Erməni hərbçisi: “Bizi istənilən zaman ələ keçirə bilərlər” ATƏŞ XƏTTİ

“Gorusdan elə də uzaq olmayan Xnatsax kəndinin qarşısında hərbçilərin qoruduğu kiçik erməni mövqesi qalıb. Onlara isə yerli sakinlər, Qarabağ müharibəsinin veteranları, bu mövqenin həyatı əhəmiyyəti yaxşı anlayan könüllülər kömək edirlər”. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti sözügedən ərazidəki reportajında yazır və qeyd edir ki, haqqında bəhs edilən mövqe hər tərəfdən Azərbaycan Silahlı Qüvvələri ilə əhatəyə alınıb.

Erməni silahlılarından birinin dediyinə görə, əgər rəqəmlərlə ifadə olunmazsa, güclərin fərqi belədir ki, düşmən (azərbaycanlıları nəzərdə tutur-red.) onlarla müqayisədə kifayət qədər üstündür.

“Bura faktiki olaraq bizim sərhəddir, biz buranı mühafizə edirik, ancaq onlar (Azərbaycan Ordusu-red.) istənilən zaman bizi ələ keçirə bilərlər. Biz həlqədəyik”, deyə erməni hərbçisi bildirib və deyib ki, ətrafa baxarkən uzağı yüz metrdən sonra Azərbaycan bayrağını görmək olar. O, inandırmağa çalışıb ki, nə o, nə də digərləri əyinlərindəki hərbi formanı bir dəqiqəliyə olsa belə çıxarmırlar.

“Biz, belə demək mümkündürsə, blokadadayıq. Əgər formamızı çıxararsaq onlar (azərbaycanlılar-red.) bizə hücum edib əsir götürə bilərlər”, deyən erməni əslində qabaqdangəlmişlik göstərərək iddia edib ki, əsir düşsələr onlar terrorçu kimi tanınacaqlar.

Əgər sözügedən reportajdakı ifadələri nəzərdən keçirərsək belə hesab etmək olar ki, əslində son günlər erməni silahlılarının bu və ya digər şəkildə fəallaşmaları onların təxribatçı məqsədlərinin hələ də gündəmdə qalması ehtimallarını gücləndirir. Eyni zamanda erməni silahlıları yaxşı bilirlər ki, qanunsuzluq əməli törətsələr, cavabını çox ağır şəkildə almalı olacaqlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə