Aleksandr Tixanski: “Ermənistan KTMT-yə müraciət etməklə ünvanı səhv salıb” ANALİTİK+AKTUAL

Ermənistan KİV-ləri və siyasiləri artıq bi neçə gündür ki, Ermənistan-Azərbaycan sərhədində - Zəngəzur istiqamətində “gərgin vəziyyətdən” danışır, hətta dövlət səviyyəsində xarici ölkələrə telefon zəngləri açılır, sərhəd zolağının delimitasiyası ətrafında özlərinə xas hay-haray qaldırırlar. Lakin bütün bunlarla yanaşı baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın hələ də hansı tərəfə - Qərbə, yoxsa Moskvaya lövbər salması ətrafındakı var-gəlləri də suallar yaradır. Çünki onun gah Fransa prezidenti Emmanuel Makrona, gah da ABŞ-ın dövlət administrasiyasına açdığı telefon zəngləri, yolladığı məktubları ilə yanaşı, digər tərəfdən Rusiyanın prezidenti Vladimir Putinə də zəng etməsi, üstəlik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edərək, ölkəsinə hərbi dəstək istəməsi, əslində, Paşinyanın qeyri-müəyyən vəziyyətdə qalmasını da sübut edir.

Ancaq bir tərəfdən də Fransanın hərbi yardım göstərməyə hazır olması barədə yayılan məlumatlar artıq Ermənistan hakimiyyətinin öz problemlərinin özü tərəfindən həll edə bilməməsi faktını ortaya qoyur.

Yeri gəlmişkən, bu gün Ermənistanda fəaliyyət göstərən kifayət qədər revanşçı qüvvələr də var ki, onlar qərbyönümlü və anti-Rusiya xarakterli kimi tanınırlar. Misal üçün, “Sasna Srer”, Milli Demokratik Qütbü kimi radikal müxalifət dairələri Fransa prezidenti Makrondan Ermənistanın cənub sərhədlərində ordu gücləri yerləşdirilməsini tələb edirlər.

Bunun ardınca isə Rusiya Federasiyası silahlı qüvvələrinin cənub hərbi dairəsinin komandanı Aleksandr Dvornikov Ermənistana səfər edib və orada ölkənin müdafiə naziri Vaqarşak Arutyunyanla görüşərək Zəngəzurdakı vəziyyət barədə danışıb.

Lakin ən əsası, Ermənistanın KTMT-yə müraciətidir ki, bu qurum 3 gün ərzində öz qiymətini verməlidir.

Hərbi-siyasi ekspert: “Vaxtilə Ermənistan Xaçaturovun həbsi ilə KTMT-nin nüfuzuna ziyan vurmuşdu”

SİA xəbər verir ki, Rusiya Federasiyasının Hərbi elmlər akademiyasının professoru, Rusiyanın və Belarusun tanınmış hərbi-siyasi analitiki Aleksandr Tixanski caliber analitik informasiya mərkəzinə verdiyi açıqlamasında bildirib ki, sözügedən məsələ ilə bağlı KTMT-nin müdaxiləsinə heç bir əsas yoxdur.

“KTMT-nin heç bir kompetensiyasını görmürəm. Bu ötən il Qarabağda baş vermiş münaqişə vaxtı da yox idi, Azərbaycan KTMT-nin üzvü olan Ermənistanla müharibə etmirdi. Ümumiyyətlə, Ermənistanın KTMT-də olmasının səbəblərində təzadlı məqamlar var. Burada təşkilatın sədri Yuri Xaçaturovun həbsini xatırlamaq olar ki, Ermənistan həmin vasitə ilə təşkilatın nüfuzuna kifayət qədər zərər vurmuş oldu” deyən hərbi-siyasi analitik həmçinin bildirib ki, müəyyən məsələlərdə KTMT-yə daxil olan ölkələrin də fikirləri nəzərə alınmalıdır.

Rusiya və Belarus analitiki: “Hanı aqressiya və hücum?”

“Hələ iki il əvvəl Ermənistanın ötən əsrin 90-cı illərdə işğal etdiyi ərazilərlə bağlı fəal danışıqlar gedirdi. İrəvan çox özündən razı idi və alacaq olacağını da aldı. Bu gün KTMT-nin mövqeyi dəyişməyib. Heç kim müdaxilə etməyəcək. Rusiya edə biləcəyi hər şeyi etdi: silahlı münaqişə başa çatdı, sülhməramlı kontingent ərazilərə daxil oldu”, deyən Tixanski İrəvanın Bakının guya dövlət sərhədlərini pozması iddialarına da münasibətini açıqlayaraq bildirib ki, delimitasiyanın olmadığı halda sərhədyanı münaqişələr hər zaman baş verir: “Əgər aşkar hərbi təhlükə yoxdursa, bu zaman KTMT nəyə görə həmin işə qarışdırılmalıdır? Bu, Azərbaycanla Ermənistanın işidir ki, sərhədləri delimitasiya edib məsələyə son qoymalıdırlar. Ortada heç nə yoxdur. Hanı aqressiya və hücum? Ona görə də, Ermənistan KTMT-yə müraciət etməklə ünvanı səhv salıb”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...