BMT Azərbaycanla tərəfdaşlığını yüksək qiymətləndirib

BMT-nin rezident-koordinatoru Vladanka Andreyeva Azərbaycan hökumətinə əməkdaşlığa sadiqliyinə görə minnətdarlığını bildirib. SİA xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Davamlı əməkdaşlığa görə Azərbaycan hökumətinə, eləcə də BMT-nin Azərbaycandakı ofisindəki fədakar komandama və regional və qlobal təşkilatlardakı həmkarlarıma minnətdaram, onların peşəkarlığı və komanda ruhu məni hər gün ilhamlandırır", - o qeyd edib.

Andreyevanın sözlərinə görə, Bakıda BMT Gününün qeyd olunması BMT-nin 80 illik yubileyi və 2026-2030-cu illər üçün yeni Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin imzalanması ilə üst-üstə düşdüyü üçün həqiqətən xüsusi bir hadisə olub.

"Belə anlar mənə dialoqda, etimadda və davamlı müsbət dəyişikliklər yaratmaq üçün ortaq öhdəlikdə komanda işinin gücünə niyə bu qədər çox inandığımı xatırladır", - rezident-koordinator vurğulayıb.

Qeyd edək ki, oktyabrın 24-də Azərbaycan hökuməti və BMT arasında 2026-2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb. Sənəd sosial-iqtisadi artımın və insan kapitalının inkişafı, ekosistemlərin davamlılığı və səmərəli "yaşıl keçid"in təşviqi kimi əsas istiqamətləri əhatə edir. Azərbaycan tərəfindən sənədə iqtisadiyyat naziri Mikayıl Cabbarov imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə