Prezidentimiz liderlik və intellektual potensialını bir daha ortaya qoydu - ŞƏRH ÖZƏL

“Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda üç saat ərzində çıxış etdi. Cənab Prezident konfrans çərçivəsində bir çox məsələlərə aydınlıq gətirdi, yenə də səbir və təmkinlə sualları cavablandırdı. Konfrans Azərbaycan və region üçün hal-hazırki reallıq, bundan sonrakı mərhələ haqqında məlumat vermək üçün geniş auditoriya və səmərəli fürsət idi. Müharibənin səngərdə bitib, lakin informasiya məkanında hələ də davam etdiyini nəzərə alsaq ölkə başçımız aparılan dezinformasiya kampaniyasına tutarlı faktlarla cavablar verdi. Beləliklə də, dünyanın siyasi mənzərəsi haqqında fikir formalaşdıran müxtəlif ölkələrin beyin mərkəzlərinin, xeyli sayda açıq düşüncəli insanlarının və beynəlxalq aləmin qarşısında ölkə başçımız hər zaman olduğu kimi liderlik və intellektual potensialını bir daha ortaya qoydu. Artıq müharibədən sonra vəziyyət dəyişib. Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır. Aparıcı ekspertlərin bir araya gəlib yaranmış yeni reallıq və bundan sonraki inkişaf və əməkdaşlıq haqqında, Azərbaycanın bu məsələ barədə dəqiq və konkret mesajlarının, istəklərinin və real addımlarının, gözləntilərinin nələrdən ibarət olduğu haqqında məhz birinci şəxsin dilindən cavablar eşitməsi olduqca mühüm əhəmiyyət kəsb edir”. Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Siyasi ekspertin sözlərinə görə, konfransda verilən cavablar bir daha göstərdi ki, Azərbaycan sülhün bərqərar olmasında nə dərəcədə qətiyyətlidir: “Bununla yanaşı, konfransdan öncə iştirakçıların Ağdama aparılaraq onlara əyani şəkildə məhv edilmiş ərazilərin göstərilməsi qarşı tərəfin müharibə zamanı və sonrakı periodda məqsəd və məramının dəqiq görülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün dünya artıq Ermənistana başa salmalıdır ki, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərini qəbul etsin. Ermənistan bu reallığı dərk edərsə udacaq, yoxsa əksini iddia edərsə itirməyə davam edəcək. Konfrans sosial şəbəkələrdə yerli ictimaiyyət tərəfindən, beynəxalq media tərəfindən də izlənildi. Bu gün dünyanın gözü Azərbaycandadır. Həm döyüş meydanında, həm də informasiya məkanında öz sözünü deyən Azərbaycan bundan öncə yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında da bütün dünyanı yaxşı mənada təəcübləndirmişdi. Eyni vəziyyəti bu konfransda da gördük. Əgər müharibədən sonra Azərbaycanın mövqeyi haqqında beyinlərdə xırda da olsa sual qalmışdısa, indi bütün o qaranlıq məqamlara da aydınlıq gətirildi. Ölkə başçımızın istənilən mövzuda sualı təmkin, diplomatik məharət, faktlarla şərh etməsi artıq dünyada Azərbaycan haqqında olduqca müsbət imic formalaşdırıb. Aparıcı beyin mərkəzlərinin təmsilçilərinin Azərbaycana olan marağı, sualları göstərir ki, indi beynəxlaq aləm bizim yaratdığımız reallığı yaxından izləyir. Azərbaycan liderinin istər bir siyasətçi kimi siyasi iradəsi, istərsə də bir insan kimi bütün müsbət şəxsi keyfiyyətləri elə Azərbaycan xalqının özünün imici haqqında dünyada olduqca müsbət imic formalaşdırır”.

Politoloq qeyd edib ki, Azərbaycan özü öz taleyinin qurucusu, yaradıcısıdır: “Müstəqil siyasət yürüdən, Azərbaycan xalqının milli maraqlarını əlində məşəl tutaraq hər keçən gün onun haqq səsini dünyada daha da ucaldan şəxs isə Ümummilli liderin Heydər Əliyevin siyasi xəttini daha da inkişaf etdirən cənab İlham Əliyevdir. Qeyd olunduğu kimi tədbirə maraq ölkə daxilində və xaricdən idi. Xalqımız əmindir ki, Azərbaycanı dünyanın etibarlı tərəfdaşı mərtəbəsinə qaldıran, onu müstəqil xarici siyasət yeridən bir dövlət kimi tanıdan cənab İlham Əliyev Azərbaycanın mövqeyini bir daha milli maraqları əsas tutmaqla diqqətə çatdırdı. Azərbaycana olan müsbət münasibət bir daha göründü. Bu baxımdan da xalq da sosial şəbəkələrdə yenə həmrəylik nümayiş etdirdi. Dünya Azərbaycanın nə qədər həmrəy, öz liderinin ətrafında hər keçən gün daha da möhkəm birləşdiyinin şahidi oldu. Bu birlik isə sarsılmazdır. Azərbaycan xalqı əmindir ki, ölkə başçımız cənab İlham Əliyev xalqımızın alternativsiz lideri, onun milli maraqlarının hamisidir. Azərbaycan yeni reallığı yaradıb, bunu Ermənistan da qəbul etməlidir. Azərbaycan sülhə hazırdır. Əslində cənab Prezident «Ermənistan öz statusuna aydınlıq gətirməlidir» deyərkən ötürdüyü mesajlar bir tərəfdən Ermənistanda olan indiki revanşist dairələrə idisə, digər tərəfdən həm də onları himayə edənlərə idi. Bəli, ölkə başçımız yenə də əsas tutduğu hücum diplomatiyası ilə Ermənistana və lazımı dairələrə, lazımı mesajları ötürdü. Artıq Azərbaycan əvvəlki Azərbaycan deyil. Azərbaycan öz ərazi bütövlüyünü özü təmin edən, regionda yeni reallıq yaradaraq hər kəsi bununla razılaşmağa, barışmağa və hesablaşmağa məcbur edən ölkədir. Ölkə başçımız “İsgəndər-M” raketləri bağlı da yenə qətiyyət nümayiş etdirdi. Bu isə bir daha göstərir ki Azərbaycan cənab Prezident İham Əliyevin rəhbərliyi altında heç bir halda prinsiplərindən dönmür. Tarixə diqqət çəkən cənab Prezident bir daha xatırlatdı ki, Ermənistanın kimlərin əli ilə, kimin tarixi torpaqlarında, hansı məqsədlə yaradıldığını unutmasınlar. Bunların hamısı tarixi həqiqətdir. Bunun üçün isə ölkə başçımızın da qeyd etdiyi kimi XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir”.

İşğaldan azad edilmiş torpaqlarda yenidənqurma işləri haqqında da məlumat verən ölkə başçımız Azərbaycanın Qarabağda əsas infrastruktur layihələrinin üç il müddətində başa çatdırmasını hədəflədiyini, işğaldan azad edilmiş ərazilərin əsasən ölkə iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, o cümlədən nəqliyyat setorunda vacib yerlərdən birini tutacağını qeyd etdi: “Türkiyə, İtaliya, Böyük Britaniya kimi ölkələrin bu işlərdə yer alması bir daha göstərdi ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda əməkdaşlıq yaradaraq daha bir beynəlxalq uğura imza atdı. Qazandığımız qələbənin böyüklüyünü dünyanın aydın insanları da olduqca konkret ifadə edirlər. Belə ki, İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornelin fikirləri bu baxımdan olduqca düzgün və netdir. “Azərbaycanın böyük güclər arasında real və ya təsəvvürdə olan geosiyasi oyunların bir obyekti olmadığı, tam əksinə, öz hüququ olan bir güc olduğu sübuta yetirilib”- Ş.Həsənova vurğulayıb”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə