Erməni terrorçuları Rusiya SM-nı hədələdilər! FAKT

Faşist Njdenin abidəsi məsələsi böyüyür

Məlum olduğu kimi, Qarabağda sülhməramlılıq missiyası həyata keçirən Rusiya hərbi kontingenti Xocavəndin bir hissəsinə nəzarət etdikləri bölgədə İkinci Dünya Müharibəsi dövründə Hitler Almaniyasına xidmət etmiş erməni terrorçusu, faşist Qaregin Njdenin abidəsinin götürülməsi tələbini irəli sürüblər. SİA xəbər verir ki, həmin tələbdən sonra separatçılar Rusiya sülhməramlılarına qarşı hədə dili ilə danışmağa başlayıblar. Son vaxtlar SM-lar ilə yerli ermənilər arasındakı münasibətlərin korlanması prosesi isə bu məsələdən sonra daha da sürət almağa başlayıb. Caucasian bureau teleqram kanalının yazdığına görə, bu dəfə daha bir erməni separatçısı və terrorçusu Andranik Çavuşyan Njdenin abidəsinin götürülməsi tələbi ilə bağlı çıxışında bildirib ki, rus sülhməramlıları onlara Njdenin abidəsinin götürülməsinə məcbur edə bilməzlər.

Erməni terrorçu-separatçısı Andranik Çavuşyan: “Ruslar kimdirlər ki, bizim torpaqda nəyi isə həll etsinlər?”

“Belə məsələlərdə ruslar siyasi tərəf kimi görünməlidirlər. Mən onlara dedim ki, siz burada heç nəyi həll etmirsiniz. Onlar kimdirlər ki, bizim torpaqda (?-red) nəyi isə həll etsinlər? Gedin öz sülhməramlılığınızla məşğul olun. Onlar heç nə edə bilməyəcəklər. Məsələlər yalnız abidələrlə həll edilmir, bu, bizim abidədir”, deyə aşkar həyasızlıq nümayiş etdirən erməni separatçısı və terrorçusu iddia edib ki, ruslar hər zaman təsir edəcəklər və ermənilər bu təsirlər altına düşsələr, tezliklə İrəvanda Atatürkə abidə qoyulacaq.

“Rusların Qarabağın Azərbaycanın ərazisi olduğunu dedikləri müddət boyunca bir qərar qəbul etməyə tələsməməliyik”, deyə Çavuşyan revanşçılıq hisslərini gizlətməyib.

Əks halda cinayətkar xuntanın tör-töküntülərinin işinə Azərbaycan SQ-i baxmalı olacaq!

Görünən isə budur ki, Rusiya SM-ı nə qədər Qarabağda qalmış erməni qanunsuz silahlılarının, terrorçu və separatçılarının nazları ilə oynamağa davam edəcəklərsə, bir o qədər özlərini təhlükə altına qoymuş olacaqlar. Eyni zamanda, onlar öz missiyalarının, üzərlərinə götürdükləri məsuliyyətlərinin öhdəsindən gələ bilməyəcəkləri halda, Azərbaycan dövləti və şanlı Silahlı Qüvvələri sülhəməcburetmə əməliyyatı çərçivəsində cinayətkar xunta tör-töküntülərinin işlərinə beynəlxalq hüququn verdiyi imtiyazlarla baxmalı olacaqlar, özü də Njdelərinin heykəli ilə paralel şəkildə!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə