“Ölkəmizin də bu tip görüşlərə, təmaslara ehtiyacı var” EKSPERT AÇIQLADI

“Ölkəmizin də bu tip görüşlərə, təmaslara ehtiyacı var” EKSPERT AÇIQLADI

“Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin NATO-nun Brüsseldəki mənzil-qərargahında Baş katibin müavini Mirça Coane (Mircea Geoană) ilə görüşü Azərbaycana göstərilən beynəlxalq etimadın növbəti təzahürüdür”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, Azərbaycanın yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir ki, dünyanın ən müxtəlif siyasi, hərbi mərkəzləri ölkəmizlə bərabərtərəfli əməkdaşlıq qururlar, Azərbaycana hörmətlə yanaşırlar: “Təsadüfi deyil ki, rəsmi Bakı dünyanın ən böyük hərbi-siyasi mərkəzləri arasında keçirilən dialoqlara dəfələrlə ev sahibliyi edib, qarşı duran tərəflər arasında əməkdaşlığa nail olunması üçün öz töhvələrini verib. 2017-ci ilin fevralında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford və rusiyalı həmkarı Gerasimov arasında keçirilən görüş Bakıda baş tutub. 2017-ci ilin sentyabrında isə NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavelin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüş də Bakıda keçirib. 2018-ci ilin aprelində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı arasında görüşə də məhz Bakı ev sahibliyi edib. Bu görüşlər növbəti illərdə də davam etdirilib”.

Ekspert həmçinin qeyd edib ki, Bakının bu qlobal güc mərkəzlərinin hərbi rəhbərliklərinin görüşləri üçün məkan kimi seçilməsi təsadüfi deyil: “Azərbaycanın xarici siyasəti müstəqildir, balanslıdır, kimsədən asılı deyil. Hikmət Hacıyevin görüşü də bu siyasətin uğurlu davamıdır. İndiki zamanda ölkəmizin də bu tip görüşlərə, təmaslara ehtiyacı var. Ermənistanın Azərbaycana qarşı yaratdığı hərbi, siyasi, diplomatik gərginlik fonunda Azərbaycanın dövlət və hökumət təmsilçilərinin qlobal güc mərkəzləri ilə birbaşa təmaslarının olması vacib elementir”.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə