İslam dünyasi Azərbaycanı qələbə münasibəti ilə təbrik etdi

İslam dünyasi Azərbaycanı qələbə münasibəti ilə təbrik etdi

Prezident İlham Əliyev: “Təcavüzkar bizim torpaqlarımızdan qovuldu və indi bərpa vaxtıdır”

Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət daşıyır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra həmin dövrdə, erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan Azərbaycanın haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi vacib məsələlərdən idi. İslam Əməkdaşlıq Təşkilatı torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul edib. İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr Azərbaycanın haqq işini hər zaman dəstəklədiyini göstərir.

İƏT AZƏRBAYCANLA HƏMRƏYLİK NÜMAYİŞ ETDİRİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən İslam Əməkdaşlıq Təşkilatı və Azərbaycan arasında əməkdaşlığın inkişafına verdiyi müstəsna töhfəyə görə onu Azərbaycanın dövlət ordeni – "Dostluq" ordeni ilə mükafatlandırıb. İƏT ilə Azərbaycan arasında əməkdaşlıq davamlı xarakter alıb və hər zaman, çətin anlarda Azərbaycanın yanında olub. Dövlət başçısı Azərbaycan və Ermənistan arasında münaqişənin həll olunması ilə bağlı Azərbaycana davamlı dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə minnətdarlığını ifadə edib. Həmişə olduğu kimi, son illərdə baş verən hadisələrdə də İƏT-in Azərbaycanla həmrəylik nümayiş etdirməsi də diqqətdən kənarda qalmadı. 2019-cu ilin 19 sentyabr tarixində Ermənistanın Baş naziri Nikol Paşinyanın işğal olunmuş ərazilərimizə qeyri-qanuni səfəri və orada səsləndirdiyi təxribatçı bəyanatları ilə bağlı İƏT-in Baş katibi adından təşkilatın rəsmi internet səhifəsində "OIC Secretary General Expresses Deep Concern over the Recent Statement of Armenian Prime Minister on Nagorno-Karabakh" başlıqlı bəyanat dərc edildi. 2020-ci ilin 31 mart tarixində ölkəmizin işğal olunmuş ərazilərində keçirilən qondarma "seçkilər"lə əlaqədar İslam Əməkdaşlığı Təşkilatı "İƏT işğal olunmuş Dağlıq Qarabağda seçkilərin keçirilməsini rədd edir" başlıqlı bəyanatla çıxış etdi. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumunu, atəşkəsi pozmasını, nəticədə azərbaycanlı əsgərlərin həlak olmasını və yaralanmasını kəskin şəkildə pisləyən bəyanat da yaydı.

İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Ermənistan silahlı qüvvələrinin 2020-ci il oktyabrın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əldə olunmuş humanitar atəşkəs razılaşmasını pozması və bunun nəticəsində bir çox mülki şəxsin həlak olması və yaralanması ilə bağlı narahatlığını ifadə edərək bununla bağlı yaydığı açıqlama da ölkəmizlə həmrəyliyinə əsaslanır. Açıqlamada İƏT-in qətnamə və qərarlarını, həmçinin BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrini xatırladaraq, iki ölkə arasında münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında siyasi yolla həllinə çağırırmışdı.

"BİZİM ŞƏHƏRLƏRİMİZ BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ ƏRZİNDƏ DEYİL, SONRADAN İŞĞAL DÖVRÜNDƏ DAĞIDILIB"

2020-ci ilin 27 sentyabr tarixindən etibarən Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsi qələbəmizlə başa çatdı. Cənab Prezident "44 günlük müharibə Azərbaycan torpaqlarının 30 il davam edən və bir milyondan çox azərbaycanlının iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğalına son qoydu" deyərək bildirib ki, indi əcnəbi jurnalistlər və diplomatlar işğaldan azad olunmuş ərazilərə səfər edəndə onlar görürlər ki, ermənilər hər şeyi dağıdıblar: "Bütün şəhərlər, bütün kəndlər, tarixi və dini məkanlar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Çünki dəfələrlə dediyim kimi, bizim şəhərlərimiz Birinci Qarabağ müharibəsi ərzində deyil, sonradan işğal dövründə dağıdılıb. Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi. Mən bilirəm ki, səfirlər, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kontakt qrupun üzvləri bu yaxınlarda işğaldan azad edilmiş ərazilərə səfər ediblər və bunu öz gözləri ilə görüblər. Onlar açıq bəyanatlar veriblər və biz buna görə çox minnətdarıq".

İşğaldan azad olunmuş qədim tarixi torpaqlarımızda Ermənistanın hərbi birləşmələri yaşayış yerlərini, insan məskənlərini, eləcə də milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri qalmışdı. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də düşmən tapdağı idi.

"BİZİM ATDIĞIMIZ ADDIMLAR HAQQ İŞİ İDİ, BEYNƏLXALQ HÜQUQA, BMT-NİN NİZAMNAMƏSİNƏ, ÖZÜNÜMÜDAFİƏ HÜQUQUMUZA VƏ ƏDALƏTƏ ƏSASLANIRDI"

Bildiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi İslam irsinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağda və ətraf rayonlardakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlığını bildirmişdi. Bu haqda İƏT-in yaydığı bəyanatda, maddi və mənəvi dəyərlərin, xüsusən Qubadlı rayonunun azad edilmiş Məmər kəndindəki məscidin qəsdən dağıdılması və talan edilməsi, tarixin mənimsənilməsi və saxtalaşdırılması təcavüz siyasətinin bariz sübutu olduğu göstərilirdi. Bəyanatda o da qeyd olunurdu ki, işğal olunmuş ərazilərdə əsrlərboyu qalmış dini-mədəni irslərdən sui-istifadə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən "Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası"nın və 1954, 1999-cu il protokollarının açıq şəkildə pozulmasıdır. Xarici işlər nazirləri Şurasının 46-cı iclasında İƏT "İslamın müqəddəs yerlərinin qorunması haqqında" 3/46-S saylı Qərar qəbul edib. Qərarda erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasında İslama aid tarixi və mədəni irsin tamamilə məhv etmək məqsədi, barbar hərəkətləri pislənilmişdi.

Ermənilərin bu əməli "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyası və "Silahlı münaqişələr zamanı mədəniyyət abidələrinin qorunması haqqında" Avropa Konvensiyasına tam ziddir. Onların etdikləri "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyası, UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" 1972-ci il Konvensiyası ilə də ziddiyyət təşkil edir.

Artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edib, tarixi ədalət bərpa olunub. Cənab Prezidentin vurğuladığı kimi, bizim atdığımız addımlar haqq işi idi, beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququmuza və ədalətə əsaslanırdı: "Biz ədaləti bərpa etdik. Təcavüzkar bizim torpaqlarımızdan qovuldu və indi bərpa vaxtıdır. Lakin bu, vaxt aparacaq. Çünki əlbəttə ki, ən böyük problem minalardır. Müharibə bitəndən sonra bizdə artıq onlarla itki olub, o cümlədən minalardan ölənlər olub. Ermənistan bizə minaların xəritəsini verməyib. Bu, daha bir müharibə cinayətidir. Çünki bunu etmək onların borcudur. Lakin müharibənin artıq aylardır bitməsinə baxmayaraq, onlar azərbaycanlılara qarşı bu siyasəti davam etdirirlər. Lakin biz lazım olan hər şeyi edəcəyik".

Təbii ki, beynəlxalq hüquq Azərbaycanın tərəfində idi, İslam Əməkdaşlıq Təşkilatı ölkəmizin yanında idi. Bu gün dövlət başçısının müdrikliyi və təmkinliyi, iradəsi nəticəsində Azərbaycan 30 ilə yaxın işğalda qalan ərazilərin erməni təcavüzkarlarından azad edib. Azərbaycan abadlıq-quruculuq işlərinə başlayıb.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə