"“Xarıbülbül” festivalının keçirilməsi Zəfər yürüşümüzün təntənəsidir" Səbinə Xasayeva

“Azərbaycanın gözü olan Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının keçirilməsi Zəfər yürüşümüzün təntənəsi, kulminasiya nöqtəsi oldu. Vətən oğullarının qanı ilə suvarılan torpaqda, Cıdır düzündə bir-birindən rəngarəng musiqi sədalarının yüksəlməsi və ən əsası, illərdir ki, ürək sızıltısı ilə dinlədiyimiz “Qarabağ” şikəstəsinin, “Bayatı-Şiraz”ın səslənməsi qəlbimizə su çilədi, bizi qürurlandırdı”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib ölkənin rəhbəri kimi səsləndirdiyi “Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq” fikirləri hər bir azərbaycanlıda xoş anlar yaşatdı.

Səbinə Xasayeva diqqətə çatdırıb ki, 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə başa çatdı. Uzun illərdir ki, yağı tapdağı altında qalan torpaqlarımız rahat nəfəs aldı. Azərbaycan Prezidentinin Sərəncamı ilə 8 Noyabr Zəfər günü kimi xalqımızın tarixinə yazıldı. Bu, tariximizin elə bir şanlı səhifəsidir ki, hər birimizə qürur yaşatdı, gələcək nəsillərə ərməğan qoydu: “Biz torpaqlarımızı göz-bəbəyimiz kimi qorumalıyıq. Çünki torpaq bizə ata-babalarımızdan əmanətdir. Vətənin igid oğulları qanları, canları bahasına ərazilərimizi düşməndən təmizlədilər. Məhz onların sayəsində ərazi bütövlüyümüz təmin olundu”.

Deputatın sözlərinə görə, 8 Noyabr Zəfər günü həm də ruhumuzun, mənliyimizin qələbəsi oldu. Azərbaycanın qısa müddət ərzində Vətən müharibəsindəki Qələbəsi dünyanı heyrətləndirdi. Azərbaycana sayğısı olan dövlətlər sevindi, gözügötürməzlər, bəşəriliyə düşmənçilik edən dövlətlər məyus oldular.

“Xalqımız bir neçə gün əvvəl Cıdır düzündə əsgərlərimizin sədaqətə söykənən möhtəşəm “Yallı”sını həyəcanla izləmişdi. Bu ovqat Şuşada keçirilən “Xarıbülbül” festivalı möhtəşəmliklə tamamlandı. Azərbaycan Ordusu düşmənə döyüşdə qalib gəlmişdi, bu festival isə Azərbaycan mədəniyyətinin qələbəsinin təntənəsidir. Belə bir festival Şuşada 1989-cu il mayın 21-də keçirilmişdi. 32 il əvvəl! Düz 32 il Cıdır düzü belə bir möhtəşəmliyin xiffətini çəkmişdi. Bu xiffəti bütün Azərbaycanı sevənlər çəkmişdi. Torpaqlarımız da işğaldan azad edildi, musiqimizin auditoriyası da. Festival açıq elan ediləndə iştirakçılar da, onu televiziyadan izləyənlər də Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, onun rəhbərlik etdiyi Azərbaycan Ordusu ilə qürur duydu. Biz azərbaycanlı olduğumuzla fəxr edirik!”.

Deputat vurğulayıb ki, “Xarıbülbül” musiqi festivalı uzun müddətdir ki, belə bir çal-çağıra, coşquya tamarzı qalmış Şuşanın, Cıdır düzünün, İsa bulağının yenidən canlanmasını bizlərə yaşatdı. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...