Rusiya SM-ı Xocalıda “parad” təxribatı törətsələr... TƏRS BAXIŞ+AKTUAL

Hər şey anidən dəyişə və söz yox ki, hadisələr bir daha Azərbaycan xalqının, dövlətinin maraqlarına cavab verən sonluqla nəticələnə bilər!

Rusiyanın Qarabağda yerləşdirilən sülhməramlı kontingentinin onların üzərlərinə düşən missiyalarından kənar daha bir əks addımları məlum olub. SİA xəbər verir ki, Rusiyanın müdafiə nazirliyinin rəsmi saytında mayın 9-da faşizm üzərində Qələbə günü ilə bağlı hərbi paradın keçiriləcəyi bildirilir. Hətta hərbi keçidlə bağlı məşqlər də aparılıb.

Lakin bununla yanaşı, məlum olan daha bir qəbuledilməz məsələ paradın Xocalı şəhərində keçirilməsi planı ilə bağlıdır. Həmin Xocalıda ki, 1992-ci ilin fevralında məhz bu şəhərdə erməni silahlı birləşmələri, eləcə də Rusiyanın 366-cı alayının hərbçiləri tərəfindən azərbaycanlılara qarşı amansız divan tutulub, soyqırımı aktı törədilib. Ümumiyyətlə, Xocalı şəhərində sülhməramlılıq missiyasına aidiyyatı olmayan bu kimi tədbirin keçirilməsi bilavasitə Azərbaycan xalqına, xalqın milli heysiyyatına, hisslərinə qarşı nümayiş etdirilən hörmərsizlikdir. Çünki 29 il əvvəl məhz həmin şəhərdə ana-bacılarımızın, körpələrimizin, nənə və babalarımızın, ata və analarımızın ah-nalələri göylərə ucaldı, nəşləri o torpağa düşdü, qanları o torpaqda axıdıldı. Və bu gün rus sülhməramlıları orada təntənəli parad keçirəcəklərsə, onların çəkmələri Xocalı şəhidlərinin sümükləri üzərində tappıldayacaq!

Üçtərəfli bəyanatdakı müddəaların pozulmasından tutmuş digər məsələlərə qədər hər şey qeydə alınmaqdadır

Əgər bu gün Rusiya sülhməramlıları alman faşizmi üzərində qələbə bayramlarını etmək istəyirlərsə, bu zaman hələ də yanlarında əl-qollarını sallaya-sallaya gəzən, genlərində terrorçuluq, faşizm kodları daşıyan Xocalı qatillərinin saxlanılaraq qanun mühakiməsinə çıxarılmalarını təmin etməlidirlər. Çünki faşizm elə faşizmdir və ona tərəf laqeyd baxmaq deyil, əksinə, mübarizə aparmaq lazımdır. Rus SM-ı isə bunu etmirlər, elə birinci Qarabağ müharibəsi dövründə çiyin-çiyinə bizə qarşı döyüşdükləri terrorçuları, sözün əsl mənasında, var qüvvələri ilə himayə etməklə məşğuldurlar. Üçtərəfli bəyanatdakı müddəaların pozulmasından tutmuş digər məsələlərə qədər hər şey qeydə alınmaqdadır. Cənab Ali Baş Komandanımız, Müzəffər Sərkərdəmiz İlham Əliyev də dəfələrlə etdiyi çıxışlarına, irəli sürdüyü bəyanatlarında vurğulayıb ki, orada, yəni Qarabağda sülhməramlıların nəzarəti altındakı ərazilərdə baş verən hər bir hadisə, hər bir olay detallarına qədər qeydə alınır və məlumdur. Parad məsələsi isə daha dəqiq desək, Azərbaycan xalqına qarşı hazırlanan böyük təxribatın əsas hissəsidir!

Sülhməramlılar və onların Kremldəki idarəçiləri unudublar ki...

Beləliklə, qeyd edə bilərik ki, rus SM-ı dəfələrlə (!) üzərlərinə götürdükləri öhdəliklər çərçivəsində fəaliyyət göstərməyiblər. Əgər onlar Xocalıda parad keçirəcəklərsə, ən böyük və ən ağır səhvə yol vermiş olacaqlar.

Bəlkə də bu kimi məsələdə, yəni istər Xocalı kimi həssaslığımız faktorunda, istərsə də Azərbaycanın suveren ərazisində belə bir tədbir keçirmək məqsədi Kreml üçün adi bir haldır, amma ölkəmiz üçün, xalqımız üçün əsla yolverilməzdir.

Digər tərəfdən, sülhməramlılar və onların Kremldəki idarəçiləri unudublar ki, onlar hansısa mübahisəli ərazilərdə deyil, beynəlxalq aləm tərəfindən Azərbaycanın ayrılmaz ərazisi kimi tanındığı məkanda - Qarabağda sözügedən tədbiri keçirmək niyyətindədirlər və Azərbaycan onun ünvanına qarşı belə bir münasibətə heç də dözümlü yanaşmayacaq.

Xocalıda, eləcə də digər ərazilərimizdə hərbi parad keçirmək hüququna isə yalnız Azərbaycanın şanlı Silahlı Qüvvələri malikdirlər və bu gün belə bir təxribatları ilə suyu bulandırmağa cəhdlər göstərən sözdə sülhməramlılar həmin gerçəkliyi dərk etməlidirlər. Əks halda, hər şey anidən dəyişə və söz yox ki, hadisələr bir daha Azərbaycan xalqının, dövlətinmin maraqlarına cavab verən sonluqla nəticələnə bilər!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə