“Əgər ermənilər minalanmış ərazilərin xəritəsini versələr,...” MÜSAHİBƏ

SİA politoloq Samir Hümbətovun müsahibəsini təqdim edir:

- Qarabağdakı 44 günlük Vətən Müharibəsi həm Azərbaycan, həm də türk dünyası üçün yeni reallıqlar yaradıb. Bu reallıqlardan çıxış etdikdə iki qardaş ölkə arasındakı əməkdaşlığın gələcək inkişafını necə dəyərləndirmək olar?

- Qeyd etmək lazımdır ki, ikinci Qarabağ müharibəsindən sonra həm Qarabağ savaşının getdiyi müddət ərzində, həm də ondan sonrakı müddətdə artıq Cənubi Qafqazda geostrateji və geosiyasi reallıqlar dəyişməyə başladı. 27 sentyabr 2020-ci ilə qədər baş verən proseslər sonra daha geniş məcraya keçdi və Türkiyənin regionda, xüsusilə Azərbaycanda əhəmiyyəti daha da artmağa başladı. Müharibənin gedişatında belə bir siyasi vəziyyət yarandı ki, artıq Türkiyənin regionda əsas söz sahiblərindən birinə çevrilməsi prosesi başladı. Bu təkcə Cənubi Qafqazda deyil, eyni zamanda, Mərkəzi Asiyaya da öz təsirini göstərdi. Bu gün Mərkəzi Asiya dövlətləri, başda Özbəkistan və Qırğızıstan olmaqla digər ölkələr Qazaxıstan, Türkmənistan bu prosesə qoşulmağa başladı. Artıq biz 6 dövlətin birgə əməkdaşlığının nəticəsini görürük. Qarşıdakı dövrlərdə Turan birliyinin yaranması prosesi sürətlənəcək.

- Zəngəzur dəhlizinin açılmasının Türk dünyasını birləşdirmək baxımından nə kimi əhəmiyyəti var?

- Çox böyük əhəmiyyəti var. Türkiyə ilə Azərbaycanın, eyni zamanda Mərkəzi Asiyanın birləşdirilməsi hələ ki, mümkün olmayıb. Zəngəzur koridorunun açılmasından sonra, Çin sərhədindən başlamış İstanbuldan Yunanıstan sərhədinə qədər geniş bir ərazini əhatə edən koridor açılacaq ki, bu da birbaşa Türkiyə ilə türkdilli dövlətlərin əlaqələrinə kömək olacaq. Burada təkcə avtomobil yolu deyil, eyni zamanda dəmir yolunun çəkilişi də nəzərdə tutulur.

- Hərbi Qənimətlər Parkının açılışının əsas mahiyyəti nədən ibarətdir? Xüsusən də gənclər bu parkın açılışından necə yararlana bilər?

- Burada bir neçə məsələ var. 44 günlük Vətən Müharibəsində biz bunun şahidi olduq ki, heç nə eşitdiyimiz kimi deyil. Parkda olan texnikanın nümayiş etdirilməsi və 10 dekabr 2020-cı ildə Bakıda keçirilən möhtəşəm paradda bəzi vurulmuş tankların, sursatların nümayişi onu göstərdi ki, heç də Rusiya silahları dünyanın hegemon silahları hesab olunmur.

- Bəs, ölkə gəncliyi bundan necə yararlanmalıdır?

- Yeni yetişən gənc nəslin, xüsusən də paytaxda olan tələbələrin bu parka səfər etməsi İkinci Qarabağ müharibəsində bizim qazandığımız uğurlar nəticəsində əldə olunmuş hərbi texnikanın nümayişinə cəlb olunması gənc nəsildə yeni vətənpərvərlik ruhunu aşılayacaq. Gənclər bu ruhda tərbiyə olunmalıdır ki, baxın biz 44 günə 30 il ərzində bərkidilmiş müdafiə xəttini dağıdıb öz torpaqlarımızı azad etdik. Həmçinin, bu döyüşdə könüllü gənclərimiz də üstünlük təşkil edib.

- Bu yaxınlarda bütün sosial şəbəkələrdə də yayıldı ki, Rusiyanın iki hərbi bazasının Azərbaycan sərhədində yerləşdirilməsi cəmiyyət tərəfindən narazılıqla qarşılanıb. Bu məqamlarla bağlı nə baş verir?

- Bu tam rəsmi xəbər deyil. Mən tez-tez Rusiya xəbər saytlarını izləyirəm. Hələ ki, o məlumatın təsdiq olunması baş verməyib.

- Bəs baş verəcəyi təqdirdə regionu nə kimi proseslər gözləyir?

- Ermənistanın özündə normal hərbiçi olmadığı üçün bugün Rusiya hərbçiləri Ermənistanın həm İranla, həm də, Türkiyə ilə sərhədini qoruyurlar. Təbii ki, Azərbaycan artıq Ermənistanla öz sərhədini qurub. Həmin sərhədlərdə də Rusiya hərbçilərinin yerləşdirilməsi və Ermənistan sərhədinin qorunması prosesi mümkündür. Bu onların daxili əməkdaşlığına əsaslanır. Rusiya atdığı hər addımda qarşısında Türkiyənin olduğunu hiss edir.

- Bəzi ikili standartlı mövqedən çıxış edən təşkilatlar, hətta böyük güclər tərəfindən Azərbaycana qarşı bir növ təzyiq var. Bu təzyiq nədən ibarətdir? Erməni əsirlərinin qaytarılması ilə bağlı baş verənlərin pərdəarxası məqamları nədir?

- Burada dini təəssübkeşlik var. Fransanın, Amerikanın, Rusiyanın bəzi dairələrində dini təəssübkeşliyə çox fikir verirlər. İkinci bir tərəfdən də hər iki ölkədə erməni lobbisinin fəaliyyəti güclüdür və bu birmənalıdır. Onlar regionda Türkiyənin və Azərbaycanın güclənməyini istəməyərək, öz dövlət maraqlarını güdürlər. Bu təzyiqlərin nə Azərbaycan üçün, nə də Türkiyə üçün önəmi yoxdur. Türkiyə bugün də öz iqtisadi imkanlarını daha da genişləndirir və regionda əsas söz sahibidir. Yayılan məlumata görə, artıq Türkiyə İraqın şimalında böyük bir hərbi baza yaradır. Yəni, ABŞ nə qədər təzyiq etsə də, Türkiyə öz strateji hədəflərini gerçəkləşdirməyə çalışır.

- Ermənistana qarşı təzyiq mexanizmi hansı istiqamətdə olmalıdır ki, artıq Azərbaycanla Ermənistanın regional əməkdaşlığı başlamalıdır. Siz bu haqda nə düşünürsünüz?

- Biz müharibənin bitməsindən bu yana tarixi xronologiyaya baxsaq görəcəyik ki, Azərbaycanın hərbçiləri və mülki vətəndaşları daha çox minaya düşüb zərər çəkir. Bu onu göstərir ki, bu xəritə var. Bu xəritənin həm erməni hərbçilərində, həm rus sülhməramlılarında olması ehtimalı böyükdür. Erməni dairələrində də artıq reallığı qəbul edən siyasətçilər var. İndiyədək bunlar Qarabağ üçün çalışırdılar. Artıq Qarabağ da əllərindən çıxdı. Hesab edirəm ki, bundan sonrakı mərhələdə Ermənistanla Azərbaycan arasında normal dialoq qurulması başlaya bilər. Bunun birinci addımı xəritələrin Azərbaycana verilməsidir. İkinci addım Naxçıvana olan Zəngəzur dəhlizinin açılmasıdır. Üçüncü addım isə Qazaxın 7 kəndinin Azərbaycana qaytarılmasıdır. Eyni zamanda, Kərki, Mehri ərazilərinin qaytarılması və Dağlıq Qarabağda bəzi ərazilər var ki, onlar məhz Azərbaycanın nəzarətinə keçməlidir.

- Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, bu Qarabağda əldə edilmiş razılaşmalara necə təsir göstərə bilər?

- İndiki mərhələdə Ermənistanda hakimiyyət dəyişməsi ehtimalı olduqca azdır. Ermənistanda iki klan arasında mübarizə gedir: Qarabağ klanı və Ermənistan klanı. Erməni cəmiyyəti hakimiyyətin başında erməni klanını görmək istəyir, Qarabağ klanını yox. Robert Koçaryan da Qarabağ klanının təmsilçisidir. Ümumi götürəndə, onun Ermənistanda nüfuzu olduqca aşağıdır. Ermənistanda baş verən proseslərin kökündə Qarabağ klanının yaratdığı problemlər durur. Ermənistanda hakimiyyət dəyişərsə, bu Azərbaycan Ermənistan arasında gedən proseslərin başqa bir istiqamətə yönəldəcəyinə inamı olduqca azaldır.

- Onlar populist çıxışlar etməklə kimə güvənirlər?

- Onlarda cəmiyyət özü parçalanıb və pərakəndəlik hökm sürür. Bugün Ermənistanın köməyinə Qərb çatırsa, Ermənistan Rusiyanı atıb qərbdən yapışacaq.

- “İsgəndər M” raketlərindən istifadə edilməsi ilə bağlı fikirləriniz nədir?

- Bəzi siyasi dairələr hesab edir ki, Azərbaycanla normal münasibət saxlamaq lazımdır. Bəziləri isə Ermənistanla normal münasibət saxlamaq lazım olduğunu düşünür. 3-cü bir qrupun fikrincə isə, həm Ermənistanla, həm də Azərbaycanla normal münasibət saxlamaq lazımdı ki, Qafqazda nüfuz itirməsin. Təbii ki “İsgəndər M” raketlərinin verilməsi də hakimiyyətdən kənar mümkün deyil. Bu adi bir əşya deyil ki, oğurlanıb sərhəddən keçirilsin. Bu raketdirsə, hərbi texnikadırsa, təbii ki, müəyyən bir razılıqla həyata keçirilib.

- Türkiyə və Azərbaycanın Ermənistanla münasibətlərini necə təsəvvür edirsiniz?

- Biz desək ki, yaxın aylarda və ya illərdə onlar arasında tam səmimi əlaqələr qurulacaq, bu biraz inandırıcı olmaz. Qarabağ savaşında erməni tərəfi böyük itki verib. Bugün də onlarda qorxu hissi var. Müəyyən bir vaxtdan sonra münasibətlər normallaşsa da, istiləşmə çətin məsələdir. Ticarət əlaqələrinin genişlənməyi mümkündür. Biz onlarla yaxşı münasibətin olmağına inanmırıq. Erməni xisləti hər 20-30 ildən bir problem yaratmağa çalışırlar. Bu mənada onlar özlərini məzlum xalq kimi göstərirlər.

-Yaxın dönəmdə Türkiyənin Ermənistanla sərhədləri açılması real görünürmü?

- Onun proqnozu indiki vəziyyətdə mümkün deyil. Çünki Türkiyənin qoyduğu konkret şərtlər var. Türkiyə açıq şəkildə deyir ki, Qarabağ məsələsi tam həll olunaraq, Azərbaycanla münasibətlər tam düzəlməlidir. Ən əsası, 1915-ci ildə guya baş vermiş saxta "erməni soyqırımı" iddiasından Ermənistan əl çəkməlidir və bundan sonrakı mərhələdə biz Ermənistanla normal münasibətlər qura bilərik.

- Qaragen Nijdenin heykəlinin sökülməsi ilə bağlı fikirləriniz?

- Qaragen Nijde fasitlərə dəstək verən erməni olub. 9 mayda Rusiya tərəfi Xocalıda parad keçirmək istəyib. Çox maraqlıdır ki, Xocalıda da bu var. Əgər bu heykəl sökülməyibsə, Rusiya faşizm üzərində qələbə qazanıb amma faşistlərə dəstək verən bir erməni heykəli orada hələ də durur. Ruslar özləri fikirləşməlidir ki, bu heykəl burada olmamalıdır və Rusiyanın orda sülhməramlı mövqeyi olmalıdır. 5 ildən artıq Azərbaycan Rusiya ilə razılığa gəlməyəcək.

- ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə toxunmaq istəyərdim. Bu məsələ ilə bağlı nə deyərdiz?

- 2016-cı il aprel hadisələrindən sonra, yəni, Azərbaycanın erməni mifini qırdığı ilk vaxtlardan bu vəziyyəti düzəltmək və məsələni sülh yolu ilə həll etmək üçün Türkiyənin Minsk qrupunun həmsədrləri içərisində təmsil olunması təmin edilməli idi. Çünki, Fransada, Rusiyada və ABŞ - da müəyyən dairələr var ki, Qarabağın Azərbaycana qaytarılmasını birmənalı şəkildə istəmirdilər. Biz isə reallıqla hərəkət etdik. Qarabağ artıq Azərbaycanın ərazisidir. Hərbçilərimiz oranı qoruyurlar. Türkiyənin Minsk qrupunun həmsədr olması mütləqdir.

- ABŞ Prezidenti Co Baydenin qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qərarından sonra Türkiyə Amerikaya hansı addımları ata bilər?

- Gəlin, məsələni ikitərəfli müzakirə edək. Niyə ABŞ prezidenti bu ifadəni işlətdi? ABŞ-ın bu addımı məhz bu vaxtda atmağı o deməkdir ki, o, öz adamı olan Paşinyanın hakimiyyətdə qalması üçün əlindən gələni edir. ABŞ Prezidentinin "soyqırım" ifadəsini işlətməyi Paşinyana bir hədiyyə idi. ABŞ Paşinyanın vasitəsilə Rusiyanın mövqeyini sıxışdırmağa çalışır. İkinci bir tərəfdən, ABŞ Prezidentinin "soyqırım" ifadəsi işlətməsi onu göstərdi ki, Türkiyə ilə münasibətləri heç də tam müttəfiqlik səviyyəsində deyilmiş. ABŞ ancaq öz maraqlarını güdür. Təbii ki, Türkiyədə ABŞ-ın hərbi bazaları fəaliyyət göstərir. ABŞ-ın regionda olan nüfuz dairələri də yavaş- yavaş Türkiyənin nəzarəti altına keçə bilər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə