Qəbələ birgəyaşam tərzi sülh və dostluq üçün unikal modeldir

Qəbələ birgəyaşam tərzi sülh və dostluq üçün unikal modeldir

Xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsi və inkişafında nümunə olaraq təqdim olunur. Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir.

Bu gün ölkəmizdə müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Ölkəmizdə mövcud olan dini icmaların fəaliyyətinə hərtərəfli şərait yardılıb və heç vaxt ölkəmizdə dini və milli zəmində qarşıdurma, xoşagəlməz hal baş verməyib.Azərbaycanda tolerantlıq mühitindən söz açarkən ilk növbədə ölkəmizdə hökm sürən siyasi sabitliyi, sosial və iqtisadi inkişafı vurğulamalıyıq. Müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayırlar. Ölkəmizdə müxtəlif inanc sahiblərinin bir-birlərinin dininə hörmətlə yanaşmaları dünya ictimaiyyəti üçün nümunədir. Azərbaycan qürürla deyə bilərik ki, yəhudilərin, müsəlmanların və xristianların yan-yana ibadət etdikləri məkandır.

Azərbaycanda bütün dini konfessiyaların nümayəndələrinin öz dini etiqadlarını, ayinlərini sərbəst və bərabər şəkildə yerinə yetirmək imkanları var və ölkədə məscidlərlə yanaşı pravoslav, katolik, alban kilsələri və sinaqoqların fəaliyyət göstərir. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və s. onlarla belə qurumlar hər bir millətə ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurların, udilərin sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığının göstəricisidir. Ölkənin ictimai-siyasi, mədəni həyatında iştirak üçün hamı, dini mənsubiyyətindən asılı olmayaraq tam bərabər hüquqa malikdir. Qeyd edək ki, Azərbaycanda təkcə yəhudilərin 7 sinaqoqu, 2 orta məktəbi, 1 kolleci, 3 uşaq bağçası və Yəhudi Evi fəaliyyət göstərir.

Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan Krasnaya Sloboda, İvanovka və başqa kəndlər dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Qəbələ də müxtəlif xalqların bir məkanda yaşadığı yerdir. Bura gələn hər kəs multikulturalizmin Azərbaycanda yaşadığını və bu yaşam tərzinin sülh və dostluq üçün unikal model olduğunu görürlər. Azərbaycan xalqına bugünkü rifahı bəxş etmiş və ölkəmizdəki multikultural mühitin siyasi bünövrəsini yaratmış Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev sülh və əmin-amanlığa, xalqlar arasında dostluğun möhkəmlənməsinə töhfələr verir. Fərqli dinin, fərqli etnosun yaşadığı Nicin timsalında Azərbaycanda mövcud olan multikulturalizmi görməmək mümkün deyildi. Nic kəndi udilərin ən iri yaşayış məskənidir. Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Ölkəmizdə tarixən mövcud olmuş multikultural dəyərlər sisteminin – Xristian, İudaizm və İslam kimi üç səmavi dinin, bu dinlərə etiqad edən etnosların dini icmalarının və kilsə, sinaqoq və məscidlərin mövcud olduğu, eləcə də müxtəlif azsaylı xalq və etnik qrupların birgə yaşadığı regionlarımızdan biri də Qəbələ rayonudur. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını Qəbələnin Nic qəsəbəsində yaşayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələ rayonuna səfəri zamanı Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar. Xatırladaq ki, Müqəddəs Məryəm Ana kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanmış və 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı bərpa işləri başa çatdırılmışdır. Bu tarixi irsin yenidən bərpası Azərbaycanda multikultural dəyərlərə verilən önəmin bir göstəricisidir. Udilər bu gün alban kilsəsinin varisləridir, xristianlığı qoruyub saxlayıblar.

"KİLSƏNİN BƏRPA EDİLMƏSİ DƏ BİZİM BİRLİYİMİZİ TƏCƏSSÜM ETDİRİR"

Yenidənqurma zamanı tikilinin 50 faizə yaxın kərpicləri, daşları bərpa olunmuşdur. Həyətyanı sahə abadlaşdırılmış, sahəsi hasarlanmış, bulaq və üç gölməçə yaradılmışdır. Kilsənin tavanı, döşəməsi dəyişdirilmişdir. Kilsənin aşağı hissəsi XII əsrdə tikilmişdir. Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral kilsədir. İkinci hissənin tikintisi isə 1898-ci ildə davam etdirilmişdir və bərpa olunmuşdur. Tarixi özündə əks etdirən Müqəddəs Məryəm Ana kilsəsinin bərpası Afina memarlığına uyğun olaraq aparılmışdır. Dövlət başçısı udi xalqının çox böyük tarixi mirası olduğunu bildirişdir. Qeyd etmişdir ki ki, onlar indi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda gedib ibadət edirlər: "Həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz".

Dövlət başçısı bu günlərdə Şuşada keçirilən "Xarıbülbül" festivalında udi xalqının nümayəndələrinin də çıxış etdiyini bildirib: "Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Uzun fasilədən sonra Şuşada təşkil edilmiş "Xarıbülbül" festivalının ilk günündə Azərbaycanda yaşayan xalqların nümayəndələri səhnəyə çıxmış və öz mədəniyyətlərini nümayiş etdirmişlər. Eyni zamanda, biz hamımız birliyimizi nümayiş etdiririk və bu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm etdirir".

Bu gün bütün dinlərdən olan xalqların ölkəmizdə firavanlığını təminə olunmasına, onların bütün imkanlardan istifadəsinə geniş imkanlar açlır. Hər bir xalqın təhsili önəmli olduğundan udilərin də müasir tipli məktəblərdə təhsil almaları üçün şərait yaradılır. Cənab Prezident orada olarkən təmirə ehitiyacı olan məktəblərlə bağlı belə bildirib: "Bir nömrəli məktəbin təmiri, idman kompleksi ilə bağlı işləri yəqin ki, Heydər Əliyev Fondu görəcək. Dörd nömrəli məktəbdə isə təmir işləri dövlət xətti ilə həyata keçiriləcək".

DÜNYANIN ETNİK XƏRİTƏSİNDƏ UDİ ADLI ETNOS ƏSASƏN, AZƏRBAYCAN ƏRAZİSİNDƏ MÖVCUDDUR

Dövlət başçısı Qəbələnin Nic qəsəbəsində Müqəddəs Yelisey adına Cotari kilsəsində də olub. Nic qəsəbəsindəki bu kilsə də Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə əsaslı bərpa olunaraq Alban-Udi Xristian dini icmasının istifadəsinə verilib. Müqəddəs Yelisey kilsəsi 1823-cü ildə tikilib. Azərbaycanın qədim yerli xalqlarından biri olan udilər haqqında hələ Herodot, Plini və Strabonun əsərlərində məlumat verilmişdir. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün əsasən, Azərbaycan ərazisində mövcuddur. Udilər Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilmişdir. Tarixən Günəşə, Aya sitayiş edən udilər IV əsrin əvvəllərində xristianlığı qəbul etmiş və bu günə kimi dinini saxlamışlar. Bu gün Qəbələdə udi xalq rəqslərinin sədaları altında keçirilən toy-düyün, müsəlman ölkəsindəki bir xristian məbədində bağlanan mənəvi ittifaq əsl tolerant mühitin ölkəmizdə olduğunun bir göstəricisidir. Dünyanın belə bir çətin zamanında yaşamağımıza baxmayaraq, Azərbaycanda multikulturalizm yaşayır. Əbəs yerə deyilmir ki, Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin paytaxtıdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə