Qloballaşmanın məhsulu - ixtisaslaşma, robotlaşma - ARAŞDIRMA

Əsrimizin ən müasir bəlası olan qloballaşma iqtisadi inkişafı, beynəlxalq əmin-amanlığı təmin etsə də, onun yaratdığı yarış və döyüş meydanları dövlətlər arasında mübarizəni kəskinləşdirib. Bu nəfəs kəsən mübarizə də dövlətləri yüksək və bəzən də ifrat istehsala yönləndirir. Çünki qlobal arenada daha çox resurs daha çox gücdür. Güc isə birbaşa haqlıdır.

Beləliklə, bu istehsal və texnoloji inkişaf yarışından qalib ayrılmaq üçün dövlətlərin və şirkətlərin daha çox robotla bərabər, robotlaşmış, ixtisaslaşmış işçiyə ehtiyacı var. Çünki onlar daha tez başa gəlir, asılıdır və heç yerə qaça bilməz. Onlar maaş aldıqları işdə etdiklərinin səbəbini belə axtarmırlar. İxtisaslaşma birbaşa insan fərdinin azadlığını sual altında qoyur. Belə düşünək ki, bir firmanın bütün iqtisadi hesablamalarını dəqiqliklə və peşəkarlıqla çıxaran işçi təhsil həyatı boyu yalnız iqtisadiyyatla məşğul olub. O tarixi, ədəbiyyatı, döyüşməyi, odun doğramağı və s. bilmir. Deməli, o bu və ya başqa bir firmadan birbaşa asılıdır. Hərtərəfli olmayan insan heç vaxt azad ola bilməz. Belə ki, həmin işçinin taleyi firmanın onun sənədlərinə yazacağı mənfi rəydən asılıdır. İxtisaslaşmanın əsası isə orta məktəbdə qoyulur, universitetlərdə isə möhkəmlənir. Məsələn, mən 9-cu sinifə qədər fizikanı oxuya bilmişəm. Amma olduğum profil sinif, qəbul imtahanının tələb etdiyi çətinləşdirilmiş ixtisas fənləri məni fizikadan və digər təbiət ellərindən uzaqlaşdırıb. Universitetimdə isə eyni qayda ilə bütün təbiət elmlərini bir semestr keçməklə kifayətlənmişik. Tutaq ki, mən müəyyən müddət sonra siyasətçi olacam amma universitetim məni hərtərəfli insan kimi yetişdirib, yoxsa ixtisaslaşmış robot kimi?

İxtisaslaşmadakı məqsədlər ilk başda sadəcə daha praktik və sürətli təhsil üçün görülə bilər. Amma o bizim birbaşa azadlığımızı əlimizdən alır. Məsələn, mən ümumiyyətlə, yaxşı döyüşə bilməyən prezident namizədinə heç vaxt səs verməzdim. Çünki verdiyi vədlərdən çox mən onun özünü oxuyacağam. Hərtərəfli olmayan insan niyə ölkəmi idarə etməlidir? Hər bir bacarıq insanın gözüdür. Bacarmadığımız hər sahə bizi daha da kor edir. Mükəmməl insan ən çox görən insandır.

Düşünmək, öyrənmək, bilmək, hiss etmək, inanmaq, döyüşmək ümidi ilə...

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə