Erməni separatçıları Rusiya sülhməramlılarına meydan oxuyurlar? FOTOFAKT

Hitlerçi faşist nökəri, terrorçu Njdenin abidəsi demontaj olunmaq üzrədir

Son zamanlar Qarabağın dağlıq hissəsində təhlükəsizlik nəzarəti mexanizmini həyata keçirən Rusiya sülhməramlı kontingenti ilə yerli ermənilər arasında anlaşılmazlıqların artması müşahidə olunmaqdadır. SİA xəbər verir ki, separatçılıq və terrorçuluq məqsədlərindən əl çəkmək fikrində olmadıqlarını nümayiş etdirən erməni kəsimi Rusiya SM-nın onlardan faşist Almaniyasının nökəri, hitlerçi və terrorçu Qaregin Njdenin Xocavənddəki abidəsinin götürülməsini tələb ediblər. Kontingent onlara may ayının 9-na qədər vaxt verib. Belə ki, həmin tarixdə faşist Almaniyası üzərində qazanılmış qələbənin növbəti ildönümünə həsr edilmiş hərbi keçidin baş tutması planlaşdırılır.

Lakin SM-ın tələblərinə etina etməyən, əksinə, onlara qarşı meydan oxuyan ermənilər bir az da irəliyə gedərək, qatil Njdenin abidəsinin qarısında əski parçası asıblar. Əski parçasının üzərində “Bu sizə Armavir deyil” həştəqi əks olunub. Belə ki, bir müddət əvvəl Rusiyanın Krasnodar vilayətində faşist Njdeyə ucaldılmış abidə çoxsaylı şikayətlər əsasında demontaj edilmişdi. Daha dəqiq desək, 2019-cu ildə erməni qaniçəninə ucaldılmış abidənin demontajı üçün şəhər dumasının deputatı Aleksey Vinoqradov etiraz səsini ucaltmış, heykəlin üzərinə qara rəngli maye tökmüşdü. Nəticədə, onun etirazı nəzərə alınmış və abidə sökülmüşdü.

İndi isə həmin olayı xatırlayan ermənilər rus sülhməramlılarının Armavirdəki kimi Njdenin abidəsinin demontaj olunmayacağını iddia edərək göstərməyə çalışıblar. Onlar Rusiya SM-na eyham vurublar ki, xidmət apardıqları yer Rusiya deyil və lazım gələrsə, sülhməramlılar məhz faşist nökərinin abidəsinin kölgəsi altında qələbə paradının keçidini edəcəklər və s.

Qeyd edək ki, artıq bu məsələ Rusiya sülhməramlıları kontingentinin komandanlığının nəzarəti altına götürülüb və ermənilərin həyasızlıqlarına qarşı sərt ölçülərin götürüləcəyi barədə məlumatlar səslənməkdədir. Daha dəqiq desək, hitlerçi faşist nökəri Njdenin heykəli mayın 9-na qədər müddətdə demontaj ediləcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə