermənistan” mifini çox ciddi qəbul edib və buna ancaq özlərini inandıra bilərlər.

Real vəziyyət isə belədir. Dövlətimizin başçısının dediyi kimi, “Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq».

Hər kəs əmin olsun ki, 10 noyabr tarixindən sonra bölgədə yeni geosiyasi və geoiqtisadi əlaqələrin formalaşmasına start verilib, Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə vadar ediləcək. Çünki bizim Prezidentimiz yalnız haqq-ədalət tərəfdarı kimi çıxış edir və dünya dövlətləri də bunu bilir. Tarixən ədalət qalib gəlib, Azərbaycan xalqı da düşməni yerində oturtmağa qadirdir.

Ermənistanın isə qeyri-adekvat davranışı, ilk növbədə, onun özü üçün zərbədir.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə