"Ermənistanda kimin hakimiyyətdə olması önəmli deyil" MÜSAHİBƏ

SİA politoloq Samir Hümbətovun müsahibəsini təqdim edir:

- Ermənistanın kapitulyasiya sənədinə imza atdıqdan sonra bölgədə yeni reallıq yaranıb və Azərbaycan Rusiya ilə danışır. Ancaq Şuşaya atılan "İsgəndər" raketləri ilə bağlı xüsusatlar ortaya çıxandan sonra Moskvaya ünvanlı suallarımızı var ki, onlara cavab verilməyib, dövlət başçımızda bu barədə açıq danışır.İndikin durumu necə dəyərləndirirsiniz və perspektiv üçün nə gözləyirsiniz?

- Rusiyanın “ İsgəndər-M” raketləri ilə bağlı hər hansı bir açıqlama vermək üçün istədiyi şərait yaranmayıb. Region ölkələri bilir ki, “İsgəndər-M” raketi Ermənistana verilibdir və artıq bu sübutdur. Xatırladaq ki, Paşinyan bu söhbətlərin üstü açılanda bildirib ki, Rusiyadan “ İsgəndər-M” raketlərini almışıq. Paşinyanın dediyinə görə raketlərin yalnız 10 faizi partlayıb. Burada maraq doğuran məqam odur ki, Rusiya Ermənistana niyə bu silahı satıb? Nəzərə çatdırım ki, “İsgəndər-M” raketləri qadağan olunmuş silahlardır. Rusiyanın Ermənistana “İsgəndər-M” raketini satması beynəlxalq konvensiyaları pozur. Rusiyanın beynəlxalq konvensiyanı pozduğu üçün verəcəyi cavab yoxdur. Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, bizim üçün Ermənistan etibarlı, daimi müttəfiqdir. Rusiya “İsgəndər-M” raketlərini veribsə, mütləq açıqlaması olmalıdır.Cinayətkar Ermənistandırsa, Rusiya bu işdə ona ortaqdır. Dmitri Peskovun açıqlamasında görürük ki, bununla bağlı müdafiə nazirləri arasında danışıqlar gedir. Məsələ ilə bağlı Azərbaycanın qəti mövqeyi var. Bu isə onu göstərir ki Rusiyaya etibar etmək olmaz.

- ANAMA Şuşada “İsgəndər-M” raketinin qalıqlarını tapdığını elan etdi və rəsmi fakt ortaya qoyuldu. Necə düşünürsünüz 44 günlük müharibə zamanı “İsgəndər”dən Ermənistan istifadə edib ?

- Ermənistan “İsgəndər”dən müharibə zamanı da istifadə edib. Nəzərə alsaq ki, Rusiyanın Gümrüdə yerləşən 102 bazasında “İsgəndər” raketinin saxlanması Rusiya rəsmiləri tərəfindən açıq şəkildə bildirilib. Ermənistan bu raketlərdən istifadə edib. Hansı forma ilə əldə etdiklərinin fərqi yoxdur. Hətta Rusiyanın “Kommersant” qəzeti “İsgəndər”in Ermənistana verilməsi ilə bağlı etiraf edib və hadisələr Paşinyanın etirafı ilə başlayıb. Paşinyanın etirafından sonra Rusiyaya meyilli qüvvələrin ciddi təsiri oldu. Ermənistan cəmiyyəti açıq-aydın raketin atılması ilə bağlı təqdimatlar edir və hətta qürur da duyurlar. Raketlərin bilərəkdən məhz Şuşaya atılması onu göstərir ki, Ermənistan tərəfi açıq təxribat etmək istəyir. Nəticədə Ermənistan Rusiya Azərbaycan arasında da qarşıdurma yaranmasını istəyir. Rusiyanın mütləq açıqlama verməsi lazımdır. Əgər Rusiya bu məsələyə aydınlıq gətirməsə yəqin ki, beynəlxalq ictimaiyyət tərəfindən ciddi etirazla, narazılıqla qarşılanacaq ki, bu tip silahların verilməsi olmaz. Bu tipli silahların istifadə olunması müəyyən mənada sanksiyaların da olmasına gətirib çıxarır.

- Bəs niyə hələ də beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı bir hesabat və ya sənəd ortaya qoymayıblar ki, Azərbacanın haqlı mövqeyini müdafiə etsinlər?

- Erməni soyqırımı Xocalı soyqırımından daha çox tanınır. Bu isə ikili standartların göstəricisidir. Erməni lobbisi və Ermənistan yalanları yedizdirməyi bacarır. Nəzərə alsaq ki, 30 il davam edən münaqişədə ATƏT-in Minsk qrupunun 3 həmsədri var idi. Üçü də ən böyük lobbidir və ermənilərə məxsus idi. Erməni lobbisi həmin dövlətlərin daxili işlərinə qarışır və siyasi mühitinə təsir etmək imkanı yaranır. Qeyd edim ki, həmin dövlətlər ikili standarta getməyi daha çox üstün tuturlar.

- Ermənistanın sabiq prezidenti Robert Köçəryanın yenidən hakimiyyət gəlmə ehtimalı varmı və bu məqamda Paşinyan və eks-prezidentlər arasında hansı münaqişələr baş verə bilər?

- Ermənistanda Qarabağ və Ermənistan klanı mövcuddur. Qarabağ klanı Rusiyanın tabeliyindədir və Rusiyada müəyyən dairələr ilə bərabər müntəzəm şəkildə hərəkət edirlər. Klanın başında Robert Köçəryan durur və onun atdığı addımlar Rusiyanın müəyyən dairələrinin maraqlarına cavab verir. Növbəti dövrdə Ermənistanda Robert Köçəryanın hakimiyyətə gəlməsi mümkün görünmür. Çünki mövcud erməni cəmiyyəti Dağlıq Qarabağ klanının hakimiyyətə gəlməyini istəmir. Erməni cəmiyyəti Paşinyanı sevmir, lakin onlar mövcud vəziyyətdə pis və ən pis arasında seçim edəndə pisi seçirlər. Bundan sonrakı mərhələdə Paşinyanın qalib gəlmə ehtimalı daha genişdir. Paşinyan müxalifət namizədlərinin çox olmasını istəyir. Səbəbi isə budur ki, səs parçalansın və qalib gəlmə imkanı artsın.

Rusiya üçün önəmli deyil ki, bugun Ermənistanda kim hakimiyyətdədir. Çünki Ermənistan hər bir şəkildə Rusiyanın vassalıdır. Bir dövlət digər dövlətin iqtisadiyyatını tam əlinə alıb və hərbi birləşmələrini orda yerləşdirirsə və cəmiyyətə nufuz etməyə çalışırsa bu o deməkdir ki, həmin dövlət artıq vassalığı qəbul eləmiş dövlətdir. Bu şəkildə Rusiya öz istəklərini daha rahat şəkildə çatdıra bilir. Lakin nəzərə çatdırım ki, ABŞ-ın ən böyük ikinci səfirliyi Ermənistandadır və səfirliyin iki mindən artıq əməkdaşı var. Nəticədə isə biz görürük ki, burada Rusiya ilə yanaşı ABŞ-ın da Qərbi Avropa dövlətlərinin də marağı var. Əvvəl Rusiya burada tək idi və öz dominantdığını göstərirdi. Lakin indiki şəraitdə digər dövlətlərin də marağının olması toqquşma yaradır və Rusiyanı sıxışdırır.

- II Qarabağ müharibəsindən sonra Ermənistanın məğlub olub kapitulyasiya imzaladıqdan sonra Nikol Paşinyan və onun siyasi qüvvəsi hələ də dəstəklənirmi ?

- Ermənistan cəmiyyəti seçim məcburiyyətində qalırlar. Qarşıdakı seçimlərdə üç namizəd Robert Köçəryan, Vazgen Manukyan, Nikol Paşinyan var. Erməni cəmiyyəti 4-cü bir namizəd görmürsə məcburdur ki, bu seçimlər arasından birin etsin və nisbətən daha uyğununu seçsin. Lakin bu vəziyyətdə erməni cəmiyyəti Paşinyanı Robert Köçəryandan daha üstün tutur. Çünki Robert Köçəryan 2008-ci ildə xalqa qarşı silah istifadə etdi. Buna görə erməni cəmiyyəti vəziyyətə uyğun davranmağa çalışır.

- Rusiya Ukrayna yaxınlığına hərbi qüvvələrini yığmaqda davam edir. Moskva bu dəfə Xəzər Donanmasının döyüş gəmilərini Qara dənizə göndərib. Baş verənlər nə ilə nəticələnə bilər?

- Türkiyə-Rusiya münasibətləri siyasi, təhlükəsizlik, əməkdaşlıq və s. üzərinə qurulub. Türkiyə məsələnin əvvəlindən deyib ki, Krımın ilhaqını qəbul etmirəm. Yəni Krım Ukraniyanın suverenliyi altında olan ərazidir. Buna baxmayaraq Türkiyə ilə Rusiya arasında iqtisadi sahədə əməkdaşlıq mövcuddur. Bu gün Suriyada Türkiyə ilə Rusiya arasında müəyyən bir razılaşma əsasında stabillik yaranıb. Həmçinin Liviya və Qarabağda bu daha açıq bir şəkildə görsənir. Lakin son dönəmlərdə Rusiya və Türkiyə münasibətlərinin pisləşməsi Zelenskinin Ankaraya səfəri və 20 maddəli bəyanatın imzalanması ilə bağlıdır. Təbii ki, Türkiyə və Ukraynanın yaxınlaşması Rusiya üçün xoşagəlməz haldır. Çünki Türkiyənin əlində daha böyük "kozr" olması deməkdir. Lakin bu məsələnin Dağlıq Qarabağa təsiri olması imkanları bizim düşündüyümüz qədər deyil. Rusiya ilə Türkiyə arasında razılıq əldə olundu və Azərbaycanın Ağdam şəhərində sülhməramlıların Birgə Monitoriq Mərkəzi yaradıldı. Rusiya yaxşı bilir ki, vəziyyəti sıxışdırsa Türkiyə burada hərbi baza yarada bilər. Bu səbəbdən Rusiya çalışır ki, daha ehtiyatlı davransın və Türkiyənin damarını basmasın. Rusiya bilir ki, Türkiyə dediyi sözü edir.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə