Araikin Moskva sərgüzəştləri: onu niyə təcili çağırıblar? ANALİTİK

Qarabağ klanının revanşçı fikirləri Kremlin marağında olmayan məsələdir

Bugünlərdə erməni KİV-ləri Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində “qurulmuş” qondarma rejimin başçısı Araik Arutyunyanın təcili Moskvaya çağırılması ilə bağlı məlumatlar tirajlamaqdadırlar. Məlumatlarda qeyd olunur ki, Moskva Arutyunyanı rəsmi qaydada qəbul edə bilmir, çünki o, tanınmayan “respublikanın” rəhbəridir. Lakin Araikin Rusiyanın paytaxtına səfər zamanı xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşlər keçirməsi, yaxud keçirəcəyi barədə informasiyalar da bəzi məqamlar ətrafında düşnməyə vadar edir. Guya onu Moskvaya “üzərində işlənilməsi”, yaxud “özünə gətirilməsi” üçün çağırıblar və buna səbəb Arutyunyanın Ermənistan hakimiyyəti ilə sıx təmaslarda olması, Paşinyan komandası ilə sıx təmaslar saxlamasıdır. Eyni zamanda, rusları narahat edən məsələ Arutyunyanın Ermənistan hakimiyyətindən asılı olması, Nikol Paşinyan hökuməti tərəfindən maddi vəasitlərlə təmin edilməsidir və s. Bir daha qeyd edək ki, bunu erməni KİV-ləri yazırlar.

Arutyunyanın Rusiya paytaxtına çağırılması Ermənistandakı siyasi proseslərlə bağlıdır?

Ancaq bənzər informasiyaların, yəni “dqr”in baş separatçısının Moskvaya təcili çağırılmasının erməni mediasında yer alması ilk dəfə deyil. Bu kimi informasiyalar 44 günlük müharibə və ondan sonrakı müddətlərdə də tirajlanırdı. Amma sonradan bu məlumatlar rəsmi mənbələr tərəfindən təsdiq edilmirdi.

Bu zaman diqqət çəkən daha bir detala toxunmamaq olmur. Məsələ ondadır ki, bənzər məlumatlar nə Rusiya, nə də Ermənistan tərəfindən rəsmi olaraq təkzib də edilmirdi və indi də edilməməkdədir ki, bu da belə qənaətə gəlməyə zəmin yaradır ki, sözügedən fəaliyyət həqiqətən də mövcuddur.

Budəfəki informasiya isə ona eyham vurur ki, Arutyunyanın Rusiya paytaxtına çağırılması Ermənistandakı siyasi proseslərlə bağlıdır. Burada ən çox diqqət çəkən söz “çağırılmaqdır”. Çünki bildiyimiz kimi, çağırılanlar tabe olan insanlar olurlar və buradan nəticəyə gəlmək olar ki, Araik və onun Qarabağdakı əlaltıları hansı tərəfin məhsulları olduqlarını bir daha sübuta yetirirlər.

Onda daha bir məqam üzə çıxır və söz yox ki, bu məqamda sual da yaranır: Nəyə görə Rusiya sülhməramlılarının Azərbaycanın təxminən 3,5% ərazisində müvəqqəti missiya həyata keçirdikləri bir vaxtda Moskva açıq-aydın şəkildə diqqəti Bakının hərbi cinayətlərdə, separatçılıqda və terrorçuluqda ittiham etdiyi şəxsə qarşı yönəldir?

Arutyunyan siyasi planda oynanılmış kartdır

Söz yox ki, Araik Arutyunyan hərbi cinayətkardır, kütləvi şəkildə azərbaycanlıların qətlə yetirilməsində bilavasitə iştirakçıdır, xüsusilə Gəncənin raket zərbələrinə məruz qalmasının əmrini şəxsən verdiyini bəyan edib. Onun cinayətkar keçmişi və əlbəttə ki, qaranlıq gələcəyi var və yeri birbaşa Azərbaycan həbsxanasındadır. Hər kəsə də o da kifayət qədər aydındır ki, Arutyunyan siyasi planda oynanılmış kartdır. Bu zaman daha bir sual yaranır: əgər belədirsə, bu zaman onun böyük dövlətlərin, daha dəqiqi isə Rusiyanın maraq nəzərlərində olmasının səbəbi nədir?

Əslində, səbəb barədə yuxarıda da qeyd olundu. Bu gün Ermənistanda anti-Paşinyan hərəkatı vüsət alır və seçkilər öncəsi Kremlin məhsulu olan Araikin Nikolla eyni səfdə yer alması Moskvanı qane etmir. Nəticədə Ermənistan siyasətinə heç bir təsiri olmayan birinin ümumiyyətlə kənara, hətta kölgəyə çəkilməsi əmri də qüvvəyə salına bilər. Daha doğrusu, Araikin bu və ya digər şəkildə Ermənistan rəhbərliyi ilə mütəmadi görüşlər keçirməsi, Ermənistanın hökumət rəsmiləri ilə “dqr”in “quruculuğu” ətrafında planları müzakirə etməsi Moskvanın marağında deyil. O cümlədən, Qarabağ klanının revanşçı fikirləri də Kremlin marağında olmayan məsələdir, çünki rus sülhməramlıları hazırda üzərlərinə öhdəliklər götürüblər və bu öhdəlikləri icra edə bilməsələr, sadəcə, beynəlxalq aləmdəki nüfuzları rüsvayçı duruma düşə bilər.

Araikin Moskvaya təcili çağırılmasının da səbəblərindən biri budur – ya kənara çəkiləcəksiniz, ya da sonrakı taleyinizə cavabdeh deyilik

Rusiya onu da yaxşı bilir ki, Qarabağ Azərbaycandır və büün hallarda (!) oradakı hər bir qanunsuz elementlər Azərbycanın ərazisindən yox olmalıdırlar, üstəlik, hərbi cinayətkarlar xalqımızla bağlı törətdikləri hər bir əməllərinə görə cavab verməli olacaqlar. Onların bəziləri 44 günlük müharibədə cəzalarını aldılar və yerə qalanlar – Arutyunyan, Balasanyan və sairləri unutmamalıdırlar ki, hətta sülh dövründə onlar məsuliyyətlərindən yaxa qurtara bilməyəcəklər. Araikin Moskvaya təcili çağırılmasının da səbəblərindən biri budur – ya kənara çəkiləcəksiniz, ya da sonrakı taleyinizə cavabdeh deyilik. Ən yaxşı halda, Rusiyanın hansısa uzaq bölgəsində ömrünüzü başa vurmaq üçün yer ayıra bilərik. Ancaq buna da zəmanət yoxdur.

Daha bir məsələ isə əlbəttə ki, Azərbaycanın bu məsələ “Dəmir yumruq” prinsipini qüvvədə saxlamasıdır. Kreml onlara izah edir ki, hətta onlara hər hansı dəstək göstərsələr belə, təkrar “Dəmir yumruq” zərbəsi endirilə bilər və bu zərbənin qarşısını almaq heç də asan məsələ deyil. Araikin təcili Moskvaya çağırılmasının görünməyən tərəfi, ya da mümkün ehtimalları məhz bu xüsusda daha çox görünməkdədir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə